Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.
İLK MÜSAHİBİM...
(Lacınlı bir tanış valideyinin dediklərindən)
“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, ölkədə bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım Lacın rayon, Hümbətov adına Güləbird kənd tam orta məktəbində təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə direktor Lütviyyə Cabbarovanın böyük əməyi var. Buna görəLütviyyəxanıma ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazı olan dostlara Sumqayıt şəhəri, H.Əliyev pr, 21 məhəllə, 38 №-li məktəbin həyətində yerləşən Lacın rayonu Güləbird kənd tam orta məktəbini məsləhət görürəm. ”.
İLK TANIŞLIQ...
Lütviyyə Cabbarova Vaqif qızı Lacın rayonunun Güləbird kəndində anadan olmuşdur. Lütviyyə Cabbarova 1994-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirərək həmin ildən Laçın məktəbində biologiya müəllimi kimi fəaliyyətə başlamışdır. Təşkilatcılıgı sayəsində cox cəkməmişdir ki, Lütviyyə xanım məktəb kollektivinin və rayon rəhbərliyinin dərin hörmətini və rəğbətini qazanmışdır. Yaxşı işinə görə rayon rəhbərliyindən dəfələrlə təşəkkür almışdır. 2018-ci ildə isə o, Güləbird kənd R.Hümbətov adına tam orta məktəbdə direktor müavını, 2020-ci ildə isə direktor vəzifəsinə təyin olunmuşdur. Hazırda vaxtilə geridə qalan bir məktəbi dircəltmək, nümunəvi təhsil ocagına cevirmək asan məsələ deyildir. Deməli ugur qazanmaq gərgin zəhnət tələb edir. Bir də vəzifə məsuliyyəti. İndi bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında uğurları ilə öyünə bilən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.
Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Bir jurnalist kimiLütviyyə xanımdan məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.
Direktor bizi təhsil ocağı ilə tanış edərək dedi: "Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlərin sayı artır. Qazandıgımız yaxşı nəticələr müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib."
Qeyd edək ki, məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir.
Maraqlı tədbirlər, təhsilə yeni yanaşma bir deyil, onlarladır. Elə gün olmaz ki, məktəbdə yeni bir ugura imza atılmasın. Sözsüz ki, bu qələbələrin qazanılmasında direktor Lütviyyə Cabbarovanın əməyi böyükdür.
Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq Lütviyyə Cabbarova təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərin də əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır. Direktoru oldugu məktəbin inkişafındakı böyük irəliləyişlərdən söz düşəndə Lütviyyə xanım deyir: “Bu, hələ harasıdır. Qarşıda böyük layihələr və inkişaf tendensiyaları durur. Məqsədimiz məktəbimizi birincilər sırasına çıxarmaqdır”.
QƏHRƏMANLAR BACISI
Burada bir haşiyəyə cıxmaq istəyirəm, Lütviyyə xanımın qardaşı Cabbarov İlyas Vaqif oğlu Azərbaycan Bayrağı Ordenli şəhidimizdir. Qardaşımız 1993-cü il iyul ayının 20-də Laçın uğrunda gedən döyüşlərdə, Suarası kəndində şəhidlik zirvəsinə ucalmışdır. Bu il
martın 1-də Azərbaycan Hərb Tarixi Muzeyində "Azərbaycan Bayrağı" ordenli İlyas Cabbarovun anadan olmasının 55 illiyinə həsr olunmuş "Vətənə həsr olunmuş qəhrəman ömrü" adlı anım tədbiri keçirilirdi. Tədbirdə şəhid qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, I Qarabağ müharibəsi qaziləri, 706 saylı hərbi hissənin keçmiş kəşfiyyat rəisi Dağbəyi Məhyəddinov, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları iştirak edirdi.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə tədbirdə çıxış edərək İlyas Cabbarovun qəhrəmanlığı və döyüş yolundan bəhs edib, dedi: "El arasında zamanın sınağından çıxmış bir deyim var ki, qəhrəmanlar və qəhrəmanlıqlar unudulmur. Bu günə qədər əks-sədası kəsilməyən Qarabağ müharibəsi də bu deyimin doğruluğunu təsdiq etdi. Birinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsində şücaət, fədakarlıq göstərərək qəhrəmanlıqla həlak olmuş İlyas Vaqif oğlu Cabbarov da unudulmaz Vətən oğullarının sırasında layiqli yer tutur.
