backend

Fuad Ələsgərov baş nazir gətirilir, Ziya Məmmədov isə çıxdaş edilir - ŞOK İDDİA

Fuad Ələsgərov baş nazir gətirilir, Ziya Məmmədov isə çıxdaş edilir - ŞOK İDDİAYaxın zamanlarda Azərbaycanda ciddi dəyişikliklər baş verəcək. Formal olaraq baş nazir kreslosunda əyləşmiş Artur Rəsizadənin istefaya göndəriləcəyi, bir sıra dövlət qurumlarının, o cümlədən Nəqliyyat Nazirliyinin isə ləğv olunacağı gözlənilir.

Savash.org xəbər verir ki, yeni baş nazirin kimliyinə də aydınlıq gəlib. Bu şəxs hazırda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan Fuad Ələsgərovdur. Mənbənin sözlərinə görə, son illər Fuad Ələsgərov prezidentin yüksək etimad göstərdiyi azsaylı məmurlardandır. Xüsusilə də Fuad Ələsgərovun ideya müəllifi olduğu ASAN Xidmətin uğurlu fəaliyyəti onun mövqelərini hakim düşərgədə nəzərəçarpacaq dərəcədə möhkəmləndirib.

Görünən odur ki, hakimiyyət mühafizəkar Artur Rəsizadəni uğurlu ideyaları ilə islahatçı imici qazanmış Fuad Ələsgərovla əvəzləyərək hazırkı böhran şəraitində hökumətin daha dinamik fəaliyyətinə nail olmaq istəyir.

Xatırladaq ki, baş nazirlıiyə yeni namizəd Milli Məclisin mərhum sədri Murtuz Ələsgərovun oğludur. Fuad Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olub və ixtisasca hüquqşünasdır.

Nəzərdə tutulan struktur islahatlarından sonra isə nəqliyyat naziri Ziya Məmmədovun işsiz qalacağı bildirilir. Bəzi iddiaların əksinə olaraq Ziya Məmmədovun tutduğu vəzifədən azad olunacağı gözlənilmir. Amma onun rəhbərlik etdiyi nazirlik ləğv olunacaq ki, bu da faktiki olaraq Ziya Məmmədovun çıxdaş edilməsi anlamına gəlir.