backend

Bakıda yayılan virus - maska taxmaq da qorumur

Adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır, öskürək və...

Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.

Zaqatalada qızılca xəstəliyi yayılıb. Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub: “Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatala rayonunda qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb: “Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunublar. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir”.

Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir?
Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca hava-damcı yolu ilə yayılan infeksion xəstəlikdir: "Bu xəstəlikdə yoluxma yüz faizdir. Yəni kontakt olursa, yüz faiz yoluxma baş verir. Ölkəmizdə bir yaşından başlayaraq qızılca xəstəliyinə qarşı peyvəndləmə olur. 1 yaşında və 6 yaşında. Lakin peyvənddən kənar qalan uşaqların yoluxma ehtimalı daha çoxdur. Ona görə burada birinci qorunma yolu peyvənd olunmaqdır. Uşaqlarda əgər hər hansı bir ciddi əks-göstəriş yoxdursa, mütləq peyvənd olunmalıdır. Maskadan istifadə etmək, ya da uzaq durmaqla bu xəstəlikdən qorunmaq mümkün deyil. Yalnız izolyasiya ilə mümkündür. Yəni kollektivdə bir uşaqda belə qızılca xəstəliyi aşkarlanırsa, həmin müəssisə dezinfeksiya, həmin uşaq təcrid olunmalıdır. Yaxşı olardı ki, əlaqədə olan uşaqlarda bir müddət kollektivə çıxmasınlar. Yəni xəstəni izolyasiya etməklə yalnız qorumaq mümkündür və peyvənd vasitəsilə".

Pediatr onu da əlavə edib ki, peyvənd olunan uşaqlar xəstəliyi ya yüngül keçirirlər, ya da ümumiyyətlə keçirmirlər: "Uşaqların peyvənd olunmasının digər müsbət xüsusiyyəti də evdə olan digər adamları yoluxmadan qoruyur. Uşaqlar asan keçirsələr də, evdə olan digərləri, əsasən də böyüklər bu infeksiyanı ağır keçirir, əsasən də kişilər. Hamilə qadınların yoluxması təhlükəlidir. Bir yaşa qədər körpə uşaqların yoluxması təhlükəlidir. O baxımdan mütləq şəkildə peyvənd olunmaya ciddi riayət edilməlidir. Məncə, bu valideynin istəyi ilə yox, məcburi şəkildə, əks-göstəriş yoxdursa, uşaqlar bir yaşından sonra mütləq peyvənd olunmalıdır. Yoluxma halları da kiçik yaşda uşaqlar arasında daha çox müşahidə edilir".

Qeyd edək ki, uşaqlarda qızılca şiddəti ilə fərqlənən fərqli simptomlarla özünü göstərir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir və yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpgi meydana çıxır, adətən üzdən başlayır və bədənin digər hissələrinə yayılır.

Qızılca adətən 37°C və ya daha yuxarı qalxan qızdırma ilə başlayır. Öskürək, burun axması və ya tıxanıqlığı kimi soyuqdəyməyə bənzəyən tənəffüs simptomları qızılcanın erkən əlamətlərdir. Konjonktivit - qızılca zamanı gözlərdə qızartı və işığa həssaslığa səbəb olacaq iltihab yaranır. Diaqnostik əlamət sayılan koplik ləkələri olaraq bilinən ağız içərisində kiçik ağ ləkələr qızılca olduqda görünə bilir. Eləcə də qırmızı, düz ləkələrdən ibarət səpgi adətən üzdən başlayır və bədənə yayılır. Bu daha çox yüksək hərarətlə birlikdə müşahidə olunur.

Qızılca simptomları yaxşı qidalanmayan uşaqlarda və ya immun sistemi zəif olanlarda daha ağır ola bilir. Yüksək yoluxucu təbiətinə görə, bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi düzgün diaqnoz və müalicə üçün çox vacibdir. Bundan əlavə, vaksinasiya da qızılca xəstəliyinin başlanmasının qarşısını almaqda və virusa yoluxanlarda simptomların şiddətini azaltmaqda mühüm rol oynayır.

Qızılca virusu daha sonra tənəffüs epitelində çoxalır və bütün bədənə yayılır. İmmunitet hüceyrələrinə, xüsusən də ağ qan hüceyrələrinə üstünlük verilir. İmmunitet sistemi infeksiyaya cavab verir və simptomlar adətən məruz qaldıqdan 10-14 gün sonra görünür. Bu inkubasiya dövründə virus çoxalır və uşaq qızılca əlamətlərini bu zaman göstərməyə başlayır. Qızılca çox yoluxucudur və fərdlərdə səpgilərin başlamasından təxminən dörd gün əvvəldən dörd gün sonraya qədər virusu başqalarına yaya bilir.

Afaq MİRAYİQ
Teref. Xocanın Blogu