backend

Rusiya Qarabağda müharibəni alovlandırmaq üçün bəhanə axtarır

Rusiya Qarabağda müharibəni alovlandırmaq üçün bəhanə axtarır



Moskva Türkiyə ilə sərhəddə topladığı hərbi texnika və əsgərin sayını artırdı, Azərbaycana da təhdid var...
Elxan Şahinoğlu: “Rəsmi Bakı indidən Moskvaya mesajlar yollamalıdır ki, ermənilər vasitəsilə təxribata əl atsalar, Türkiyənin "F-16" hərbi təyyarələri Azərbaycan səmasında görünəcək”; Arzu Nağıyev: “Qarabağ münaqişəsinin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcəkvə hətta gərginlik arta bilər”
“Su-24" qırıcısının vurulmasından sonra yaranmış Türkiyə-Rusiya gərginliyinin Azərbaycana da təhlükə yaradacağı ilə bağlı proqnozlar reallaşmaqdadır. İşğalçı Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın Türkiyə və NATO təhlükəsindən qorunmaq adı altında Ermənistanı bundan sonra daha çox hərbiləşdirməyə çalışacağı bəlli idi və artıq bunun şahidiyik.

Yayılan məlumatlara görə, Rusiya minlərlə hərbçi və texnikasını Ermənistanla Türkiyə sərhədinə yığır. Bu barədə Müdafiə Nazirliyinin məruzəsinə istinadən bir sıra Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin noyabrın 29-da Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci ordunun Türkiyə-Ermənistan sərhədində cəmləşdirilməsi barədə əmr verib. Sərhədə yerləşdirilən hərbi texnika arasında zenit-raket sistemləri, reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə komplekslər, motoatıcı və artilleriya qoşunları var. Toplam olaraq iki dövlətin sərhədinə Rusiyanın təxminən 7000 əsgəri cəmlənib.

Hesab olunur ki, Rusiya “Ankaradan gələn təhlükələrin” qarşısını Ermənistan vasitəsilə almağa çalışacaq.

Bir neçə il öncə Qərbin layihəsi əsasında Türkiyə-Ermənistan sərhədlərinin açılmasını özündə əks etdirən Sürix protokolları imzalanmışdı. O zaman təşəbbüs müəllifləri bu yolla Ermənistanın Qərbə çıxışını təmin etməyə, onu Rusiyanın əsarətindən qurtarmağa cəhd göstərsə də, Kreml əslində Ermənistanın güclənməsinə xidmət edən bu layihənin baş tutmasını əngəllədi. Düzdür, Rusiya burada Azərbaycanın maraqlarını nəzərə almadı, sadəcə, öz maraqlarına uyğun davrandı.

Bu ölkədə özünün hərbi bazasını yerləşdirən Rusiya Ermənistanı NATO təhlükəsinə qarşı bufer ölkə statusunda görür. Ancaq eyni zamanda Qarabağ münaqişəsini yarıdondurulmuş vəziyyətdə saxlamaqla regionda mövcudluğunu həmişəlik sürdürmək istəyir.

Bəzi müşahidəçilər hesab edir ki, iki paytaxt arasında yaşanan gərginliklər Qarabağda müharibəni alovlandıra bilər. Rusiya Liberal-Demokratik Partiyasının lideri, antitürk mövqeli V.Jirinovski “satqın” adlandırdığı ermənilərdən Türkiyənin əleyhinə istifadə etməyə çağırıb və Türkiyəyə qarşı “Böyük Ermənistan” iddialarına haqq qazandırıb.

