backend

Gömrük sistemi monopoliyadan təmizlənmədikcə burada azad rəqabət mühitindən danışmaq yersiz görünür

Gömrük sistemi monopoliyadan təmizlənmədikcə burada azad rəqabət mühitindən danışmaq yersiz görünür
Sahibkarlığın inkişafına əngəllər yaradan amillərin aradan qaldırılması istiqamətində qəti addımlar atan dövlət başçısı məmur özbaşınalığının qarşısının alınması ilə bağlı bu günlərdə mühüm mesajlar göndərib.
Ölkəmizin rəhbəri bildiribki, "son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib". Prezident qeyd edib ki, "cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır.Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz". Gözləmək olar ki, bu bəyanat Dövlət Gömrük Komitəsinin rəhbərliyini də əməlli-başlı silkələyəcək. Ümumiyyətlə, sahibkarlığa dövlət təminatlarının artırıldığı son zamanlarda ölkənin gömrük sistemi ilə də bağlı mühüm sərəncamlar imzalanıb, qərarlar qəbul edilib. Az qala ölkənin gömrük sistemini nəzarətdə saxlayan "Transbroker" MMC-nin monopoliyasına ən yaxın gələcəkdə son qoyulacağına şübhə yoxdur. Lakin, bu prosesin sürətlənməsini istəməyənlər deyəsən, müqavimət göstərməkdə davam edir. Bəzi hallarda hətta gömrük sistemində gömrükdən də artıq səlahiyyətlərə qonaq edilmiş hansısa bir kommersiya qurumunun fəaliyyəti öz həddini-hüdudunu çoxdan aşıb. Payına düşmüş aparıcı funksiyalarla meydan sulayan "Transbroker" çox güman ki, bu sahəyə nəzarəti qeyri-rəsmi əlində cəmləşdirilmiş məmur gömrükçülərin öz qazanclarını bölüşdürdüyü bir şirkətidir. Yoxsa, ölkəyə gətirilən və ölkədən çıxarılan yüklərin bəyan edilməsi və yoxlanılması prosedurlarında aparıcı rol "Transbrokerə" tapşırılmazdı. Bu şirkətin nəzarətinə verilmiş mal ixrac-idxal əməliyyatları zamanı sənədləşmələrdə hər gün iri məbləğdə daxilolmalar büdcədən yayındırılır. Nəticədə mal-məhsulların qiymətləri süni şəkildə azı 2 dəfə artırılır. Sahibkarlıq subyektlərini xarici iqtisadi fəaliyyətdən çəkinidirən səbəblərdən başlıcası onların ölkə bazarlarına çıxarmaq istədkləri məhsullara görə azı ikiqat və daha artıq qeyri-rəsmi rüsum ödəməyə məcbur edilməsidir. Bu işlər "Transbroker"in əli ilə həyata keçirildiyindən,məcburi ödənişlər nəzəri cəhətdən qaydasında olan gömrük sənədləşmələrindən fərqli olaraq kommersiya qurumunun vasitəçilik missiyasına transfer olunub. Kim bilir, bəlkə bunlar büdcə deyə hayqıran gömrük rüsumlarının idarə edilməsi praktikasına güvənir? Son hadisələrin işığında belə süni praktikalardan qurtulmağın bircə yolu qalıb, o da ki, sahibkarlığa qarşı ədalətszliklərdən əl çəkməkdir. Dünyanı bürümüş iqtisadi böhran önsuz da, Azərbaycana təsirsiz ötüşməyib. Belə vəziyyətdə sahibkarları "Transbroker" MMC-nin əli ilə gözümçıxdıya salan gömrük bossları artıq tamahını ixtisara salmalıdır. Yoxsa, sahibkarları dövlətdən narazı salan gömrük rəhbərliyi dövlət rəhbərliyinin qəzəbindən yayına bilməyəcək. Gömrük Komitəsinin səlahiyyətlərini icra edən kimi görünən "Transbroker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun arxasında duran məmurlar elə düşünməsinlər ki, onların qanunsuz rüsum əməliyyatlarından aidiyyəti qurumların xəbəri yoxdur. Bildiyimizə görə, Dövlət Gömrük Komitəsindəki proseslər hazırda tam nəzarət altındadır. Müvafiq araşdırmaların nəticəsində məsələ ilə bağlı müfəssəl məlumat üzə çıxacaq. İlkin hesablamalara görə, gələn il Azərbaycanda idxal 2015-ci ilin göstəricilərindən azı 600 milyon dollar və ya 6,8 faiz azalaraq 8,2 milyard dollara düşəcək. Bu isə ölkənin gömrük gəlirlərinə mənfi təsirsiz ötüşməyə bilər. Lakin bir sıra gömrük xidmətlərinin elektronlaşdırılması və "ASAN xidmət"ə verilməsi həyata keçirilərsə, bu addım gömrük rəsmiləşdlirilməsi sahəsində azad rəqabət mühitini təmin edə bilər. Onu da qeyd edək ki, gələn ildən gömrükdə vergi güzəştlərinin ləğv edilməsi gözlənilir. Bu addımın atılmasında məqsəd gömrük daxilolmalarını artırmaqla yanaşı bir sıra sektorları da dirçəltməkdir. Bütün bu zəruri tədbirlər yalnız gömrük sisteminin monopoliyadan təmizlənməsi halında müsbət nəticələrə gətirib çıxara bilər.