backend

Füzulidə “5000-lik” bələdiyyə sədrləri axtarılır

Füzulidə “5000-lik” bələdiyyə sədrləri axtarılır

Alı Alıyev öz siyahısında olanları seçdirmək istəyir, narazılar isə müqavimət hərəkatı yaradır

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq dövrü biabırçılıqla müşahidə olunur. Vəziyyət o həddə çatıb ki, əksər rayonlarda bələdiyyəyə üzv olmaq yalnız icra başçılarının iradəsi əsasında mümkün olur. “Qulaqburması”na daxil olan məlumata görə, Füzuli rayonunda da durum digərlərindən fərqlənmir.

Məlumatda deyilir ki, icra başçısı Alı Alıyevin göstərişinə əsasən yalnız əvvəlcədən hazırlanmış siyahıya əsasən namizədlə qeydə alınmalı və seçkiyə buraxılmalıdır. Siyahıda adları olanlar isə zamanında İcra Hakimiyyəti ilə ablaşmış və “şirinlik” vermiş şəxslərdir.

“Qulaqburması”na üz tutan şəxslər qeyd edirlər ki, Alı Alıyev pul verməyən şəxsin hansı partiyanın üzvü olmasına belə əhəmiyyət vermir. Elə bu səbəbdəndir ki, Füzuli rayonunda YAP-çıların belə namizədliyi qeydə alınmayıb.

Rayonda bələdiyyə sədri və üzvü olmağın qiymətlərinə gəldikdə isə bu kəndlər və qəsəbələr üzrə dəyişir. İddia edilir ki, Alı Alıyevin istəyinə uyğun olaraq kənd bələdiyyəsinin sədri olmaq 5000 manatdır. Üzv olaraq seçkidən çıxmaq isə 3000 manata başa gəlir. Qəsəbə bələdiyyəsinə sədrlik isə kəndlərdəkindən fərqlidir. Məsələn, Horadiz qəsəbəsinin bələdiyyə sədri həm Alıyevin yaxın adamı olmalı, həm də 10 min manatından keçməlidir. Yəni, kimliyindən asılı olmayaraq güzəşt yoxdur.

Son məlumatlara görə, dünəndən etibarən Alı Alıyev yerli DSK sədrlərinə göstəriş verərək, əsas nazmizədlərdən başqa yerdə qalanların namizədliyinin ləğv edilməsini tapşırıb. Hətta iş o həddə çatıb ki, bəzi kənd bələdiyyələrinə seçkilərin alternativsiz keçiriləcəyi gözlənilir.

Nazmizədliyi qeydə alınmayan şəxslər isə Alı Alıyevin əleyhinə birləşərək, dövlət başçısına müraciət hazırlamaqla yanaşı, həm də seçkilərin nəticələrinin ləğv edilməsi üçün faliyyətə başlayıblar. “Qulaqburması”yla əlaqə saxlayan həmin şəxslər bildiriblər ki, artıq ilk prosesə MSK-ya müraciətlə start veriblər. Ardından isə prezidentə, daha sonra isə seçkilərin nəticələrini əks etdirən protokolları toplayaraq məhkəmələrə üz tutacaqlar.