Şübhəsiz ki, bu, həm də Azərbaycana qarşı iddialara, Qarabağın işğalına bəraət qazandırmaqdır. Bəzi rusiyalı ekspertlər, hətta prezident Putinin köməkçisi olan şəxslər Türkiyənin Qarabağ məsələsinə müdaxilə edə biləcəyini iddia edib Rusiyanın qabaqlayıcı addımlar atmasına zəmin yaratmağa çalışırlar. Düzdür, Türkiyə baş naziri Əhməd Davudoğlu Ankaranın Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edib və 3 dekabr Bakı səfərində yəqin bu mövqe bir daha dilə gətiriləcək. Ancaq qardaş ölkə də məsələnin sülh yolu ilə, ədalətli qaydada çözümünə üstünlük verir və müharibəni alovlandırmağa maraqlı görünmür. Belə olan təqdirdə hesab olunur ki, Putin Türkiyəni də müharibəyə cəlb etmək üçün Qarabağ münaqişəsini alovlandıra bilər...

***
Beləliklə, dekabrın sonlarında prezidentlər səviyyəsində növbəti Qarabağ müzakirəsi gözlənildiyi halda, vəziyyət yenidən gərginləşib. Son günlərdə Azərbaycan cəbhədə növbəti itki verib. Noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub, bir əsgərimiz yaralanıb. Faktiki olaraq ermənilər fəallaşıb. Adətən qış dövrü cəbhədə sakitlik müşahidə olunduğu halda indi durum başqadır. Ruslar davamlı şəkildə bəyan edirlər ki, savaş başlasa və Türkiyə müdaxilə etsə, Rusiya Ermənistanı tək qoymayacaq. Rusiyanın açıq müdaxiləsi şəraitində Türkiyə savaşa qatıla bilərmi?



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu artıq görüşün reallaşacağını gözləmir: “Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşmə ehtimalının az olduğunu aylar öncəsi söyləmişdim. Belə də oldu. Çünki müzakirə etməyə mövzu yoxdur. Danışıqları uzatmaq Ermənistanın maraqlarına xidmət edir. Ona görə də İlham Əliyev görüş görüntüsü naminə erməni həmkarı ilə görüşmədi və düz etdi. Rusiya-Türkiyə gərginliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllini qeyri-müəyyən müddətə təxirə saldı. Rusiya ilə Türkiyə arasında münasibətlərin sıx olduğu dönəmdə belə fikirlər var idi ki, bu tandem Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. Halbuki bu fikirlərə mən elə o vaxt da inanmırdım. İndi isə bu, ümumiyyətlə, mümkün deyil”. E.Şahinoğlunun sözlərinə görə, Rusiya Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın xeyrinə Ermənistana təsir etməyəcək. Əksinə, bundan sonra cəbhə bölgəsində atəşkəsin pozulmasına qarşı Azərbaycan ordusunun tutarlı cavablarına Rusiyadan əsəbi reaksiya gələcək. Dağlıq Qarabağ uğrunda müharibəyə başlasaq, Rusiya birmənalı olaraq separatçılara dəstək verəcək, onlara silah və sursat ötürəcək. Rusiya ayrıca, sərhəd bölgələrimizi atəş altında saxlamaq üçün Ermənistana dəstəyini artıracaq. Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Moskva Ermənistandakı hərbi bazasını Azərbaycan və Türkiyə əleyhinə gücləndirəcək. Buna cavab olaraq Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməlidir. Bölgədə elə bir vəziyyət yarana bilər ki, Rusiya və Ermənistan ittifaqının təxribatları Rəsmi Bakını Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsi danışıqlarına başlamağa məcbur edə bilər. Ümumiyyətlə, Bakı indidən Moskvaya mesajlar yollamalıdır ki, ermənilər vasitəsilə təxribata əl atsalar, Türkiyənin "F-16" hərbi təyyarələri Azərbaycan səmasında görünəcək".

