backend

“Rusiya Azərbaycana qəzəblənə bilər”

“Rusiya Azərbaycana qəzəblənə bilər”



Türkiyə TIR-ları ilə bağlı rəsmi Bakının addımı Moskvada necə qarşılanacaq?




Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya aid Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına-beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlayıb.

Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutublar. Və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Nəqliyyatçılar Dərnəyini - türk yükdaşıyanlarını birləşdirən təşkilatı (UND) məlumatlandırılıb.
Bundan sonra Rusiyadan keçib Orta Asiya respublikalarına yük daşıyan Türkiyə nömrə nişanlı TIR-lar Xəzər dəhlizindən istifadə edəcək.

Məlumata görə, bu məsələni Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Bakıya səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarova çatdırıb. Məmmədyarov isə məsələni prezident İlham Əliyevə məruzə edib. Azərbaycan prezidenti Türkiyə tərəfinin müraciətini müsbət qarşılayıb və türk TIR-larının keçidini asanlaşdırmaq üçün bütün mümkün tədbirləri görmək təlimatı verib. Təlimata əsasən Azərbaycan dəhlizindən istifadə edən türk şoferlərin vizası və keçid sənədi olmasa belə onlara qarşı cəza tədbirləri görülməyəcək.

UND-in icra komitəsinin rəhbəri Fatih Şener deyib ki, indiyədək türk TIR-ları Xəzər dənizindən keçid üçün bərə haqlarının həddən artıq yüksək olduğuna görə Azərbaycan dəhlizindən çox istifadə etmirdi: “Biz bu dəhlizdən keçidin asanlaşdırılmasını gözlədiyimiz bir vaxtda Rusiya ilə böhran yarandı və Azərbaycan çarəsiz qalan yükdaşıyanlarımıza sahib çıxdı. Bu qərara görə Azərbaycan prezidentinə təşəkkür edirik. Orta Asiya ilə Türkiyəni birləşdirən bu dəhlizin davamlı olacağını gözləyirik”.

Azərbaycan prezidentinin bu jesti cəmiyyət tərəfindən təqdir edilir. Bəs, Türkiyənin yük maşınlarının Azərbaycandan Mərkəzi Asiya ölkələrinə gedişinə şərait yaradılması Rusiyanın Azərbaycanı cəzalandırmasına səbəb ola bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan prezidenti İlham Əliyev çox önəmli və təqdirəlayiq addım atıb. Türkiyənin yük maşınlarının Azərbaycandan bərə yolu ilə Mərkəzi Asiyaya keçidinə razılıq verilməsi Rusiyanı narazı salsa belə, Azərbaycanın özünün də gələcəkdə iqtisadi baxımdan gəlirlər əldə etməsinə şərait yaradacaq: “Türkiyə tərəfi xahiş etdi ki, Rusiyanın buraxmadığı yük maşınları Azərbaycandan bərə yolu ilə Mərkəzi Asiyaya yönləndirilsin. İlham Əliyev buna razılaşdı, eyni zamanda tariflərin aşağı salınması üçün göstəriş verdi. Bu, çox təqdir olunmalı addımdır. Mən düşünürəm ki, gələcəkdə Azərbaycan özü bu yolla daşımalar həyata keçirə bilər. Tariflər aşağı salınanda sonra həmin tırlar niyə uzun yol qət etsin? Elə Azərbaycandan-bərə ilə Mərkəzi Asiyaya rahat keçə bilərlər. Azərbaycan prezidenti gərginləşmənin fonunda ikinci bir önəmli addım atdı ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması üçün vasitəçilik edə bilər. Bu, çox önəmli mesaj idi”.

Bütün bunlara baxmayaraq politoloq hesab edir ki, Rusiya qəzəblənib Azərbaycanı hədəf götürə bilər: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dərhal Azərbaycana səfər etməsi, Türkiyə baş nazirinin Qarabağın azad olunması üçün Türkiyənin addımlar ata biləcəyini bəyan eləməsi artıq Rusiyadakı müəyyən dairələri qıcıqlandırmışdı. Bunun ardınca Azərbaycanın Türkiyənin yük maşınlarına Mərkəzi Asiyaya keçmək üçün şərait yaratması Rusiyada müəyyən qüvvələrdə narazılıq yarada bilər. Lakin Rusiya hökuməti anlamalıdır ki, Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir, Türkiyə ilə Azərbaycanı çox ciddi tellər bağlayır, Azərbaycan Türkiyə ilə münasibətləri soyudası deyil. Türkiyə ilə münasibətləri əvvəlki tempdə davam etdirmək lazımdır. Hərbi əməkdaşlığı da proqrama uyğun olaraq həyata keçirmək vacibdir. Rusiya necə qəbul edir-etsin, biz öz milli maraqlarımız nəyi tələb edirsə, ona uyğun addımlar atmaqda davam etməliyik. Türkiyə ilə münasibətlər gərginləşdiyi üçün şübhəsiz ki, artıq Rusiyada Azərbaycanla da münasibətlərə bir az fərqli baxışlar olacaq. Əgər Türkiyə ilə münasibətlər yaxşı olanda Azərbaycanla da münasibətlər yaxşı idisə, Türkiyə ilə sıx əməkdaşlığımıza Moskva normal yanaşırdısa, indi bu münasibətlər Rusiyada müəyyən qıcıq yaradacaq. Qarabağda cəbhə xəttində atəşkəs pozulması halları artsa və Azərbaycan qarşı tərəfi həmişəki kimi cəzalandıranda hətta bu da Rusiyada əvvəlki dövrdən fərqli reaksiya doğuracaq. Amma Azərbaycan bundan çəkinməməlidir, öz siyasətini davam etdirməliyik. Bəziləri məntiqsiz fikirlər işlədərək deyirlər ki, Rusiya nüvə dövlətidir onunla hesablaşmaq lazımdır. Rusiya dövlətidir deyə hər kəs öz maraqlarını qurban verməlidir? Sabah Rusiya Xankəndi hava limanına təyyarəsini endirmək istəsə biz seyr edib deməliyik ki, Rusiya nüvə dövlətidir ona baş qoşmayaq? Biz də Türkiyə kimi öz ərazimizi qorumalı olacağıq”.

E.Şahinoğlu onu da vurğuladı ki, Rusiyanın qarşısına çox arqument qoymaq olar ki, Türkiyə ilə münasibətlərimizə normal yanaşsınlar: “Ukrayna ərazilərini tutduğu üçün Rusiyaya bir çox sanksiyalar tətbiq edildi. Bu sanksiyalara Türkiyə və Azərbaycan qoşulmadı. Rusiya Ukraynanı parçaladı Donbasda separatçılara dəstək verdi. Rusiyaya Azərbaycandan və Türkiyədən sərt bəyanatlar ünvanlanmadı. İndi Türkiyənin də haqqı çatır ki, Suriyadakı türkmənləri qorusun. Necə ki, Rusiya Ukraynadakı rusları qoruduğunu elan edirdi. Azərbaycanın da öz maraqları var”.

Politoloq onu da dedi ki, Türkiyə ilə münasibətlərin bu şəkil almasından sonra çətin ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə maraq göstərsin: “Şayiələr gəzirdi ki, guya Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın boşaldılması üçün Ermənistana təsir edəcək. Amma son olaylardan sonra bu şayiələr də ortadan qalxdı. Çünki Rusiya heç bir halda Türkiyənin bölgədəki müttəfiqi olan Azərbaycanın xeyrinə addım atmayacaq”.