backend

“Ədliyyə nazirinin keçmiş müavini Tofiq Həsənov mənim evimi dələduzluqla ələ keçirib…” – NARAZILIQ VAR!

9 nəfərlik ailəsi ilə birgə Bakı şəhərində kirayədə yaşayan, Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Axura kəndində qeydiyyatda olan Şirəliyeva Sürəyya Muxtər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edən şikayətçi deyir ki, Axura kəndində qeydiyyatda olduğu, mərhum həyat yoldaşının ata-baba yurdunda tikilən ailəsinə məxsus ev qanunsuz yollarla satılaraq, pulu mənimsənilib.Sürəyya Şirəliyeva yazır ki, ali təhsilli mühəndis olan həyat yoldaşı Şirəliyev Heydər Şirəli oğlu 1989-cu ildə iş qəzası nəticəsində başından ağır xəsarət alıb və bundan sonra sağlıq durumunda ciddi problem yaranıb. Belə ki, o, həyatının sonunadək şizofreniya xəstəliyindən əziyyət çəkib. Bu səbəbdən, Naxçıvan Psixonevroloji Dispanserdə qeydiyyatda olub və xəstəliyinə görə təqaüd də alıb.
Şikayətçinin sözlərinə görə, mərhum həyat yoldaşının şizofreniya xəstəsi olması Məhkəmə Psixiatrik Ekspertizasının 03.02.2018-ci il tarixli, 127 saylı rəyində də öz əksini tapıb. Bununla belə, Axura kənd icra nümayəndəsi Cəlilov Cabbar Cəlil oğlu 14.02.2003-cü ildə həyat yoldaşının xəstəliyindən istifadə edərək, Şərur 1 saylı notariat kontorunun notariusu ilə əlbir olaraq, ailə üzvlərinin heç birinin xəbəri və rəsmi razılığı olmadan, Axura kəndindəki evlərini Orucov Vidadi Musa oğluna satıb. “Kənd icra nümayəndəsi bütün kənd sakinləri kimi bizim ailəni yaxından tanıyır və bilirdi ki, Heydər şizofreniya xəstəliyindən əziyyət çəkir. Buna görə də, Cabbar Cəlilovla notraius faktiki olaraq vəzifə saxtakarlığı törətmişlər. Belə ki, Axura kəndində 3939,88 kvadrat metr həyətyanı torpaq sahəsini, içərisindəki ev və əşyaları ilə birlikdə, bizim xəbərimiz olmadan, Orucov Vidadi Musa oğluna satıblar”, – deyən S.Şirəliyeva bildirir ki, bu alqı-satqı müqaviləsi saxta sənədlər əsasında bağlanıb. Belə ki, icra nümayəndəsi Cabbar Cəlilov guya onlara məxus pay torpağını sənədləşdirmək adı ilə mərhum həyat yoldaşını ağ vərəqə imza atmağa razı salıb. Bundan sonra, digər ailə üzvlərinin, hətta həmin vaxt hərbi xidmətdə olan oğlunun adından saxta “razılıq ərizəsi” hazırlanaraq, ev başqasına satılıb.
S.Şirəliyeva deyir ki, həmin vaxt Bakıda yaşadıqları üçün o və ailə üzvləri bu alqı-satqı işindən təxminən 9 il sonra xəbərdar olub. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən, 2012-ci ildə yeniləmək üçün Naxçıvana yola düşüb. Bu zaman məlum olub ki, icra nümayəndəsi Cabbar Cəlilov 2025-ci ildə onu, həyat yoldaşını və övladlarını Axura kəndindəki evlərindən qeydiyyatdan çıxarıb. Nəticədə, məlum alqı-satqı fırıldağı ortaya çıxıb. Şikayətçinin sözlərinə görə, həyat yoldaşının ata yurdu satışa çıxarılan zaman, onun cehizləri ilə yanaşı, evin içərisində olan digər əşyalar da mənimsənilib:
“Mən bu qanunsuzluqlara hüquqi qiymət verilməsi, mülkiyyət hüququmun bərpa edilməsi üçün 12.12.2018-ci ildə Şərur rayon Məhkəməsinə müraciət etmişəm. Keçirilmiş xətşünaslıq ekspertizasının nəticəsində müəyyən olunmuşdur ki, evin özgəninkiləşdirilməsi üçün razılıqla bağlı atılmış imzalar mənə və oğluma aid deyildir. Bununla belə, Şərur rayon Məhkəməsi daşınmaz əmlakla bağlı iddia müddətini tətbiq edərək, 6 iclas keçirildikdən sonra mənim iddiamı ləğv etdi. Beləliklə də, mənim və ailə üzvlərimin nə pozulan mülkiyyət hüququ bərpa olundu, nə də təqsirkarlar cəzasını aldı”.
