backend

Sumqayıt səhiyyəsində misli görunməmiş rəzalət

Sumqayıt səhiyyəsində misli görunməmiş rəzalət

Ölkəmizin ən böyük şəhərlərindən biri sayılan Sumqayıtın səhiyyə sistemi ürəkaçan səviyyədə deyil. Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevin fəaliyyətində yer alan müxtəlif nöqsanlar şəhər ərazisində yerləşən tibb ocaqlarında bəzi problemlərin meydana çıxmasına rəvac verib.

Qeyd edək ki, şəhərin səhiyyə şəbəkəsinə daxil olan müəssisələrdə hökm sürən qanunsuzluqlar və şöbə müdirinin işinə laqeyd münasibət göstərməsi barədə mətbuat vasitələrində dəfələrlə tənqidi materiallar gedib. Di gəl ki, o qanuna sığmayan əməllərinə son qoymaq niyyətində deyil. Mətləbə keçməzdən öncə qısaca vurğulamaq istəyirik ki, Sumqayıtda səhiyyə sistemi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcud olub. 1948-ci ildən bu təsisat şəhər səhiyyə şöbəsi adı ilə fəaliyyətini davam etdirib. Ərazidə ilk tibb ocağı isə 1924-cü ildə əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş 3 saylı birləşmiş xəstəxana sayılır. Mənbələrdə sonralar Bakı şəhərinin nəzdində olan 16 saylı Sumqayıt poliklinikasının yaradıldığı göstərilir. Sumqayıt şəhər statusu alanda burada mövcud olan səhiyyə obyektləri əsasən Kimyaçılar qəsəbəsi kimi tanınan massivdə pərakəndə halda taxta baraklarda yerləşirdi.

Hazırda səhiyyə şöbəsinə 7 xəstəxana, 2 doğum evi, 5 dispanser, 3 şəhər poliklinikası, "Kimyaçı" poliklinikasi, 2 tibbi sanitar hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, uşaq stomatoloji poliklinikasi və uşaq sanatoriyası daxildir. Məlumatlı şəxs iddia edir ki, Ələkbər Tağıyevin nəzarəti altında fəaliyyət göstərən tibb personalının yetərli hissəsi yetərincə peşəkar olmadığından ən adi xəstəlikdən əziyyət çəkən insanlar belə, normal müayinə və müalicə ala bilmirlər: "Sumqayıt sakinləri xəstəxanalarda lazımi səviyyədə tibbi xidmət görmədiklərindən məcburiyyət qarşısında qalıb Bakı şəhərinə üz tutmalı olurlar. Şöbə müdiri vəzifəyə gəldikdən sonra bir qrup sakin onun qəbuluna düşüb mövcud problemlərini çatdırmaq, şikayətçi olduqları məsələlərə aydınlıq gətirmək istəsələr də, qarşı tərəf hər dəfə süni əngəllər yaradaraq əhali ilə görüşdən imtina edib. Sumqayıtdakı tibb ocaqlarının bir çoxunun fəaliyyəti bərbad vəziyyətdədir. Əhaliyə normal tibbi xidmət göstərilmir. Xəstəxanaların və sanatoriyaların ərzaqla, tibbi ləvazimat və dərmanlarla təminatına ayrılan vəsait təyinatı üzrə istifadə olunmur". Araşdırmalar nəticəsində öyrəndik ki, Sumqayıt Səhiyyə Şöbəsi tərəfindən son illər ərzində saysız-hesabsız tenderlər həyata keçirilib və qanun pozuntularına yol verilib: "Təkcə 2012-ci ildə şöbəyə ayrı-ayrılıqda ərzaq məhsullarının alınması üçün böyük vəsaitlər ayrılıb. Bu vəsaitin 451401 manatı "İdeal Təchizat kommersiya 2012" MMC və "Ayan-2012" MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına "sərf" olunub. "Qızıl Torpaq Kəndli-Fermer" MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743000 manat "xərclənib". Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manat silinib. Deyilənlərə görə, şöbə müdirinin tender işlərində böyük təcrübəsi var. Belə ki, onun özünə yaxın şirkətlər vasitəsilə məlum niyyətlərini həyata keçirdiyi vurğulanır". Səhiyyə şöbəsinin rəhbərinin fəaliyyəti ilə bağlı mətbuatda bir neçə dəfə sorğu keçirilib. Əksəriyyət isə Ələkbər müəllimin fəaliyyətindən narazı qaldığını dilə gətirib. Məsələn, müstəqil yazar Elçin Abdullayev bildirib ki, Sumqayıt səhiyyəsinin hazırkı durumu ilə tanış olan hər bir şəxs bu adamın rəhbərlik qabiliyyəti haqda çox rahat fikir yürüdə bilər: "Təbii ki, bu gün respublikamızda, eləcə də Sumqayıtda kifayət qədər potensiala malik perspektivli həkimlərimiz var. Bunu danmaq olmaz. Lakin əfsuslar olsun ki, bu şəxs onların fəaliyyətinə kölgə salır. Bu da ümumilikdə Sumqayıt səhiyyəsinin adının mənfi istiqamətdə hallanmasına dəlalət edir. Ən acınacaqlı hal isə bundan ibarətdir ki, səriştəsiz rəhbərlik qalır kənarda, sıravi həkimlərdə günah axtarırlar". Aidə Eyvazova adlı vətəndaş isə söyləyib ki, səhiyyə şöbəsinin müdirinin fəaliyyəti sıfra bərabərdir: "Bu yaxınlarda anam təzə açılmış xəstəxanada kardiologiya şöbəsində yatmalı oldu. İki nəfərlik otağa görə əlavə pul ödəməli olduq. Bunu gecə anamı xəstəxanaya apararkən növbətçi həkim tələb kimi qoydu.

