backend

Kəndli: Pay torpaqlarımızda nazirlərin qoyun-quzusunu otarırlar

Kəndli: Pay torpaqlarımızda nazirlərin qoyun-quzusunu otarırlar



“14 ildir hüquqlarım əlimdən alınıb. Cənab Heydər Əliyevin verdiyi fərmanlar, sənədlər əlimdə qalıb... Gədəbəyin məmurları bu sənədləri saya almırlar”.

Gədəbəyin Söyüdlü kənd sakini Nazirə Rzayeva AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, kəndlilərin pay torpaqları məmurlar və bələdiyyələr tərəfindən mənimsənilərək ya başqalarına satılır, ya da özləri üçün istifadə edirlər.

"TORPAQ VERMİŞDİ Kİ, ACINDAN ÖLMƏYƏK"

“Heydər Əliyev hakimiyyətə gələndə biz kəndlilərə pay torpağı vermişdi ki, acından ölməyək, əkib-biçib dolanaq. İslahatlar vaxtı torpaqlarımızı mənimsədilər, bu günə qədər də sata-sata gəlirlər. Söyüdlü kəndində torpaqlar bələdiyyənin əlindədir, məmurlarla birləşib torpaqları alverə çıxarıblar”.

Elə torpağından məhrum olanlardan biri də Nazirə Rzayeva özüdür. Deməsinə görə, vaxtilə ona və ailə üzvlərinə pay torpağı kimi 60 sot torpaq sahəsi bələdiyyə tərəfindən başqalarına satılıb:

“Gədəbəy rayon Aqrar İslahat Komissiyası 2001-ci ildə bizə kəndin müxtəlif yerlərində JN-0383 nömrəli Dövlət aktına əsasən 383, 383A və 383C nömrələri altında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verib. 383A nömrəli torpaq sahəsi qanunsuz olaraq Mehriban Süleymanovaya və Bəşir Həsənova satılıb. Bundan başqa, JN-0381 nömrəli Dövlət aktı ilə bizə kənddə 59 sotu əkin, 35 sotu biçənək yeri olan torpaqlar ayrılmışdı. Sonradan yararsız torpaq adlandırıb əlimizdən aldılar və həmin adamlara satdılar”.

"TORPAQ DİLDƏ MƏNİMDİR, ƏMƏLDƏ BAŞQASININ"

Nazirə Rzayeva 2006-cı ildən məhkəmə yollarında qalıb. Deyir, yerli torpaq və xəritəçəkmə şöbəsi də əraziyə baxış keçirib, şifahi şəkildə bildiriblər ki, torpaq sahələri ona və ailə üzvlərinə məxsusdur. Ancaq rəsmiyyətə gələndə...

Şikayətçi:

“Nə vaxt məhkəməyə üz tuturamsa, hakimlər deyirlər, ora sənin sahəndir, ekspert də gəlir ölçür-biçir, özümə şifahi deyir ki, sənin ərazindir. Ancaq qərar çıxardanda məlum olur ki, “mənim deyilmiş”.

Nazirə Rzayevanın iddialarını rayon məhkəməsi təmin etməyib.

Cavabdeh Bəşir Həsənov məhkəmədə bildirib ki, 17 aprel 2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Söyüdlüdə torpaq sahəsi alıb. Həmin torpaq sahəsi Daşınmaz əmlakın Dövlət Reyestrində onun adına mülkiyyət hüququ ilə qeydə alınıb. Ona reyestrdən çıxarış da verilib.

Sabir Hüseynov bildirib ki, Nazirə Rzayeva və Telman Allahverdiyevin torpaq sahələri başqa ərazidə yerləşir. Mübahisəli torpaq sahəsi ilə iddiaçıların heç bir əlaqəsi yoxdur. Torpaq şöbəsinin mütəxəssisləri dəfələrlə mübahisəli torpağa baxış keçiriblər və sahənin iddiaçılara məxsus olmadığını bildiriblər. Belə vəziyyətdə ortaya sual çıxır. Bəs vaxtilə Nazirə Rzayevaya və həyat yoldaşına təqdim edilmiş dövlət aktı üzrə torpaq hardadır?

Elə Nazirə Rzayeva da iddiasını təmin etməyən qətnamədən apellyasiya şikayəti verərək bu suallara məhkəmələrdə cavab axtarışını davam etdirməkdədir.


Esmira Cavadova