backend

Etibar Pirverdiyevin işçisi səhlənkarlığa yol verdi, usta öldü - İSMAYILLIDA

Etibar Pirverdiyevin işçisi səhlənkarlığa yol verdi, usta öldü - İSMAYILLIDA






İsmayıllıdan Haqverdiyevlər ailəsi «Azərişıq» ASC-nin yerli rəhbərliyinin cəzalandırılmasını tələb edir.

Rayon prokurorluğu faciədə məsuliyyət daşıyanların cəzalandırılacağını vəd edir,

Qurban bayramı günündə İsmayıllı rayonu, Qalagah kəndinin 58 yaşlı sakini Haqverdiyev Nazim İbrahim oğlu İsmayıllı Elektrik Şəbəkəsi əməkdaşının yol verdiyi səhlənkarlığın qurbanı olub.
Bu barədə mərhumun oğlu Qalib Haqverdiyev bildirib.

Onun sözlərinə görə, hadisə 25 sentyabr 2015-ci il tarixdə baş verib. İsmayıllı EŞ-nin cərəyan (elektrik) ustası vəzifəsində işləyən N.Haqverdiyev çürümüş işıq dirəyinə çıxarılıb. Dirəyin aşması nəticəsində o, həyatını itirib.

"Kəndimizdə yerləşən bir obyektin həyətində olan işıq dirəyi yenisi ilə dəyişdirilməliydi. Bunun üçün cərəyan ustası vəzifəsində işləyən atama göstəriş veriblər. Bildiriblər ki, çürümüş işıq dirəyinə çıxıb elektrik naqillərini dirəkdən ayırmaq lazımdır. Atam tapşırığı icra edərkən çürük işıq dirəyi aşıb. Yaşlı atam 6 metr hündürlükdən yerə düşüb. Xəstəxanaya aparılarkən həyatını itirib.
Çürük dirəyin aşmaq təhlükəsi nəzərə alınmayıb. Öncə müəyyənləşdirilməliydi ki, bu dirəyə çıxmaq olar, ya yox. Sahə briqadiri də hadisə yerində olub"-deyə Qalib Haqvediyev bildirib.
Onun sözlərinə görə, faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 maddəsi ilə cinayət işi açılıb.

"Atam uzun müddət riyaziyyat müəllimi vəzifəsində işləyib. Mərhum 4 ilə yaxındır ki, İsmayıllı EŞ-ində çalışırdı. O, bayram günündə işə cəlb olunub. Məsul şəxsin səhlənkarlığı ucbatından o həyatını itirib. Bu xəbər bizim üçün gözlənilməz oldu. Ailəmiz çox üzüldü, mənəvi əzab çəkdik. İsmayıllı EŞ-nin yüksək vəzifəli şəxsləri dəfələrlə bizim evimizə gələrək müəyyən təkliflər irəli sürürlər. Bu təklifin qarşılığında şikayətçi olmamağımızı xahiş edirlər. Biz Haqverdiyevlər ailəsi olaraq bu faciədə məsuliyyəti olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik"-deyə şikayətçi bildirib.

Haqverdiyevlər ailəsi istintaq müddətinin uzadılmasından narahatdırlar.
Məsələ ilə əlaqədar İsmayıllı rayon Prokurorluğundan bildirildi ki, istintaq hərəkətləri davam etdirilir: "İş materialı Tikintidə Təhlükəsizlik Ekspertizasına göndərilib. Bu ağır cinayət hadisəsində kimin məsuliyyəti varsa, o şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin o şəxsi, ya da şəxsləri ekspertlər müəyyən edəcək.

Cinayət Prosessual Məcəlləsi ilə istintaqın müddəti tənzimlənir. Bu müddətdə istintaq hərəkətləri aparılır. İstintaq vaxtında yekunlaşıb məhkəməyə təqdim olunacaq və müvafiq şəxs məsuliyyətə cəlb olunacaq".

Haqverdiyevlər ailəsinin ittihamı ilə bağlı İsmayıllı EŞ-nin rəhbəri Əlağa Bədəlovla əlaqə saxladıq. Onun açıqlaması belə oldu: "Hadisə ilə bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır".
İttihamlarla bağlı "Azərişıq" ASC-nin elektron ünvanı (info@azerishiq.az) vasitəsi ilə mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə sorğu göndərilib. O, şikayətin cəmiyyətin hüquqşünasları tərəfindən araşdırıldıqdan sonra cavab veriləcəyini bildirdi.

Cinayət Məcəlləsindən çıxarış: Maddə 314. Səhlənkarlıq.
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.