backend

Lacın rayonunun Quşçu kənd tam orta məktəbindən ŞİKAYƏT VAR: "Direktorun idarəçilik üsulu avtoritar xarakter daşıyır..."

Redaksiyamıza Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Lacın rayonunun Ə.Q.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin direktoru Elnurə Vəliyevanın haqqında bəzi narahatlıq doğuran iddialar daxil olub. Adının acıqlanmasını istəməyən valideynlər tərəfindən səsləndirilən bu narahatlıqlar təhsil müəssisəsində şəffaflığın və qanunçuluğun qorunub saxlanılması məsələsinə kölgə salır. Redaksiyamıza daxil olan şikayətlərdə Elnurə Vəliyevanın məktəb daxilində qanunvericiliyə zidd qərarlar qəbul etməsi, müəllim heyəti və valideynlərlə münasibətlərdə qeyri-obyektiv davranması, bəzi hallarda isə maddi maraqların təhsilin məzmunundan üstün tutulması ilə bağlı iddialar yer alır. Məsələ ilə bağlı aidiyyəti qurumların hərəkətə keçməsi zərurəti iddia olunur.


Qeyd olunur ki, məktəbin təhsil sahəsində uğurları olsa da məktəb direktorunun idarəçilik üsulu avtoritar xarakter daşıyır. Müəllimlər tədris prosesindən çox direktorun əhval-ruhiyyəsinə uyğunlaşmağa məcbur olduqlarını bildirirlər. “Əgər direktorun dediyi ilə razılaşmırsansa, ya sinif saatların azaldılır, ya da məktəbdəki mövqeyin təhlükə altına düşür,” – deyə adının çəkilməsini istəməyən bir valideyin bildirir. Belə idarəçilik şəraiti pedaqoji mühitə mənfi təsir göstərir, müəllimlərin yaradıcı və təşəbbüskar fəaliyyətini əngəlləyir. Məktəbdəki nizam-intizam anlayışının müəllimlərin hüquqlarını pozmaq hesabına qorunması, təhsil keyfiyyətini də şübhə altına alır.


Qanunvericiliyə əsasən, dövlət məktəblərində təhsilin pulsuz olması təmin edilməlidir. Lakin bəzi valideynlərin iddiasına görə, məktəbdə müxtəlif adlar altında ödənişlər tələb olunur. Məsələn, şagirdlərin buraxılış tədbirləri, sinif otaqlarının bəzədilməsi, və s. üçün pul yığılması hallarına rast gəlinir. "Əgər valideyn pul vermirsə, uşaq ayrıseçkiliyə məruz qalır. Bu, həm psixoloji, həm də sosial baxımdan uşaqlara təsir edir," – deyə bir valideyn bildirib. Bu kimi hallar təhsil sistemində sosial bərabərliyin pozulmasına, maddi vəziyyəti zəif olan ailələrin uşaqlarının hüquqlarının tapdanmasına səbəb olur.


Elm və Təhsil Nazirliyi nə deyir?

Bu barədə növbəti yazımızda məlumat ala bilərsiniz.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Qaynarxett.az