backend

ABŞ və Avropa İttifaqından Rusiya iqtisadiyyatını çökdürəcək sanksiyalar gəlir

ABŞ və Avropa İttifaqından Rusiya iqtisadiyyatını çökdürəcək sanksiyalar gəlir

Qərb Rusiyaya qarşı sanksiyaları ağırlaşdırıb. Avropa İttifaqı və ABŞ-dan bununla bağlı yeni xəbərlər var.

Belə ki, Avropa İttifaqı Rusiya əleyhinə növbəti sanksiyaların tətbiq edilməsi ilə bağlı konsensusa gəlib. İlkin məlumat bundan ibarətdir ki, sanksiyaların ikinci mərhələsi tam, üçüncü mərhələsi isə qismən tətbiq edilir. Amma elə bu da Rusiya iqtisadiyyatına öldürücü zərbə vurmaq üçün kifayət edir. Belə ki, Avropa İttifaqı Rusiya ərazisində bütün növdən olan layihələrin maliyyələşdirilməsini dayandırır, Beynəlxalq maliyyə mərkəzlərinin və Avropa İttifaqının Rusiyaya yönəlik bütün kreditləşdirmə əməliyyatları, eləcə də bu zamana qədər başlanmış investiya qoyuluşları dayandırılır. Bütün bunlar isə Rusiya üçün yüz milyardlarla avro itki deməkdir.

Avropa dövlət başçılarının imzalaması üçün hazırlanmış kommünikedə siyasi tələblər var. O cümlədən, Şərqi Ukraynada separatçılara verələn dəstəyin dərhal kəsilməsi və Krımın Ukraynaya qaytarılması.

ABŞ-a gəlincə, bu ölkə sanksiyaların yeni siyahısına Rusiyanın ən önəmli şirkətlərini daxil edib. Söhbət "Vneşekonombank" "Rosneft", "Qazprombank" kimi iqtisadi-maliyyə nəhənglərindən gedir.

ABŞ Xəzinədarlığının saytında yerləşdirilən məlumatda sanksiyalar tətbiq olunan fiziki və hüquqi şəxslərin siyahısı var. Rusiyanın bu fiziki və hüquqi şəxsləri həmin sanksiyalar siyahısına əlavə edilib:

1. Sergey Orestoviç Beseda (Federal Təhlükəsizlik Bürosu Beşinci Xidmətin, Əməliyyat İnformasiya və Beynəlxalq Kommunikasiya Xidmətinin komandiri, polkovnik).
2. Şeqolev İqor Oleqoviç (Rusiya prezidentinin köməkçisi).
3. Neverov Sergey İvanoviç (Dövlət Dumasının sədr müavini).
4. Savelyev Oleq Genrixoviç (Rusiyanın Krım işləri üzrə naziri).
5. Aleksandr Boroda (Rusiya vətəndaşı).

6. BAZALT Rusiya Federal Dövlət Tədqiqat və İstehsalat müəssisəsi.
7. Feodosiya Neft Məhsulları Təchizatı Ko.
8. Radio elektronik texnologiyalar Konserni.
9. Sozvezdiya Konserni Səhmdar Cəmiyyəti.
10. Hərbi Sənaye Korporasiyası Maşinostroenie (Elm İstehsalat Assosiasiyası).
11. Almaz-Antey Korporasiyasi Səhmdar Cəmiyyəti.
12. Kalaşnikov Konserni.
13. PRİBOROSTROENİYA Konstruktor Bürosu ASC.
14. Uralvaqonzavod ASC.
15. Qazprombank ASC.
16. NOVAFİNİNVEST maliyyə-investisiya kompaniyası ASC.
17. Rosneft.
18. Vneşekonombank.


Bunlardan başqa siyahıda Ukraynanın Rusiyaya bağlı silahlı separatçıların nəzarətində olan Donetsk və Luqansk regionlarının da adı var. Görünür bu regionlarda özlərini respublika elan edən separatçı rejimlərin ətmsilçiləri və onlara aid müəssisələr nəzərdə tutulur.

Beləliklə, aydın olur ki, ABŞ və Avropa İttifaqı neçə vaxtdır onların Şərqi Ukraynada aranı qarşıdırmaqdan, Ukraynanı parçalamaq cəhdlərindən əl çəkmək barədə xəbərdarlıq dolu çağırışlarını qulaqardına vuran Putin rejimini daha sərt formada cəzalandırmaq niyyətindədir. Üstəlik, Kırımın Rusiyaya birləşdirilməsilə Qərbin barışmayacağının mesajı da verilir.

azadliq.info