backend

Həkim-cərrah: "Əməliyyat stolunda xəstə ölə də bilər"

Həkim-cərrah: "Əməliyyat stolunda xəstə ölə də bilər"


























4 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlı şikayət var

Bütün dövrlərdə və zamanlarda həkimlik peşəsi ən müqəddəs peşə hesab olunub. Sənətini yaxşı bilən, Hippokrat andına sədaqətli olan həkimlər insanların sağlamlığının keşiyində ləyaqətlə dayanıblar. Belə peşə sahibləri el arasında "el anası" adı kimi yüksək titula layiq görülürlər. Bu adı daşımaq şərəf və məsuliyyət tələb edir. Bəzi hallarda bu məsuliyyəti dərk etməyənlər də olur. Redaksiyamıza daxil olan şikayət məktublarında həkimlərdən şikayətçi olan insanların fikirlərini oxuyub, nəticə çıxardıqda, heç də bütün həkimlərin Hippokrat andına sədaqətli olmadıqları ilə yanaşı, öz məsuliyyətlərini dərk etmədikləri də məlum olur.

Dərdini redaksiyamıza ünvanladığı şikayət məktubunda ağrılı formada ifadə edən Füzuli rayonundan qaçqın düşən, Xırdalan şəhəri Ruhulla Axundov küçəsində qaz idarəsinin həyətində məskunlaşan Əliyeva Sevinc Sərxan qızının şikayət məktubunda qeyd olunan fikriləri oxuduqda, həqiqətən də bütün həkimlərin öz peşəsinə sədaqətli olmadıqları üzə çıxır. Şikayətçinin qeyd etdiyinə görə, öd kisəsində və qrıjasında yaranan ağrılarla əlaqədar 4 saylı Şəhər Klinik Xəstəxanasında həkim-cərrah Yunus Həsənovun qəbulunda olub: "Həkim-cərrah məni müayinə etdi, müəyyən analizlər verdim. Analizin cavabında öd kisəmdə daş, qrıjada isə yırtıq olduğu məlum oldu. Həkim-cərrah əməliyyat edilməsinin vacibliyini bildirdi. Bunun üçün ödənişin edilməsini də qeyd etdi".

Sevinc Əliyeva qeyd edir ki, tələb olunan vəsaiti ödəsə də, sağlamlığının təminatını əldə edə bilməyib: "2014-cü ilin fevral ayında əməliyyat olundum. Amma əməliyyatdan sonra yaramdan çirk axdı. Bu barədə Y.Həsənova müraciət etdikdə, o, 2014-cü ilin sentyabr ayında yenidən məni əməliyyat etdi. Təəssüf ki, onun qeyri-peşəkarlığı gözlənilən nəticəni vermədi. Ağrılar davam edir və yaramdan çirk axır".

Şikayətçi o fikri də vurğuladı ki, müayinə və əməliyyat üçün ümumilikdə 4000 manat pul xərcləyib: "O, mənim sağlamlığıma ciddi ziyan vurub və maddi zərər də verib. Hər dəfə Yunus Həsənova bu barədə şikayətimi çatdırdıqda, o, mənə "get kimə istəyirsən şikayət et deyir".

Qeyd etmək yerinə düşər ki, S.Əliyevanın şikayəti əsasında prokurorluq orqanları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 maddəsinə əsasən Y.Həsənov haqqında cinayət işi qaldıra bilərlər. Həmin Cinayət Məcəlləsinin tələbinə görə, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada etməməsi, ehtiyatsızlıq nəticəsində zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 5 ilədək azadlıqdan məhrum edilə bilər. Eyni zamanda, zərərçəkmiş şəxsin məhkəməyə müraciət edərək həkimdən maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var.

Sevinc Əliyevanın şikayətinə istinadən, onu qeyd etmək lazımdır ki, zərər çəkən dəfələrlə həkim-cərrah Y.Həsənova ağrılarının hələ də davam etdiyini və çirk axdığını bildirib. Amma Hippokrat andını içmiş həkim Y.Həsənov S.Əliyevanın müraciətlərinə cavab verməyib. Bu yerdə qanunvericiliyə istinadən demək olar ki, həkim cinayət məsuliyyətinə cəlb olunub, 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 142-ci "Xəstəyə kömək göstərməmək" maddəsinə görə, həkimin xəstəyə kömək etmədiyi əməli sübuta yetirilərsə, həmin həkim 3 il azadlıqdan məhrum edilməklə yanaşı, həkimlik fəaliyyətindən də məhrum edilir.

Bitərəf mövqe tutduğumuzu növbəti dəfə nümayiş etdirərək, S.Əliyevanın ittiham etdiyi və hazırda Bakı Sağlamlıq Mərkəzinin həkim-cərrahı olan Y.Həsənovdan münasibət öyrənməyə çalışdıq. Bu həkim gül ağzını açıb, söhbətimizin əvvəlindən axırına qədər gül vurdu: "S.Əliyevanın ittihamları əsassızdır. Onun burnundan gəlsin, bizim ona etdiklərimiz. Pulsuz-parasız onu əməliyyat etmişik. O, Səhiyyə Nazirliyinə də şikayət edib. Nazir Oqtay Şirəliyevin tapşırığı ilə Moskvadan həkim Bakıya gəlib, Sevinc Əliyevanı əməliyyat edib".

"Şəxsən siz, iki dəfə onu əməliyyat etmisiniz. Amma hər iki əməliyyat uğursuz olub. Bu, nədən irəli gəlir" sualımıza cavabında Y.Həsənov bildirdi ki, hər kəs səhv edə bilər, bundan təəccüblənməyə dəyməz: "Əməliyyat stolunda xəstə ölə də bilər. Ola bilsin əməliyyatda diri də qalsın. Bu, baxır vəziyyətə".

Y.Həsənov zərərçəkmişin ünvanına təhqiramiz ifadələri çox səsləndirdiyindən onunla telefon danışığımızı bitirmək məcburiyyətində qaldıq. Bitirdik ki, Səhiyyə Nəzirliyindən daha ciddi və vətəndaşa hörmət ruhunda cavab alaq. Bu barədə növbəti sayımızda.