2022-ci ilin yanvar ayının ilk iş günlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edildi. O vaxt yayılan məlumatlara görə, Namiq Xıdırov vəzifəsindən ayrılması ilə bağlı özü ərizə yazdığını təsdiqləmişdi: “Öz ərizəmlə işdən azad olundum. Özüm Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışmaq istəmədim”.
Hərçənd, Namik müəllimin guya Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən azad olunduğu haqda informasiyalar dövriyyəyə buraxılsa da, sabiq rəis barəsində Baş prokurorluq və digər hüquq-mühafizə orqanlarında cinayət işinin açılmadığını da demişdi: “Bu barədə məlumat həqiqətə uyğun deyil”.
Amma Namik Xıdırovun vəzifədən azad olunmasından sonrakı iki ilə yaxın müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin müvəqqəti olaraq həvalə olunduğu Xalıqverdi Hüseynov bu işin öhdəsindən gələ bilmədi. 2023-cü il fefralın 6-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edildi. Bəzi kütləvi informasiya vasitələri onun işdən çıxarılmasını pensiya yaşının çatması ilə əlaqələndirsələr də, amma əslində isə Xalıqverdi Hüseynovun rəhbəri olduğu qurumda bir çox özbaşınalıqlara yol verdiyinə görə vəzifəsindən atıldığı deyilirdi.
Bu il vəzifəyə götürülən hazırki rəis Cabbar Qəribovu da Xalıqverdi Hüseynovun aqibəti gözləyir. Çünki onun hakimiyyəti dönəmində meşələrin qanunsuz qırılması halları daha da çoxalıb. Elə bu günlərdə – noyabrın 17-18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin daha bir vəzifəli şəxsi saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onların xidməti otaq və avtomobillərində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi digər əməliyyat zamanı xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb və həbs edilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Köklü səbəb budur ki, Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsi tamamilə nazir müavini Vüqar Kərimovun kurasiyasındadır. Meşələrin talan edilməsinin bunca bvüsət alınmasında da əsas subyektiv amil məhz Vüqar Kərimovun odioz personasıdır. Bu nöqteyi-nəzərdən, nə qədər ki, Vüqar Kərimov nazirlikdə “boz kardinaldır”, o vaxtadək nə Meşələrin İnkişafı Xidmətinə, nə də onun caynağı altında saxladığı digər stukturlara doğru-dürüst rəhbər təyinatı olmayacaq
Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov