backend

İsti bir tərəfdən, qiymətlər o biri tərəfdən “yandırır”… – Necə dincələk?

Burada əsas məsələ xidmət sektorunun bölgələrdə nə dərəcədə inkişaf etməsi ilə bağlıdır. Mərkəzdə – Bakıda turizm sektorunda peşəkar kadrlar müəyyən qədər var. Bölgələrdə isə bu iş qeyri-peşəkar şəkildə təşkil olunmaqdadır. Ona görə də regionlarda müəyyən çatışmazlıqlar var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib.

O, quru sərhədlərin 3 ildən çoxdur ki, bağlı qalması müqabilində daxili turizmdəki problemlərdən söz açıb.
Onun fikrincə, bəlkə də bu tendensiya turizm institutunun, onun yan quruluşlarının və yaxud turizm peşə məktəblərinin olmasını vacib edir:
“Çünki müəyyən peşə məktəblərində turizm peşə təhsili verilsə də, bu, regionlardakı insanları nə dərəcədə təmin edir, yaxud ixtisaslı kadrlar oraya gedirmi, ya yox, bunlar müzakirə edilməli olan məsələlərdir”.
Müsahibimiz düşünür ki, burada digər bir məsələ isə obyektləri işlədən sahibkarların işə necə yanaşmasından asılıdır:
“Çünki yerli və xarici turist arasında hər hansı bir fərq qoymaq olmaz. Ona görə ki, yerli ölkə vətəndaşıdır, xaricdən gələn isə ölkəyə valyuta gətirir. Yəni hər ikisi qiymətlidir. Burada əsas məsələ ondan ibarətdir ki, bölgələrdə olan sahibkarların bu məsələyə yanaşmasının önəmini anlamısıdır. Digər tərəfdən, qiymətlərin baha olmasının qarşısı müəyyən qədər alınmalıdır. Əgər sərbəst bazar iqtisadiyyatı varsa, qiymətlər də uyğun şəkildə təklif olunmalıdır, nəinki insanların peşəsinə görə”.
C.Dövlətzadə aydınlaşdırıb ki, standart qiymətlər menyu şəklində müştərilərə verilməlidir:
“Hansısa obyekt bu menyunu verə bilmirsə, bu, əlbəttə ki, düzgün deyil. Bu, tələb olunmalıdır. Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumların nəzarəti altında olmalıdır. Eləcə də hər kəs menyuya sahib olmağa borcludur ki, həmin menyu yerli və xarici müştəri üçün eyni olsun”.
Həmsöhbətimiz əlavə edib ki, həmçinin, yerli müştərilər bölgələrə gedərkən burada daha az pul xərcləyərək, daha rahat dincəlməlidirlər:
“Çünki Azərbaycanın o qədər dilbər guşələri var ki, orda şərait olsa, insanlar xaricə üz tutmaz. Bu, o vaxt məqsədəuyğun olardı ki, Azərbaycanın ümumi əhvali-ruhiyyəsi çox yüksək səviyyədə olsun. Amma yerli vətəndaşlar daxilə ona görə səfər edirlər ki, onların xaricə çıxmaq imkanları azdır. Yəni bu kəsim insanlar daha darbüdcəli olduqları üçün xidmətlər də o şəkildə olmalıdır. Bu da sahibkarın xoş niyyətindən və peşəkar kadrların olub olmamasından asılıdır”.
Mütəxəssis xatırladıb ki, Bakı restoranlarının bəziləri 25%-lik əlavə xidməthaqqının tutulması düzgün deyil:
“Bu, yerli və xarici müştəriyə qarşı diqqətsizlik deməkdir. Çünki restoran xidmətlərində bu standarta görə 10% olaraq təqdim olunur. Lakin bunlar 15-25% olursa, bu da müştərinin küsməsinə gətirib çıxarır. Pulu hər zaman qazanmaq olar, etibarı isə hər zaman qazanmaq olmur. Sahibkarların əsas devizi də belə olmalıdır ki, etibarı qazanaraq pul qazanmaq lazımdır.
O ki qaldı sərhədlərin açılmasına, ümid edirəm ki, oktyabrda quru sərhədləri açılar və ölkəyə daha çox turist daxil olar və bu da turizm sektorunun inkişafına töhfə olar. Çünki bazar olanda qiymətlər avtomatik şəkildə tənzimlənir və hər kəs buna sevinir”.