İynə və dərmanları, hətta spirt, şprits və pambığı da özümüzə aldırdılar. Xəstəxanada yatdığı müddətdə bir neçə dəfə rentgen müayinəsi və kardioqrama aparatından keçirilmə pulu isə 4-5 manat təşkil edirdi. Pulu alıb iş görən tibb personalı deyir ki, xəstəxanada işlədilən tibb ləvazimatının özünü onlara pulla satırlar. Etiraz edəndə isə deyirlər ki, Bakıda xidmət bizdən bahadır". Hər halda, nə qədər qəribə səslənsə də, Sumqayıt səhiyyəsinin reallığı bu cürdür. Biz hələ şəhərin ayrı-ayrı tibb ocaqlarında, o cümlədən təcili tibbi yardım stansiyasında yaşanan özbaşınalıqları demirik
.
Əhalinin narazı qaldığı və səhiyyə xidmətlərinin standartlara uyğun aparılmadığı dövlət xəstəxanalarından biri də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasıdır. Necə bir el məsəli var deyirlər, allah düşmənimində işini bura salmasın. Birdən nə badə xəstələndin yolun düşdü buxəstəxanaya, utanmayıb əlinə yekə bir resept kağızı yazıb verəcəklər ki, bunlar bizdə yoxdur al gətir. Səndə məcbursan ki, alasan, başqa çıxış yolun qalmır. Almağın bir yana, yazdıqları da şirkət dərmanlarıdır. Bu da onlara ikiqat pul qazanmaları üçün ən asan variantdır. Baxmayaraq ki, həmin firma dərmanının xəstəyə xeyiri olacaq, ya yox. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının bir prinsipi var;- təki xəstənin cibini soyub özlərinə xeyir eləsinlər. Əgər cibində pulun yoxdursa işin müşkülə çevirildi, birinin vicdanı da sızıldayıb sənə bir iynəni belə pulsuz vurmayacaqlar. Deyəcəklər ki, nazirliyin ayırdığı iynə dərman xəstələri görmür. Biz də məcburuq ki, bunları xəstə sahibinin özlərinə aldıraq. Yaxşı, bunu başa düşdük! Bəs onda, rüşvət almadan heç bir həkimin xəstəyə baxmadığına nə deyək, onu necə başa düşək.?! STTYX-da heç bir tibbi xidmətin pulsuz olduğu göstərilmir. Əksinə, bu xəstəxanada hər bir tibbi müayinənin öz "daskı”sı var. Burda sənə pulsuz iynə vurmağa işıq ucu da qoymayıblar. Vay halına ki, bir iynə vurdurdun pul vermədin, qulağın eşidə-eşidə sənə elə qarqışlar tökəcəklər ki, o qarqışların belə heç bir müalicəsi tapılmayacaq.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası əsl cəlladlar məkanına çevrilib. Xəstəxananın baş həkimi ilə onun şöbə müdiri xəstə və xəstə yaxınları ilə necə gəldi davranması,onların kimə və kimlərəsə arxayınlığından xəbər verir.Necə deyərlər, Ac Qurdun əlinə quzu düşmüş kimi...

Əsas mətləbə bir qədər sonra qayıdacağıq. Hələ ki, üzdən iraq xəstəxananın insanların(xəstələrin) əsəblərini tarıma çəkməsindən söhbət açaq. Burada xəstələrin müayinəsi və müalicəsi üçün şərait yalnız dildə yaradılıb. Bir otaqda 4 ya 5 müxtəlif travma ilə müraciət edən xəstələr yatızdırılır. Əməliyyat sonrası və ya əməliyyatdan əvvəl xəstəyə yalnız ağrıkəsicilər vurulur. O da xəstə yiyəsinə aldırılan dərmanların hesabına. Adı da olur müalicə. İş hətta o həddə çatır ki, xəstə yaxınları diqqətsizliyin şahidi olduğundan xəstəxananı tərk etmək məcburiyyətində qalırlar. Dəhşətlisi də ondadır ki, sakinlər oranı tərk edəndə ciblərini əməlli başlı boşaltmalı olurlar.