Hazırda 9 nəfərlik ailə üzvləri ilə birgə evsiz-eşiksiz qaldıqlarının bildirən şikayətçi, yetkili dövlət rəsmilərindən şikayətinin araşdırılmasını və mülkiyyət hüququnun bərpa olunmasını xahiş edir. O, keçmiş icra nümayəndəsi Cabbar Cəlilovun, Şərur raton 1 saylı notariat kontorunun keçmiş rəhbərinin və Şərur rayon Məhkəməsinin hakimi Seymur Qarayevin məsuliyyətə cəlb olunmasını istəyir:
“Seymur Qarayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi özbaşınalıqla bitdi. Deməli, hakim qarşı tərəfə özünü müdafiə etmək üçün söz haqqı verdi, evi əlindən zorakalıqla alınan mənə isə söz haqqı vermədi. Məhkəməni düzgün aparmadı. Seymur Qarayev ya rüşvət almışdı, ya qarşı tərəflə hansısa məsələdə sövdələşib deyə mənim işimə düzgün baxmadı. Proses zamanı Cabbar Cəlilov ifadə verən zaman onun dediyi yalanlara münasibət bildirməyimə belə icazə vermədi. O, bütün sənədlər qarşısında ola-ola məni susdurdu.
Yoldaşım şizofreniya xəstəsi olub, oğlum hərbi xidmətə gedən zaman yaşadığım yerdən arayış almışam. Əgər mən o evi çoxdan satmış olsaydım, necə olur ki, mənə yaşayış yerinin təsdiqi haqqında arayış verilib?! Mən bu sualları hakimə vermək istəyəndə məni susdurdu. Yoldaşım 3 ədəd ağ vərəqə qol çəkdirilib və bu səbəbdən də evimə yiyələniblər. Digər məhkəmələrdə sübut olunmuşdu ki, kağızda olan imzaların 1-i yoldaşıma aiddir, digər 2 imza isə başqa şəxslər tərəfindən çəkilib.
Naxçıvanda 2 məhkəmə prosesi yaxşı keçirdi. Hakim Seymur Qarayev hətta mənim başa düşmədiklərimi, imza məsələsini belə açıq-aşkar ortaya çıxartdıqdan sonra, birdən-birə nə tapşırıq gəldisə, nə oldusa fikrini dəyişdi, mənə qarşı qərəzli şəkildə qərarlar verməyə başladı. Hakim Seymur Qarayev öz dili ilə məhkəmədə bildirdi ki, bu imza zərərçəkmişə aid deyil. Sonradan dövlətin hakiminin fikirləri niyə qarışdı, mənə də qaranlıqdır…
3-cü məhkəmə prosesində hətta mənim vəkilim olan Arif müəllim “uğur qazana bilmərik” deyib yollarını mənimlə ayırdı. Vəkillər Kollegiyasında olmuşam, bütün vəkillərlə yanaşı, öz vəkilim də Seymur Qarayev kimi qarşı tərəfin haqsız olduğunu bildirsə də, sonradan fikirlərini dəyişdilər. Vəkilim qəflətən mənim işimdən üz döndərdi.
Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürovla məsləhətdəşdiyim zaman o da mənim haqlı olduğumu bildirmişdi.
Şərur rayon prokroru Rəşad Babayelə də görüşdüm, başıma gələnləri danışdım. Rəşad Babayev mənə məsləhət verdi ki, məhkəməyə ver…
Evimi mənimsəyən şəxs Orucov Vidadinin həyat yoldaşı Məryəm məhkəmədə izahat verərək bildirdi ki, guya evimin əşyalarını baldızım Bayramova Həbibə və yoldaşımın bibisi qızı Kubra yığıb aparıb. Bunların dediyi kimi, evimi mən və yoldaşım satmışdıqsa, bəs evimin cehizini niyə baldızım və Kubra aparıb?!
Mən sizin sayt vasitəsilə Prezidentə və Birinci xanıma müraciət edirəm. Naxçıvan Ədliyyə nazirinin keçmiş müavini vəzifəsində çalışan Həsənov Tofiq Etibar oğlu mənim evimi dələduzluqla ələ keçirib. O, Vidadi Orucovun əmisi oğludur.
Naxçıvan Ali Məclisinin rəhbərliyinə də Seymur Qarayevlə bağlı şikayətimi bildirmişəm. Xahiş etmişəm ki, Seymur Qarayevin apardığı prosesi nəzarətdə saxlasınlar. Hal-hazırda 9 nəfər ailə üzvümlə birgə yaşadığım mülkdə Şərur rayon Axura kəndində qeydiyyatdayam. Mən və ailəm nə qədər orda-burda qalmalıyıq? Mənim və ailəmin yaşamaq hüququmuzu əlimizdən alıblar.
2005-ci ildə qeydiyyat kitabçasından silinmişiksə, necə olur, 2007-ci ildə oğlum əsgərliyə gedərkən arayış alıb?! Əgər qeydiyyatımız olmayıbsa, necə arayış ala bilmişik?”
Redaksiyadan: Qeyd edək ki, Sürəyya Şirəliyevanın şikayəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə, Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişik. Qəzetimizin növbəti sayında sözügedən qurumların mövqeyini dərc edəcəyik.
Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini də dərc etməyə hazırıq. //“Hürriyyət”//