backend

Buzovna qəbiristanlığında varlı-kasıb ayrı-seçkiliyi - Həci İsrafil Hüseynov görəsən kimə və nəyə arxayındır?

Son zamanlar Bakı sakinlərinin ən böyük problemlərindən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmamasıdır. 

Vətəndaş ölmüş şəxsin cənazəsi ilə birgə bir –bir qəbiristanlıqları dolaşmalıdır ki, haradasa boş yer tapsın. Söhbət yerin olmamasından getmir. Təbii ki, bütün qəbiristanlıqlarda ən azı bir nəfər üçün qəbir yeri var. Lakin həmin əraziyə nəzarət edən şəxslər onu daha imkanlı ölü yiyəsinə satmaq istəyir ki, problem də bundan yaranır. Qəbiristanlığa nəzarət edən şəxslər ilk növbədə qəbir yeri olmadığını deyirlər. Üstüörtülü şəkildə onun istədiyi məbləği verməyə razı olduğunu bildirdikdə isə, elə “məzənnə” deyir ki, mat qalırsan. Bir sözlə, Bakıda qəbiristanlıqlarda belə varlı ilə kasıb arasında bax bu cür fərq qoyulur.

Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar qəbiristanlıq biznesi ilə məşğuldurlar Bu sahədə olan qanunda olan boşluq da onlara münbit şərait yaradır.  Bir neçə gün vətəndaşların birindən gələn şikayət üzrə mövzunun izinə düşdük. Belə ki, Buzovna qəsəbəsində rəhmətə gedən şəxsi yaxınları elə yaxınlıqdakı Buzovna qəbristanlığında dəfn etmək istəyiblər. Mərhumun ailəsi qəbiristanlığın müdiri Pərvizlə görüşüb və dəfn üçün yer istəyib. O isə məzarlığın bağlı olduğunu, artıq burada yer qalmadığını bildirib və mərhumun yaxınlarını başqa qəbiristanlığa yönəldib. Bir sözlə ölü yiyəsi çarəsiz qaldığından qəbristanlıqları dolaşmağa başlayıb. Orada da eyni hadisə ilə qarşılaşıb. Birinci qəbiristanlıqda ondan 3 min manat, ikincidə isə 1500 manat tələb ediblər.

Şikayətçinin iddiasına görə, qəbiristanlıqda yerlər baha olduğu üçün yalnız imkanlı şəxslərə satılır, kasıba isə yer olmadığı deyilir. Mərhumla Bakı qəbiristanlıqlarını gəzməkdən bezən vətəndaşlar isə məcbur qalıb tələb olunan məbləği ödəyirlər

Qanunda isə dəfn üçün heç bir dövlət rüsumu yoxdur. Qəbir yerləri üçün yalnız cüzi ödəniş (qazma işləri üçün) alına bilər. Bu məbləğ isə 100-200 manatdan artıq ola bilməz.

Bakıda bir neçə qəbiristanlıqda müşahidə aparan müxbir oxşar vəziyyətin şahidi olub. Qəbiristanlıqların bir şəxs tərəfindən zəbt olunmasını, məzar yerlərinin alver obyekti aparılmasını, bir sözlə ölkədə ölməyin insana necə baha başa gəldiyini öyrənmək üçün bir günlük də olsa yas tutduq və qəbir yeri axtaran ölü sahibi kimi bir neçə məzarlığa baş çəkdik.  Bunlardan biri də Buzovna qəbristanlığında müşahidə apardıq. Məzarlıqda addım atmağa belə yer yoxdur. Hər yerdə hasarlanmış dəbdəbəli qəbirlərə rast gəlinir. Araşdırmalar nəticəsində məlum oldu ki, Buzovna qəbristanlığına nəzarət edən Pərviz adlı şəxs qəbristanlığın ərazisində olan hər bir qarış yerin öz qiymətinin olduğunu söylətib. Diqqət çəkən məqamlardan biri də odur ki, onlarla hasara alınmış məzar yerləri boşdur. Bəzi hasarların içində isə cəmi bir məzar var. Fürsət tapıb, ətrafda məzar ziyarətinə gələn şəxslərlə də həmsöhbət olduq. Onların dediyinə görə, boş qalan məzar yerləri bir şəxsə aiddir. Adam 10, ya da 15 nəfərlik qəbir yeri götürüb. Gələcəkdə öz əzizlərini bir yerdə dəfn etmək üçün kiçik məzarlıq düzəldib.

Ancaq bildirdilər ki, bu çox baha başa gəlir. Bir qəbir yeri təxminən, 2-3 min manatdır. Həmsöhbətlərimin fikrincə bu qəbiristanlığa adətən imkanlı şəxslər gəlir. Pərviz adlı şəxs bildirir ki, hal-hazırda məzar yeri almaq üçün yer yoxdur. Amma, istəsəniz sizə yaxşı yer təşkil edə bilərik, onda gərək əliniz cibinizdə olsun.

Məzar yerini satmaq doğrudurmu? 

Dini məsələlər üzrə ekspertdən müsəlman adət ənənələrinə görə qəbir yerlərinin satılmasının doğru olmadığını bildirdi: “Qəbiristanlıqlar adətən vəqf yerləri olur. Bu səbəbdən də bir qayda olaraq qəbir yerləri satılmır. Təbii ki, orda xidmət və cüzi işlərə görə pul toplanması istisnadır. Amma ümumilikdə qəbir yerlərinə görə pul alınması müsəlman ənənələrində olmayıb. Bu, yalnız son yüz ildə daha çox böyük şəhərlərlə ortaya çıxmış məsələdir. Mərkəzdə, daha əlçatan yerlərdə olan qəbiristanlıqlarda yerlər az olur və bu səbəbdən də işbazlar bu qəbiristanlarda yerləri satırlar.
Gündəlik həyatda geniş yayılmış dəbdəbə, başqalarından seçilmək xəstəliyi indi artıq ölü və dəfn işlərinə də təsir edib. Daha dəbdəbəli ehsan vermək, daha bahalı başdaşı qoymaq və təbii ki, daha “yaxşı” yerdə dəfn etmək üçün adamlar pul xərcləməyə hazırdılar. Nəticədə vəziyyət belə olur”.

Mətbuata açıqlamasında Dini Qurumla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də qəbir yerlərinin pulla satılmadığını bildirib: “Qəbir yerlərinin pulla verilməsi məsələsi yoxdur və olmayacaq da. İndi qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.

Buzovna qəbristanlığın müdiri Həci İsrafil Hüseynov görəsən kimə və nəyə arxayındır ki, qəbristanlıqda hər bir yerə ayrıca qiymət dedizdirir?
 

Bizi izləyin! Buzovna qabristanlığından sizi şok faktlarla tanış edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az