Politoloq bildirdi ki, Rusiya prezidenti Ermənistanla Türkiyə arasında yerləşdirdiyi qoşun birliklərini və hərbi texnikanı artırmaqla Türkiyəyə qarşı uzunmüddətli mübarizəyə hazırlaşır: “Putin odla oynayır. Aydındır ki, Türkiyə bu prosesə seyrçi qalmayacaq, qardaş dövlət də Ermənistan sərhədindəki qoşun birliklərini gücləndirəcək. Kreml Ermənistanı faktiki oyuncağa çevrib. Jirinovskinin sözü olmasın, Rusiya Türkiyə ilə mübarizədə Ermənistanı qurbanlıq qoyun etmək istəyir. Rusiyanın Ermənistanı hərbi nöqteyi-nəzərdən gücləndirməsi Azərbaycana da xoş olmayan jestdir. Onsuz da rusiyalı rəsmilərin və ekspertlərin Azərbaycan əleyhinə ritorikaları sərtləşib. Fikir verin, biz hələ heç bir addım atmamışıq, ancaq Türkiyə ilə yanaşı, Azərbaycan əleyhinə də təbliğat güclənib. Bəlkə də haqlıdırlar. Çünki bilirlər ki, Azərbaycanın Türkiyəni, Türkiyənin isə Azərbaycanı dəstəkləməkdən başqa alternativi yoxdur. Rusiya Ermənistan vasitəsilə Dağlıq Qarabağda və ya sərhəddə bizə qarşı təxribat həyata keçirsə, biz gərəkirsə, təkbaşına, gərəkirsə də Türkiyə ilə birgə hərəkət etməliyik. Əgər müəyyənləşsə ki, Rusiya Ermənistan üzərindən Dağlıq Qarabağa silah və sursat göndərir, orada hərbi varlığını artırır və ya Xankəndindəki hava limanından istifadə etmək istəyir, biz düşünmədən Türkiyənin Azərbaycanda hərbi varlığını aktuallaşdırmalıyıq”.



Politoloq Arzu Nağıyev razıdır ki, Türkiyə -Rusiya qarşıdurması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz mənfi təsirini göstərdi: “Məlumdur ki, Türkiyə Azərbaycanı beynəlxalq arenalarda daima dəstəkləyib və münaqişəyə görə ermənilərlə sərhədini açmayıb. Düşünürəm ki, bu gün regional güclər arasında geosiyasi savaşın pik səviyyədə olduğu şəraitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çətinləşəcək. Rusiya Ermənistanı öz tərəfdaşı hesab etməklə bundan Türkiyəyə qarşı istifadə edir. Əvvəllər də məlum idi ki, Rusiya bu və digər təkliflərlə regionda söz sahibi olduğunu göstərməyə, bu yolla isə Ermənistan münaqişənin həllində status-kvonu saxlamağa çalışır, atəşkəsi pozmaqda və beynəlxalq normalara riayət etməməkdə davam edir”.

A.Nağıyevin sözlərinə görə, məhz belə bir şəraitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin də baş tutacağı əvvəlcədən də olduğu kimi sual altındadır: “Hətta baş tutsa belə, hazırkı şəraitdə nəzərdə tutulan görüş münaqişənin həlli üçün əhəmiyyətli rol oynamayacaq. Rusiya bu görüşün ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır və bu görüşün baş tutmamasına cəhd edir. Moskva bundan əvvəl də münaqişənin həlli istiqamətində müsbət addımlar atmırdı. Son olaylardan sonra isə Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərdə yerləşdirilməsi davam edə bilər. Artıq Rusiya Ermənistan-Türkiyə sərhədində silahlı qoşunların və texnikanın sayını artırır. Əvvəllər bunu başqa yolla edirdisə, yəni Ermənistan ərazisindəki 102 saylı Rusiya bazasına NATO-Rusiya sərhədini daha da bərkitmək adı altında yeni silah və sursat, eyni zamanda canlı qüvvə yığırdı, bu gün isə bunu açıq-açığına edir. Bu da ermənilərin xeyrinədir. Məhz belə bir vəziyyətdə Qarabağ münaqişəsinin həlli geosiyasi vəziyyətdən asılı olaraq çətinləşəcək və hətta gərginlik arta bilər”.

Bu arada Azərbaycanın Müdafiə Nazirliyi əsgərimizin şəhid olması ilə bağlı düşmənə xəbərdarlıq edib. Bildirilib ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provokasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq. Bu həm də düşmənin havadarlarına xəbərdarlıqdır...