backend

Lənkəranda “Sən elə bir zirvəsən!” adlı foto-sərgi keçirilib - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Lənkəran şəhərində “Sən elə bir zirvəsən!” adlı foto-sərgi keçirilib.

Qaynarxett.az xəbər verir ki, millət vəkili Fariz İsmayılzadənin təşkilati dəstəyi ilə baş tutan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan foto-sərgi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub. Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb.

İcra başçısı daha sonra qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan idi və bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı və əsaslı inkişafı onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi onun ideyalarının əbədi yaşarlığının ən böyük sübutudur.

Millət vəkili Fariz İsmayılzadə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir, onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, xüsusilə də gənclərimiz üçün böyük nümunədir.

Tədbirin bədii hissəsində şagirlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib.

Bədii hissədən sonra tədbir iştirakçıları Azərtacın foto müxbiri Hacıağa Səlimovun lentə aldığı Ümummilli Lider Heydər Əliyevin Lənkəran rayonuna səfərlərini özündə əks etdirən fotolardan ibarət sərgiylə tanış olublar.

Tədbirdən sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.