backend

Son 5 il ərzində 4 dəfə rəisi dəyişdirilən qurumla bağlı müvafiq ölçü götürülməlidir

Son 5 il ərzində 4 dəfə rəisi dəyişdirilən qurumla bağlı müvafiq ölçü götürülməlidir


















Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi son illər ərzində bir neçə dəfə rəhbər dəyişikliyinə məruz qalıb.

Belə ki, 2010-cu ilin oktyabr ayında Hərbi Polis İdarəsinin rəisi, polkovnik Rövşən Məhərrəmov tutduğu vəzifədən azad edildikdən sonra onun yerinə polkovnik Bəbir Həsənov təyin olundu. Əməlləri ilə sələfinə rəhmət oxutduran Bəbir Həsənov da bu postda uzun müddət qala bilmədi. 2013-cü ilin oktyabr ayında müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə Bəbir Həsənov vəzifəsindən azad edildi, onun yerinə isə əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışmış polkovnik Füzuli Salahov təyin edildi.

Nəzərinizə çatdıraq ki, Füzuli Salahovun təyinatından sonra çoxları elə zənn edirdi ki, artıq dünənə qədər Hərbi Polis İdarəsində yaşanan neqativ hallara son qoyulacaq və idarə üzərinə düşən işi daha məsuliyyətli şəkildə icra edəcək. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı. Çünki o, Hərbi Polis İdarəsinə rəhbər təyin olunduqdan sonra bütün gücünü, enerjisini maraqlarının necə və hansı yollarla təmin olunması istiqamətində sərf edib. Yəni o, bir növ Bəbir Həsənovun yolunu davam etdirib. Füzuli Salahovun təyinatından sonra adıçəkilən idarədə vəziyyətin daha da kritikləşdiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, peşəkar kadrları öz yaxın qohum-əqrəbası ilə əvəzləyən polkovnik demək olar ki, rəhbərlik etdiyi sahəni sanki özünün idarəsinə çevirmişdi: "Deyilənlərə görə, Füzuli Salahov Müdafiə Nazirliyi sistemində çalışan yüksək rütbəli şəxslərdən biri ilə yaxın münasibətdə olduğundan Hərbi Polis İdarəsini ürəyi istədiyi kimi idarə edirdi. Belə ki, o, idarənin imkanlarından istifadə edərək özünə məxsus biznes şəbəkəsini daha da genişləndirməyə, daşınmaz əmlak alqı-satqısına xüsusi önəm verməyə başlamışdı. Məhz onun nöqsanlı fəaliyyəti nəticəsində Hərbi Polis İdarəsində çalışan peşəkar kadrlar gözümçıxdıya salınmışdı. Maraqlı məqam ondadır ki, Füzuli Salahov ötən ilin may ayında vəzfəsindən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyinə rəis təyin olundu. Onun yerinə isə vaxtilə Bakı şəhər Qarnizonunun Hərbi Polisinin rəisi olmuş və işdə yol verdiyi çox ciddi nöqsanlara görə ordu sıralarından uzaqlaşdırılmış polkovnik-leytenant Azad Ağayev təyin edilib". Bunun, yəni bir vaxtlar işində ciddi nöqsanlara yol verən, eyni zamanda ordu sıralarından kənarlaşdırılmış birinin Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə gətirilməsinin müəmmalı məqamlardan xəbər verdiyini deyə mənbənin sözlərinə görə, adıçəkilən idarənin bugünkü fəaliyyəti çoxsaylı neqativ hallarla müşaiyət olunur: "Diqqət yetirsəniz görərsiniz ki, bu gün paytaxtın müxtəlif istiqamətlərində nazirliyə məxsus minik və yük avtomobilləri hərəkət edir. Lakin onların bir çoxu yol hərəkəti qaydalarını kobud surətdə pozur, dayanmaq-durmaq qadağan olunan yerlərdə avtomobilləri saxlayır, hətta piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiləri belə, zəbt edirlər.

Bundan başqa, şəhərdə gəzişən əsgər və zabitlərin bir qismi müvafiq geyim formasının tələblərini pozduqları halda Hərbi Polis İdarəsi bu cür halları görməzdən gəlir. Halbuki idarənin əsas vəzifələrindən biri də əsgər, gizir və zabit heyətinin qaydalara əməl etmələrini təmin etmək, eyni zamanda hərbi avtomobillərin hərəkətinə nəzarət etməkdir. Lakin nədənsə qurum üzərinə düşən işi layiqincə icra etməkdə maraqlı görünmür. Yəqin Müdafiə Nazirliyinin rəhbərliyi bu məsələ ilə bağlı lazımi ölçü götürəcək və bundan sonra yaranmış problem öz həllini tapacaq".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



P.S. Növbəti sayımızda daha geniş məlumatlar dərc olunacaq.