"Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edir. Hər birimiz yaxşı bilirik ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Möhtərəm Prezidentimizin növbəti beynəlxalq qələbəsidir. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzindədir. Onu qeyd edək ki, dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Ölkə başçımız İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik."
Bu sözləri mətbuata Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov bildirib.
İcra başcısi deyib: "Bəli, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə oldu. Məhz Azərbaycanımızda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir. Məhz bu il belə bir mötəbər tədbir COP29-la Azərbaycan dünyaya bir daha öz qüdrətini, ədalətli dövlət başçısı İlham Əliyevin vasitəsilə tam göstərəcək."
Taleh Qaraşov qeyd edib ki, noyabrın 11-dən etibarən dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilir. 2024-cü ildə COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Dekabrın 11-də isə COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilən plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu.COP29-un ölkə iqtisadiyyatına da müsbət təsirləri gözlənilir.
İcra başcısı sonda dedi: "Konfrans nəticəsində turizm sektoru canlanacaq. Tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq, yaşıl enerjinin inkişafını təşviq edəcək. Ölkənin beynəlxalq əlaqələri, diplomatiyadakı mövqeyi daha da möhkəmlənəcək. COP29 işğaldan azad edilən ərazilərdəki ekoloji problemlər üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu işlər həm də Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır. COP tədbirlərində biznes strukturları da iştirak edirlər. Biznes dairələrinin nümayəndələri bir-biri ilə tanış olurlar. Bu da özlüyündə müsbət göstəricidir. Paralel olaraq, siyasi dairələr, QHT-lər, media sektoru da COP tədbirləri çərçivəsində əlaqələr qurur, yaxud mövcud əlaqələri genişləndirirlər."
BİA.az