İ.Cabbarov 1966-cı il martın 2-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Ukraynada hərbi xidmətdə olub.
İ.Cabbarov ordu sıralarından tərxis ediləndə artıq Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq istəyən erməni millətçi dairələri fəallaşmağa başlamışdılar. 1990-cı ildən Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib.
İ.Cabbarov ordu sıralarından tərxis ediləndə artıq Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq istəyən erməni millətçi dairələri fəallaşmağa başlamışdılar. 1990-cı ildən Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib.
Erməni şovinist və separatçılarının zərbələrini üzərinə götürən sərhəd rayonlarından biri də Laçın idi. Sakinləri məkrli düşmənin təcavüzündən qorumaq üçün o zaman ərazi özünümüdafiə dəstələri yaradılması başlamışdı.
Belə dəstələrdən biri də 1990-cı ildə Güləbird kəndində formalaşmışdı. Ərazi özünümüdafiə dəstəsinə könüllü yazılanlardan biri də İlyas Cabbarov idi. Onu müharibə vaxtı kəşfiyyatçılar ordunun görən gözü, eşidən qulağı hesab edirdilər. İlyas cəsur, fədakar, günün istənilən vaxtında etibarlı, qorxmaz silahdaşları ilə düşmənin arxasına sızmağı və qiymətli məlumatlarla qayıtmağı bacaran kəşfiyyatçi idi. Onun ölümü təkcə silahdaşlarını deyil, bu cəsur Vətən oğlunu tanıyanların hamısını xeyli kədərləndirmişdi.
Azərbaycan rəhbərliyi Güləbirdli igidin Vətən qarşısında xidmətlərini layiqincə qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 oktyabr tarixli 218 saylı Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, əsgəri borcunu şərəflə yerinə yetirdiyinə görə Cabbarov İlyas Vaqif oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir", - deyə vurğulayıb.
Qeyd edək ki, Cabbarovlar ailəsinin üç nümayəndəsi Qarabağ müharibəsində yüksək dövlət mükafatına layiq görülmüşdü. Motoatıcı və tank taborlarının komandirləri olmuş Vaqif və Valeh Cabbarovlar da hərbi hissə taborlarının komandanlığının təqdimatı ilə döyüşlərdə göstərdikləri şücaətə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülüblər. Düşmənin həmin istiqamətdə güclü hücumları başladığı üçün o zaman İlyasın qəbrinin üstünü götürmək mümkün olmamışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün işğal edilmiş əraziləri düşməndən təmizləməyi bacardı. Ermənistan ordusu darmadağın edildi. Bundan sonra düşmənin viran qoyduğu ərazilərimizə getmək, oranı ziyarət etmək fürsəti yarandı.
İlyas Cabbarovun yaxınları da illər sonra doğmalarının qəbrinə baş çəkmək imkanı qazandılar. İnanırıq ki, Vətən uğrunda canını qurban vermiş bütün şəhidlərimizin, o cümlədən İ.Cabbarovun ruhu Azərbaycan Silahlı Qüvvələrinin çaldığı Qələbədən şad oldu. Allah şəhidlərimizə rəhmət etsin.
YAZIYA KİCİK SÖZARDI:
...Yol boyu ikirləşirəm ki, 45 dəqiqə ərzində şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Düşünürəm ki, biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”.
Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Lütviyyə Cabbarovanın direktoru olduğu R. Hümbətov adına Güləbird kənd tam orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri bu məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə can sağlığı və uğurlar arzulayıram!
Lətafət
QaynarXətt.az