backend

«Pak Xalça»nın xidmətlərindən istifadə etməyin!

«Pak Xalça»nın xidmətlərindən istifadə etməyin!  Vətəndaşları aldatmaq yolunu seçən təmizlik firmasının rəhbərliyinin fəaliyyəti araşdırılmalıdır «Pak Xalça» firmasının vətəndaşın başına müsibət gətirməsi haqda xəbər vermişdik. Belə ki, BDU-nun dosenti Hüseynova Səidə Mahmud qızı mətbuata müraciət edərək bildirib ki, "Pak Xalça" firmasına iyul ayının 13-də yuyulmaq üçün iki ədəd bahalı, yun Kəşmir xalçası və bir neçə kilim verib. Aradan keçən 1-2 ay ərzində isə firmanın işçisi xalçanı gətirməyib. Səidə xanımın firmaya etdiyi çoxsaylı zənglərdən sonra işçilər kilimləri gətiriblər və boyunlarına alıblar ki, xalçayuyan aparata yeni aldıqları baraban onların xalçalarını korlayıb. Kilimləri gətiriblər, amma xalçaları İçərişəhərdə bərpa etmək üçün xalça ustasına veriblər. Səidə xanımın dediyinə görə, o, qızı ilə birlikdə İçərişəhərdəki həmin ustanın yanına gedib və usta onlara xalçaların yararsız hala düşdüyünü və ancaq ondan həsir kimi istifadə edə biləcəklərini deyib. Səidə xanımın sözlərinə görə, onun təmiz yun xalçalarının birinin qiyməti 1500 dollardan az deyil. Daha sonra özünü müdir kimi təqdim edən "Pak Xalça"nın işçisi onlara iki xalça əvəzində 100-200 manatlıq iki yeni xalça almağı təklif ediblər. Səidə xanım isə onların təklifi ilə razılaşmayıb. Daha sonra "Pak Xalça"nın yerləşdiyi yerə gedən şikayətçi gördüyü mənzərə qarşısında şoka düşüb. Firmanın internetdə yerləşdirdiyi müasir xalçayuma sexinin əvəzində Səidə xanım zibilliyə, antisanitariyanın hökm sürdüyü bir anbara düşüb. Hazırda "Pak Xalça"nın rəhbərləri ona dəymiş zərəri ödəməkdən imtina edərək, zənglərinə belə cavab vermirlər. «Pak Xalça» firmasının fəaliyyətindəki neqativ məqamlarla bağlı gundelik-baku.com saytına yeni məlumatlar daxil olub. Həmin informasiyalara keçməmişdən öncə qeyd etmək istəyirik ki, «Pak Xalça» təmizlik fabriki 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin xidmət sahələrini xalçaların yuyulması, yumşaq mebel və stulların təmizlənməsi, pərdələrin yuyulub, qurudulub servis tərəfindən yerinə asılması, sintifon yorğan və döşəklərin, ədyal, pled, pokrivalların yuyulması və ya ehtiyac olduqda quru təmizlənməsi, həmçinin quru təmizləmə təşkil edir. Firmanın təklif etdiyi xidmətlərin qiyməti 2-150 manat arasında dəyişir. Saytımıza daxil olan məlumatlarda bildirilir ki, müxtəlif şirnikləndirici reklamlar vasitəsilə vətəndaşların etimadını qazanan şirkət insanlara heç də keyfiyyətli xidmət göstərmir: «Vətəndaşlar şirkətin reklam çarxlarına aldanıb xalçalarını, divan və kreslolarını, eləcə də pərdə və digər məişət əşyalarını bura həvalə edirlər. Sonda isə gözləmədikləri nəticə ilə qarşılaşırlar. Bu vaxta qədər şirkətin təqdim etdiyi xidmətlərdən çoxlu insan narazı qalıb. Buna baxmayaraq, bəzi səbəblərə görə həmin narazılıqlar ictimailəşməyib. Bundan istifadə edən firma rəhbərliyi camaatı aldatmağa davam edir. Xalçalar yuyulan zaman rəngi qarışır, həmçinin solur. Firma rəsmiləri vətəndaşları inandırır ki, guya xalçalar yuma prosesinə girmədən əvvəl tozunun alınması üçün toz dolabına qoyulur. Amma bunların hamısı yalandır. Burda xalçanı necə gəldi yuyurlar. İşçilər xalçanın təmizliyini əlavə kontrol etmədən qurutma otağına daxil edirlər. Başdansovdu qurudulan xalçalar poketlənmə bölümünə alınır. Həmin bölmədə də işi necə gəldi görürlər. Son nəticədə vətəndaşa istənilən səviyyədə yuyulmamış və qurulanmamış xalça göndərilir». Qeyd edək ki, «Pak Xalça»nın sahibi Famil adlı şəxsdir. Gələn saylarımızda bu şəxsin hansı qanunsuz işlərlə məşğul olması, «Pak Xalça»da işçilərin əmək müqaviləsi olmadan işlədilməsi, vergidən yayındırılan vəsaitlər və vətəndaşların şikayətinə biganə münasibət göstərilməsi ilə bağlı bir-birindən maraqlı məqamları açıqlayacağıq. Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.