backend

İtkin düşmüş və şəhid olmuş şəxslərin ailələri sığorta pulunu almaqda çətinlik çəkirlər

İtkin düşmüş və şəhid olmuş şəxslərin ailələri sığorta pulunu almaqda çətinlik çəkirlər















Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədovun fəaliyyəti normal qarşılanmır

Ölkəmizin sığorta sistemində aparılan ciddi islahatlara baxmayaraq, bu sahədə bəzi problemlər hələ də qalır. Son vaxtlar Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyəti barədə də şikayətlər xeyli artıb. Qeyd etmək lazımdır ki, 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. Bununla da SSRİ Dövlət Sığorta İdarəsi də dağıldı və Azərbaycan Dövlət Sığorta Şirkəti yaradıldı. 1992-ci ildə Azərbaycan Dövlət Sığorta Şirkətı olaraq adlandırıldı və "Azərsığorta" kimi fəalliyyətini davam etdirdi. Hazırda "Azərsığorta" respublikanın bütün ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir.

Ölkəmizdə 30-dan cox sığorta şirkəti və bir sıra xarici dövlətlərin broker və sığorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir ki, "Azərsığorta" şirkəti onlarla əməkdaşlıq edir. Şirkətin idarə heyətinin sədri isə Məmməd Məmmədovdur. Məlumat üçün bildirmək istəyirik ki, "Sığorta Mamed" kimi tanınan Məmməd Məmmədov 1941-ci ildə Tovuz rayonunda anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olub və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası alıb. 1966-cı ilin fevral ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləyib. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının prezidenti vəzifəsində çalışıb. 1993-cü ildən etibarən Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Dövlət Sığorta Kommersiya Şirkəti fəaliyyətini hələ də təkmilləşdirə bilməyib. Məhz buna görədir ki, şirkətlə bağlı şikayətlər tez-tez gündəmə gəlir. Məsələn, bir neçə ay əvvəl İmişli rayonu Cəfərli kənd sakini Quliyev Elbrus Pəsi oğlu mətbuata müraciət edərək şirkətin fəaliyyətindən narazılığını dilə gətirib. O özünə məxsus 99-GC-112 dövlət nömrə nişanlı "Lada 21703"" markalı avtomobillə 2014 cü il mart ayının 11-də Saatlı rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 51-ci km-də qəzaya düşüb: "Avtomobilə dəyən ziyan "ERA Trans" (kasko) və Dövlət Sığorta Kommersiya Şirkəti (icbari) tərəfindən ödənmir. Neçə vaxtdır ki, məhkəmələrin qərarına belə əməl etməyən sığorta şirkətləri tərəfindən süründürülürəm". Şirkətin fəaliyyəti ilə bağlı bu cür narazılıqların sayı-hesabı yoxdur. Deyilənə görə, Məmməd Məmmədovun rəhbəri olduğu şirkət sığortaçı kimi maliyyə imkanlarına malik olması, onun sığorta əməliyyatlarında iştirakını və onların rentabelliyinin qorunub saxlanmasında, risklərin aparılmasında lazımi imkanlar yarada bilmir. Buna görə də vətəndaşların yetərli hissəsi "Azərsığorta"nın fəaliyyətindən istənilən səviyyədə razılıq etmirlər. Xatırladaq ki, bir neçə il əvvəl "Sığorta Mamed"in adı mətbuatda daha tez-tez çəkilirdi. Belə ki, onun oğlu Əhməd Məmmədov vaxtilə mütəşəkkil cinayətkar dəstənin başçısı Hacı Məmmədovun qurbanlarından biri olub. Məlumata görə, Hacı Məmmədov onun oğlunun girovluqdan azad edilməsi üçün şirkət rəhbərindən 850 min manat pul alıb: "Hacı Məmmədovun qurbanları arasında "Sığorta Mamed" yeganə zərərçəkmişdir ki, banda başçısı ondan iki dəfə pul alıb. Əhməd Məmmədovun azad edilməsi üçün tərəflər arasında əldə olunan razılaşmadan sonra girovun yaxınları 1997-ci ildə dəstə üzvlərinə 400 min dollar pul veriblər. Lakin tələb olunan məbləğ veriləndən sonra da girovu sərbəst buraxmayıblar. Bundan sonra bir neçə ay da tərəflər arasında danışıqlar davam edib. Son nəticədə Hacı Məmmədov "Azərsığorta"nın rəhbərindən daha 450 min dollar alıb. Yalnız bundan sonra Əhməd Məmmədov azad edilib. Hacı Məmmədov ifşa olunandan sonra o da üzə çıxdı ki, banda başçısının bacısı oğlu Elçin Əliyevin "Sığorta Mamed"in indi "Kapitalbank"a rəhbər təyin edilən oğlu Elmar Məmmədovla dostluq əlaqələri olub. Elçin Əliyev mütəmadi olaraq Məmmədovların evinə gedib-gəlirmiş. Hətta araşdırmalar zamanı müəyyənləşib ki, Əhməd Məmmədovu oğurlamağı dayısına Elçin Əliyev məsləhət görüb. Çünki özünün həmin ailə ilə əlaqələri olduğundan onların imkanına da bələd olub. Əhməd Məmmədov girovluqda olduğu müddətdə mütəmadi olaraq zərərçəkmişin qardaşı Elmar Məmmədovla görüşən Elçin Əliyev onlarla bağlı bütün məlumatları dayısına çatdırırmış". Bundan başqa məhkəməsində Hacı Məmmədov "Sığorta Mamed"in oğlunu oğurladığına görə peşman olmadığını da açıqlamışdı.

"Sığorta Mamed"in oğlunu oğurlamaqla ondan Azərbaycan xalqının qisasını almışam" - deyə H.Məmmədov məhkəmədəki ifadəsində bildirmişdi. Bu sözlər böyük səs-küyə səbəb olmuş, amma şirkət rəhbəri kimlərinsə yardımı sayəsində vəzifəsində qalmağı bacarmışdı. Onu da qeyd edək ki, bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasının və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun tələblərini pozduğu üçün "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" mərkəzinin rəhbəri Şəhriyar Əbilov tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilib. Ş.Əbilov bildirib ki, belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb hərbi əməliyyatlar zamanı itkin düşən şəhid hərbçilərə verilməli olan dövlət icbari sığorta məbləğinin ödənilməsi ilə bağlı, şəhid ailələrinin nümayəndəsi kimi iştirak etdyi məhkəmə proseslərinin bir neçəsində şirkətin hüquq departamentinin rəhbəri Əfqan Mirzəyev tərəfindən təhqiramiz, insan şərəf və ləyaqətini alçaldan ifadələrə məruz qaldığı üçün şirkətin rəhbəri M.Məmmədova ünvanladığı şikayətlərə bugünə qədər cavab verilməməsi ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən sığortapulu verilir. İtkin düşən hərbi qulluqçuya sığorta pulunun verilməsi üçün qanuna müvafiq surətdə itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri döyüş əməliyyatlarında itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur. Amma ən böyük problem itkin düşmüş vətəndaşların statusu ilə bağlıdır. Elə bunun nəticəsidir ki, yüzlərlə ailə sığortapulu ala bilmir. Deyilənə görə, məhkəmədə əsas maneələr Dövlət Sığorta Şirkəti tərəfindən yaradılır. Ümidvarıq ki, yuxarı dairələr tezliklə şirkətdə baş alıb gedən özbaşınalıqlardan xəbər tutacaq və Məmməd Məmmədovun barəsində müvafiq tədbirlər görüləcək.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.