backend

YAP Ağsu rayon təşkilatında 15 iyun Qurtuluş günü qeyd olundu

15 iyun 2021-ci il tarixdə YAP Ağsu rayon təşkilatında “Xilas günümüz” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon təşkilatının Şura üzvləri, ilk təşkilat sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə və şəhidlərin məzarına gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir karantin qaydalarına əməl olunmaqla YAP Ağsu rayon təşkilatının iclas zalında davam etdirildi.
YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək qeyd etdi ki, 15 iyun tarixi xalqımızın taleyinə dönüş nöqtəsi kimi yazılıb. 1993-cü ilin məhz həmin günündə xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizi parçalanmadan və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Səriştəsiz rəhbərlərin dövləti idarə edə bilməmələri, Ermənistanın artan təcavüzü qarşısında xalqın gücünə yox, kənar qüvvələrə arxalanmaq yenicə müstəqillik əldə etmiş ölkəmizi məhvə sürükləyirdi. Bundan çıxış yolunu xalq yalnız ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Belə bir zamanda xalqımızın dahi oğlu bu çağırışa biganə qala bilməzdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. Hakimiyyətin maneələrinə, təzyiqlərinə baxmayaraq Ulu Öndərimiz xalqa verdiyi sözü, ölkəni düşdüyü bəlalardan qorumaq missiyasını həyata keçirməyi bacardı. Bir daha sübuta yetirildi ki, xalqa arxalanmaq, dəstəyini xalqdan almaq böyük uğurların açarıdır.
Ə.Hüseynov bildirdi ki, Azərbaycanın yaşaması, var olması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla bütövlükdə Azərbaycan dövlətinin qorunmasına nail oldu. Ulu Öndər bu qayıdışla Azərbaycan dövlətinin və xalqının mövcudluğunu təmin etmiş oldu.
Daha sonra tədbir iştirakçıları şəhid ailələrini ziyarət ediblər.