backend

Putin azərbaycanlı maqnatı Kremlə çağırdı: “Heç bir layihəni dayandırmamısınız?”

Putin azərbaycanlı maqnatı Kremlə çağırdı: “Heç bir layihəni dayandırmamısınız?”
















Rusiya prezidenti Vladimir Putin “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovu Kremlə çağırıb

qaynarxett.az virtualaz.org saytına istinadən xəbər verir ki, Putin azərbaycanlı neft maqnatından dünya bazarlarında neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda “LUKoil” şirkətinin işləri haqda soruşub. V.Ələkbərov məruzə edib ki, neftin qiymətlərinin aşağı düşməsi hasilatçı şirkətlərə çox güclü təsir edir, ancaq buna baxmayaraq “LUKoil” öz işlərini ixtisar etməyəcək.

“Siz praktiki olaraq öz layihələrinizdən heç birini dayandırmamısınız?” - Putin soruşub.

“Yox. Bizim üçün 2015-ci il öz aktivlərimizin maksimum istismara verildiyi il olacaq. 5 milyard dollarlıq layihələr işə düşür, bura neft emalı, katalitik krekinq daxildir. Bu il Permdə zavodun modernləşdirilməsini başa çatdırırıq, Volqoqradda da işlərimiz yekunlaşır. Hesab edirik ki, 2015-ci ildə irəliyə doğru böyük addım ata bilərik. Biz işçilərimizi ixtisar etməyəcəyik, onların istehsal qabiliyyətini artıracağıq”- Ələkbərov cavab verib.

“Bəs sizdə hasilat nə qədərdir?”- Putin maraqlanıb.

“Bu il ərzində Rusiya ərazisində 86 milyon ton hasil etmişik, yəni hasilatı yeni açılan yataqların hesabına kompensasiya edirik. Bu il Xəzərdə daha bir neft yatağı kəşf edildi və hazırda orada geoloji kəşfiyyat işlərini yekunlaşdırmalıyıq”- Vahid Ələkbərov bildirib.

“Dəstək verəcəyik. Biz indi biznesi diversifikasiya edirik. Mən sizin almaz xammalı hasil edən yeni müəssisənizdə olmuşam”- Putin deyib.

Ələkbərov “LUKoil”un almaz biznesini inkişaf etdirdiyini qeyd edib: “Bu il biz yəqin ki, milyon yarım karat almaz hasil edə biləcəyik. “ALROSA”ya baxanda əlbəttə, bu, azdır, ancaq almaz hasilatı özünü doğruldur. Əminik ki, 5-6 ilə bu biznes gəlir gətirəcək”.

Bütün bunlar V.Ələkbərovun prezident Putinlə görüşünün telekameralara açıq hissəsindəndir və şübhə yoxdur ki, Rusiya prezidenti azərbaycanlı neft maqnatını təkcə bu söhbətə görə qəbul etməmişdi. İndi Rusiyanın neft-qaz şirkətləri Qərbin sanksiyaları üzündən beynəlxalq maliyyə bazarlarına çıxa, ucuz kreditlər cəlb edə və beləliklə də öz layihələrini maliyyələşdirə bilmirlər. Bu isə neft-qaz və hasilat sektorunda iş yerlərinin kütləvi ixtisarına səbəb ola bilər.

O cümlədən “LUKoil” şirkəti xarici banklardan kreditlər cəlb edə bilmir və analitiklərə görə V.Ələkbərovun Putinlə görüşdə əsas məqsədi federal ehtiyatlar fondundan şirkətə vəsaitlərin verilməsinə nail olmaq idi. Ələkbərov vəd edir ki, əgər federal ehtiyatlardan “LUKoil”a pul ayrılsa şirkət iş yerlərini ixtisar etməyəcək və hasilatı aşağı salmayacaq. Artıq “Rosneft” və digər iri şirkətlər federal fonddan vəsaitlər almaq üçün müraciət ediblər.

“LUKoil” Azərbaycanın “Şahdəniz” layihəsində 10 faizlik paya malikdir və bu payı maliyyələşdirmək üçün xarici banklardan kredit cəlb etməkdə çətinlik çəkir.