Sızanağı qara yaraya çevirən həkimlərə yalnız Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində rast gəlmək olar. Məlumat üçün bildirək ki, sözügedən xəstəxananın baş həkimi Vaqif Qəhrəmanov, Travmatologiya şöbəsinin müdiri isə Cəbrayıl Əlinağıyevdir. Adları ilə reklam olunan bu şəxslərin gözlərinin önündə xəstə can versə belə sahibi pul vermədən ona yaxın durmazlar. Bunlar nəinki, Hippokrata ,hətta bir toyuğun canına belə and içməyiblər. Eşitdiklərim, ən əsasıda gördüklərim bunu deməyə əsas verir ki, Sumqayıt şəhərTTYX-nın baş həkimi Vaqif Qəhramanov və şöbə müdiri həkim Əlinağıyev kimi tanınanşəxslərəslindətibb işçisindən dahaçox qəssabdırlar.



Gələk əsas mətləbə. Deməli ağır travma ilə şöbəyə bir xəstə gətirilir. Xəstə qadın olduğundan bir azacıq ona nəvaziş göstərilir və qeydiyyata alınır. Daha sonra ağrılardan qıvrılan xəstə palataya yerləşdirilir. Cavabdeh həkim təyin edilir və hörmətli şöbə müdirinə müraciət edilir. Xəstə o palatada yaxınlarının həkimlə danışıqların yaxşı bitəcəyi saata qədər ağrılara tap gətirmək məcburiyyətində qalır. Xəstənin əməliyyata hazırlanma mexanizminə diqqət yetirək. Şöbə müdiri qərar verir. Xəstə bütün müayinələrdən keçirilsin. Bunun əslində sadə görünməsi kimsəni çaşdırmasın. Bu yalnız xəstə yiyəsindən tələb olunan məbləğin alınması üçün qazanılan vaxta görə ölçülüb. Bununla yanaşı müayinələrdə xəstənin yaxını kifayət qədər soyulur. Qısası əməliyyat vaxtı o zaman təyin edilir ki, xəstənin yaxını onların dolayı yollarla tələb etdikləri pulu çatdırana qədər. Onu da diqqətinizə çatdıraq ki, Sumqayıt şəhər TTYX-nın travmatologiya şöbəsində əməliyyat olunan xəstələrdən nə az nə çox digər xərclər daxil edilmədən 1500-2000 azn alınır. Əks təqdirdə xəstə palatada zarıyaraq gününü keçirir. Hələ biz tibb bacılarının və digər şəxslərin soyğunçuluqlarından danışmırıq. Xəstəyə iynə vuran xəstəni lift vasitəsi ilə daşıyan, ortalıqda gəzən tibb işçilərinin əsas peşəsi pul yığmaqdır. Nəzərə alaq ki, həmin xəstəxanada kifayət qədər tibb bacısı olduğundan və növbələşmə ilə işlədiyindən onlara xərclənən vəsaitin nə qədər olduğunu siz təsəvvür edin. Travmatologiya şöbəsinin müdiri Cəbrayıl Əlinağıyevin dedikləri kimi ,xəstəni əməliyyat etmək üçün lazımı avadanlıq olmadığından onlarBakıdan sifariş olunur.(guya) Sınmış bir ayağın bərpası çox vəsait tələb edir. Bütün bunlara hörmətli şöbə müdiri Cəbrayıl Əlinağıyev aydınlıq gətirir ki,sifarişə onlar öz cibindən xərcləyəsi deyil. Yəni bir dövlət xəstəxanasının gücü Əlinağıyevin dediyi kimi, pambıq almağa yetmir. Nəhayət bütün xərclər hesablanır. Xəstə yaxınına təklif olunan məbləğ bəlli olur. Vətəndaş yalnız 1000 manata gücünün çatdığını bildirsə də bu qətiyyətlə rədd edilir. Cəbrayıl Əlinağıyev vətəndaşa daha sənə ayıracaq vaxtım yoxdur müalicə həkiminizlə razılaşin deməklə öz tamahkarlığını nümayiş etdirir. Bu iyrənc əməl sahibinin hərəkətindən bezən çarəsiz xəstə yaxını xəstəxana rəhbərliyinə müraciət etməli olur. Baş həkim Vaqif Qəhramanov vətəndaşı qəbul edərək "sən 1000 manatı gətir qoy stolun üstünə, qalanına sən qarışma onlar qələt edirlər” deyir ( öz həkimlərini söyür). Dövlət xəstəxanasının rəhbər şəxsinin heç çəkinmədən pulu tələb etməsi olduqca iyrənc görünür. Bundan sonra vətəndaş xəstəsi ilə məcburiyyət qarşısında TTYX-nı tərk edir. Təsəvvür edin, əgər pul verilməsə xəstə baxımsızlıqdan can verəcək. Bax budur Sumqayıt səhiyyəsinin indiki vəziyyəti . Acınacaqlı deyilmi? Ümidvarıq ki, sözügedən xəstəxanada Səhiyyə Nazirliyi tərəfindən lazımı kadr islahatları aparılacaq. Sumqayıt şəhərindən hətta bölgələrdən gələn xəstələrin canı bu məsuliyyətsiz həkimlərdən qurtulacaq. Allah qorusun.

Ardi var

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.