backend

Əli İnsanov Elmi-Cərrahiyyə Mərkəzinin direktoruna hansı məsələlərdə yardımçı olub?

Əli İnsanov Elmi-Cərrahiyyə Mərkəzinin direktoruna hansı məsələlərdə yardımçı olub?














O, 90-a yaxın yaşı olmasına baxmayaraq, hələ də təqaüdə getmək niyyətində deyil

Əhali arasında "Eksperimentalni" kimi tanınan Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində yaşanan xoşagəlməz olaylar azalmaq əvəzinə hər ötən gün onların sırasına yeniləri əlavə olunur. Bunun isə məsuliyyəti birbaşa adıçəkilən tibb müəssisəsinin direktoru Böyükkişi Ağayevin və xəstəxananın baş həkimi Yusif Əliyevin üzərinə düşür. Çünki məhz onların nöqsanlı fəaliyyəti Elmi-Cərrahiyyə Mərkəzinin tibb personalı ilə yanaşı, xəstələrin və onların yaxınlarının ciddi narazılığına səbəb olur.

Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, "Eksperimentalnı"nın direktoru Böyükkişi Ağayev sabiq səhiyyə naziri Əli İnsanovun ən sabiq kadrlarından olub və bu gün də ona yaxınlığını gizlətmir: "Deyilənlərə görə, Əli İnsanovun səhiyyə naziri postunda çalışdığı dönəmlər Böyükkişi Ağayev üçün yaman düşərli olub. Çünki M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru məhz sabiq səhiyyə nazirinin zamanında rəhbərlik etdiyi xəstəxananın ərazisinin bir hissəsini özəllişdirməyə müvəffəq olub. Həmin vaxt müvafiq qurumlar bununla bağlı Böyükkişi Ağayevə irad tutsalar da, Əli İnsanovun məsələyə müdaxiləsindən sonra direktor məqsədini reallaşdırmağa müvəffəq olub. Ümumiyyətlə, o, hər zaman Əli İnsanovun ən sadiq kadrı kimi xarakterizə olunub və bu gün də söz düşəndə sabiq naziri durmadan tərifləyir, onunla Səhiyyə Nazirliyinin indiki rəhbərliyi arasında müqayisə aparır və sonda təbii, sabiq nazirin dövrünün daha uğurlu olduğunu qeyd edir". Əli İnsanovun bir çox məqamlarda Böyükkişi Ağayevə köməklik göstərdiyini, hətta bir neçə dəfə onu üzləşdiyi çətin və çıxılmaz vəziyyətdən xilas etdiyini deyən məlumatlı şəxs iddia edir ki, hazırda M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin tibb personalı rəhbərliyin göstərişinə əsasən 60-a yaxın dərman firması ilə "əməkdaşlıq" edir: "Deyilənlərə görə, mərkəzə müraciət edən xəstələrə məhz həmin firmaların dərmanları yazılır. Bu isə xəstələrin və onların yaxınlarının əlavə xərcə düşməsinə səbəb olur. Böyükkişi Ağayevə gəlincə, əslən Zərdab rayonundan olan direktor 90-a yaxın yaşı olmasına baxmayaraq, hələ də təqaüdə getmək niyyətində deyil. Bu arada, onunla bağlı maraqlı bir informasiyanı da diqqətinizə çatdırım ki, Böyükkişi Ağayevin əsl adı və soyadı Böyükbəy Məlikov olub. Lakin müəyyən səbəblər üzündən sonradan atası ad-soyadını dəyişərək Böyükkişi Ağayev olaraq yazdırıb. Bu məsələ hələ də çoxları üçün qaranlıq qalır…"

"Eksperimentalni"nin təsərrüfat şöbəsində cəmi beş nəfər işçinin olmasına baxmayaraq, əllidən çox adamın oradan məvacib aldığını qeyd edən mənbənin bildirdiyinə görə, Böyükkişi Ağayevin müəllifi olduğu tibbi kitablar məcburi qaydada mərkəzin əməkdaşlarına, hətta bir sıra digər dövlət xəstəxanalarının personalına satılır: "Həmin kitabları almayanlar isə müxtəlif formada cəzalandırılırlar. Görünür, sabiq səhiyyə naziri Əli İnsanovun nazirlikdə mühüm postlarda çalışan kadrları hələ də Böyükkişi Ağayevi yetərincə müdafiə edir, yeri gəldikdə ona himayədarlıq edirlər. Əgər belə olmasaydı, o zaman "Eksperimentalnı"də baş verən neqativ hallara dərhal reaksiya verilər və işində səhlənkarlığa rəvac verən şəxslər ciddi şəkildə cəzalandırılardı. İndiyədək bir dəfə də olsun bu cür mənzərənin şahidi olan olmayıb. Məsələn, ötən ilin may ayında İmişli şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı, anadangəlmə ürək-damar çatışmazlığından əziyyət çəkən Tənzilə Abbasovanın əməliyyatı üçün Elmi Cərrahiyyə Mərkəzində həkim işləyən Elnur İmanov tərəfindən 4000 manat pul istənildiyini bildirmişdi. Lakin nədənsə o zaman Səhiyyə Nazirliyinin yetkili şəxsləri bu məsələnin də üzərindən sükutla keçməyə qərar verdilər. Bu isə bir daha onu deməyə əsas verir ki, Böyükkişi Ağayev kimlərsə tərəfindən ciddi cəhdlə müdafiə olunur. Maraqlıdır, görəsən həmin şəxs kimdir?.."

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


(Ardı var)