Bunu kirayə mənzil bazarında vətəndaşların qarşılaşdıqları hüquqi problemləri, müqaviləsiz beh verilməsinin fəsadlarını və makler fəaliyyətinin tənzimlənməsi yollarını açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Tələbələrin və Bölgələrdən Gələnlərin Tələbatından Sui-istifadə Edirlər”
Millət vəkili daxili bazarda mütəmadi xarakter alan qanunsuzluqları və xüsusilə mövsümi riskləri önə çəkib:
“Mətbuatda və sosial şəbəkələrdə mütəmadi olaraq kirayə mənzil bazarında baş verən dələduzluq halları barədə məlumatlarla rastlaşırıq. Xüsusilə yay aylarində, yeni tədris ili ərəfəsində tələbələrin və bölgələrdən Bakıya gələn ailələrin kirayə mənzilə tələbatının artması bəzi vasitəçilərin bundan sui-istifadə etməsinə şərait yaradır. Əslində, kirayə münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə kifayət qədər normalar mövcuddur. Problem daha çox nəzarət mexanizmlərinin və qanunun tətbiqinin lazımi səviyyədə işləməməsindən qaynaqlanır”.
“Müqaviləsiz Beh Alınması və Fərqli Mənzil Göstərilməsi Hüquqi Məsuliyyət Yaradır”
Deputat rəsmi sənədləşmə olmadan icra edilən ödənişlərin vətəndaşları müdafiəsiz qoyduğunu qeyd edib:
“Vətəndaşa göstərilən mənzilin sonradan fərqli çıxması, müqaviləsiz şəkildə beh alınması və ya ödənilən vəsaitin geri qaytarılmaması kimi hallar birbaşa hüquqi məsuliyyət yaradır. Lakin bir çox hallarda tərəflər münasibətləri rəsmi sənədlərlə rəsmiləşdirmədiyi üçün hüquqlarının müdafiəsində ciddi çətinliklə üzləşirlər. Buna görə də daşınmaz əmlak vasitəçiliyi fəaliyyəti üzərində nəzarət mütləq şəkildə gücləndirilməli, maklerlərin fəaliyyətinə dair daha şəffaf reyestr sistemi yaradılmalı və kirayə müqavilələrinin bağlanması təşviq edilməlidir”.
MCP başqanı bazarda məsuliyyət mühitinin formalaşması üçün həm dövlət orqanlarına, həm də vətəndaşlara çağırış edib:
“Eyni zamanda vətəndaşlar da mənzil kirayəyə götürərkən müqaviləsiz ödəniş etməməli, xüsusilə beh verərkən hüquqi sənədləşməyə ciddi diqqət yetirməlidirlər. Ölkədə qanun var, əsas məsələ onun effektiv tətbiqini və bazarda ümumi məsuliyyət mühitini tam təmin etməkdir”.






