backend

44 GÜNLÜK SAVAŞDA İŞTİRAK ETDİ, 42 GÜN ƏSƏB DİSPANSERİNDƏ MÜALİCƏ ALDI, SOSİAL MÜVİNƏT VERİLMİR… - Şikayət / Fotolar

44 günlük Qarabağ müharibsinin iştirakçısı, Masallı rayonu, Köçəkli kənd sakini Kərimov Araz Nəzər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ruhi xəstəxanada yatmasına baxmayaraq, ona sosial müavinat verilmir:

“Mən, Kərimov Araz Nəzər oğlu, yazaraq sizdən xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başıma açdığı oyunu mətbuatda işıqlandırasınız.

44 günlük II Qarabağ müharibəsində iştirak etmişəm. Bunu fəxrlə deyirəm. 2 dəfə orta ağır səviyyədə yaralanmışam. Müharibə bitdikdən sonra 42 gün Maştağa ruhi əsəb dispanserində müalicə almışam. Müalicə vaxtı aşkar olundu ki, məndə şəxsiyyət pozuntusu xəstəliyi var. Yaddaşsızlıq və 1 gözümün zəifləməsi aşkar edilmişdir.

Bütün bu xəstəliklərə aid sənədlərimi Sosial Müdafiə Fonduna təqdim etsəm də, mənə imtina cavabı verirlər, əlillik dərəcəsi vermirlər.

1 övladım var, ailəmin yanında carəsiz vəziyyətdə qalmışam. Müalicə almağa, ailəmi dolandırmağa imkanım yoxdur. Əlimdə sənədlərim ola-ola Sosial Müdafiə Fondu imtina cavabı verir, guya sağalan xəstəyəm.

Mən sizin qəzet vasitəsilə Sahil Babayevə səslənirəm: “Sənin oğlun da, əzizin də mənim günümə düşsün və sənin kimi millətin qanını içənlərə möhtac qalasınız”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən qəzetimizə verilən açıqlamada vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.
Jalə FAMİLQIZI
Teref: Xocanın Blogu