backend

Şamaxıda daha bir rəzalət

Şamaxıda daha bir rəzalət














Ölüm qorxusu ilə təhsil alan şagirdlər

Şamaxı rayonunun Kamil Nəbiyev adına Məlhəm kənd orta məktəbi qəzalı vəziyyətdədir.


Uzun illərdən bəri baxımsız qalan məktəbin binası tamamilə yararsız hala düşüb.

Vəziyyətlə bağlı yerli sakinlər dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də, səslərinə səs verən olmayıb.

Kənd sakinləri bildiriblər ki, məktəbdə vəziyyət ifadə edildiyindən də ağırdır.

Şagirdlərə odun daşıtdırırlar...

Belə ki, kənddə qaz xəttinin çəkilməsinə baxmayaraq, məktəbin sinif otaqları hələ də odunla qızdırılır. Sakinlər deyir ki, kənd ərazisində paylanan qaz xətti məktəbin yanından keçsə də, buna məhəl qoyan yoxdu. Şagirdlərin günü meşədən odun doğramaqla və məktəbə daşımaqla keçir. Buranın odun yanacağı valideynlərin köməyi ilə təmin olunur. Məktəbin sinif otaqlarının iri pəncərələrinin sınıq olması siniflərdə istiliyin əldə olunmasında problem yaradır. Odunla qızdırılan otaqlarda tüstüdən oturmaq mümkün olmur. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edir. Soyuq otaqlarda tədris prosesi çətinləşir, bir və ikinci saatlardan sonra uşaqlar evə buraxılır. Hər gün eyni prosesin təkrarlanması Məlhəm camaatının etirazına səbəb olub. Şikayətçilərin dediyinə görə, məktəbin şəraitsizliyi uşaqların tez-tez xəstələnməsinə də səbəb olub. Binanın daxilində və həyətində natəmizlik baş alıb gedir. Bu gedişlə məktəbin fəaliyyətini dayandıracağı bildirilir.

150 şagirdin acınacaqlı durumu...

1975-ci ildə inşa edilən Kamil Nəbiyev adını daşıyan orta mәktәb Şamaxı rayonunun әn böyük mәktәblәrindәn sayılır. 500 nəfərlik təhsil üçün tikilən ikimərtəbəli binada hazırda 149 şagird təhsil alır. Təhsil ocağının bu günədək əsaslı təmir edilməməsi məktəbdə tədrisin keyfiyyətində problemlər yaradıb. Bina köhnə olduğundan divarlarda çatlar daha da genişlənib və hər an uçma təhlükəsi ilə üz-üzə qalıb. Tavan və döşəmələrin vəziyyətindən isə danışmaqla bitməz. Sakinlərin bildirdiyinə görə, əvvəlki illərə nisbətən şagirdlərin davamiyyətində geriləmələr var. Bunun da səbəbi bəllidir. Valideynlər dərslərin keçirilməsində məhdudiyyətlərin olmasından narahatlıqlarını bildiriblər. Təhsil ocağında dərs səviyyəsi də ürəkaçan deyil. İş o yerə çatıb ki, təhsil almaq istəyən şagirdlər bərbad tədris üzündən məktəbi tərk edirlər. Tədrisin keyfiyyətindən narazılıq edənlər isə kənd daxilində müəyyən orqanlar tərəfindən sıxışdırılır.

Xatırladaq ki, bir müddət öncə Məlhəm sakinləri sözügedən məktəbin təmirə ehtiyacı olduğu tələbi ilə sosial şəbəkələrdə çıxış etmişdilər. Amma onların bu tələbi nəinki qəbul edildi, hətta şikayətçilərə qarşı xeyli təzyiqlərlə nəticələndi. Məsələ isə hələ də öz durğunluğunda qalmaqdadır. Cavabdeh qurumlar məsələyə nədənsə göz yumur və neçə illərdir ki, kənd əhalisi ilə ötür-ötür oyunu oynayırlar.

40 il əvvəl tikilin məktəb niyə təmir olunmayıb?

Qeyd olunan məsələ ilə bağlı Məlhəm kənd orta məktəbin direktoru Rəfiqə Ağayeva 40 il əvvəl tikilən təhsil ocağının bu günə qədər əsaslı təmir olunmadığını bildirib: “Məktəbin təmirə ehtiyacı var. Xirda təmirlər olunsa da, əsaslı təmir işləri aparılmayıb. Bununla bağlı müraciət etməmişəm. Amma təmirlə əlaqədar müraciətlər Şamaxı rayon Təhsil Şöbəsində və Rayon İcra Hakimiyyətində var. Ola bilsin ki, 150 nəfərlik şagirdin təhsil alması üçün başqa yerdə yeni məktəb tikiləcək. Bu məsələni gələcəkdə məktəbin təmiri üçün yönəldilən memar şəxslər daha yaxşı bilər. Bu işin kimlər tərəfindən təşkil olunacağı və həyata keçiriləcəyi haqda bilgim yoxdur”.

Məktəbin direktoru hazırda təhsil ocağının qızdırılması üçün quru yanacaqdan, yəni odundan istifadə edilməsini də istisna etmədi: “Qaz xətti var. Amma bildirilir ki, əsaslı təmir olunana qədər məktəbə qaz xəttinin çəkilməsi mümkün deyil. Şagirdlər olan yerdə qazın çəkilişi təhlükəli hesab olunur”.

İcra Hakimiyyəti problemi Təhsil Nazirliyinin üstünə atdı...

Məsələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova deyib ki, tikinti sahəsi ilə Təhsil Nazirliyi məşğul olur, Şamaxı rayon İcra Hakimiyyəti yox: “Şamaxıda bir neçə orta məktəbin təmir olunması ilə əlaqədar müraciət Təhsil Nazirliyinə göndərilib. 2015-ci ildə yeni məktəb tikililəri olacaq. Amma Məlhəm kənd orta məktəbinin həmin siyahıya salınıb-salınmamasını bilmirəm”.

Nazirlik: "Araşdırılacaq..."

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, qeyd olunan məsələ araşdırılacağı təqdirdə cavablandırıla bilər: “Əsaslı təmir-tikinti idarəsi ilə danışandan sonra məlumat verə bilərik. Nazirlər Kabineti tərəfindən bu məsələnin xüsusi planı işlənilməlidir. Ölkədə 500-ə yaxın orta məktəb fəaliyyət göstərir. Onların hamısının vəziyyəti haqda mənim məlumatım ola bilməz. Məlhəm orta məktəbi ilə bağlı nazirliyə müraciət olunubsa, araşdırılacaq”.

Məlhəm kənd İcra Nümayəmdəliyinin əməkdaşı Elşən Ağayev bildirib ki, hazırda kənddə 1248 nəfər əhali yaşayır. Onlardan 168 nəfəri məktəbyaşlı uşaqlardır.
Qeyd edək ki, Əfzələddin Xaqani kimi dahi şairimiz məhz bu kənddə doğulub. Həmçinin Şamaxı İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Abbas Səhhət kimi incilərimizin yetişdirdiyi müqəddəs ocaqdır.

A.Amilqızı