Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində dövlət başçılarının səsləndirdikləri fikirlər və imzaladıqları Birgə Bəyanat Azərbaycan-Türkmənistan əlaqələrinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Milli Məclisin deputatı Sahib Əliyevin sözlərinə görə, Birgə Bəyanatda ortaq tarixə, mədəniyyətə və dəyərlərə əsaslanan münasibətlərin bütün sahələr üzrə dərinləşdirilməsinin vurğulanması təsadüfi deyil. İmzalanmış sənədlər, xüsusilə enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Deputat qeyd edib ki, Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənilməsi ilə bağlı məsələnin Birgə Bəyanatda strateji hədəf kimi əks olunması xüsusi əhəmiyyət daşıyır. Bu, təkcə enerji sahəsində əməkdaşlığın genişlənməsi deyil, həm də türkmən qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması istiqamətində mühüm addımdır. Səfər çərçivəsində Enerji Əməkdaşlığı Sazişinin imzalanması da bu niyyətin konkret ifadəsidir.
Sahib Əliyev bildirib ki, Türkmənistanın Füzuli şəhərində məscid tikdirməsi xalqlarımız arasındakı mənəvi və dini bağların gücünü nümayiş etdirir. Azərbaycanın Türkmənistana hədiyyə etdiyi “Dostluq” neft tankeri isə enerji və nəqliyyat sahəsində gələcək əməkdaşlığın rəmzi kimi qiymətləndirilməlidir. Bu addım iki ölkənin qarşılıqlı etimadının və strateji tərəfdaşlığının göstəricisidir.
Deputatın fikrincə, Azərbaycan və Türkmənistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əsas tərəfdaşlar kimi çıxış edirlər. Hazırda bu marşrutla daşınan yüklərin əhəmiyyətli hissəsinin Türkmənistanın payına düşməsi, eyni zamanda rəqəmsal gömrük sistemlərinin tətbiqi və logistika imkanlarının genişləndirilməsi yaxın illərdə yükdaşımaların həcminin daha da artırılmasına şərait yaradacaq.
Sahib Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın regionun Qərbə açılan əsas nəqliyyat və logistika qapısına çevrildiyini bir daha təsdiqləyir. Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsinə verdiyi dəstək də tərəflər arasında yüksək səviyyəli siyasi etimadın göstəricisidir.
Deputat hesab edir ki, Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə və bütövlükdə Xəzər hövzəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət






