backend

Dövlətin hesabına xaricdə təhsil alan məmur övladları… – Bu məmur övladları vətənə qayıtmır və atalarının oğurladığı milyonları biznesə yatırır…

Hazırda məmur övladlarının  dövlət hesabına  xarici ölkələrdə təhsil alması məsələsinə keçməzdən öncə  yaxın tariximizə  qısa  bir  ekskurs edək. 

Yaşlı nəsilin  yaxşı yadındadır ki, 1969-cu ildən sonra, yəni Ulu Öndərimiz Heydər Əliyev  birinci dəfə Azərbaycana rəhbər seçiləndən sonra  xeyli sayda azərbaycanlı gəncin  müxtəlif respublikalarda  ( hazırda  xarici  dövlətlərdir ), Moskvada, Leninqradda ( indiki Sank Peterburq ), Kiyevdə oxumaları üçün yüksək şərait yaratdı. Həmin gənclər  yüksək təhsil alaraq Azərbaycana qayıdıb xalqımıza xidmət etməyə başladılar. Onların içərisindən  tanınmış alimlər, professorlar, akademiklər yetişdi. Neçə ildir ki, həmin siyasəti cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Və son 15-20  ildə minlərlə  azərbaycanlı gənc dövlət hesabına dünyanın məşhur universitetlərində təhsil almağa göndərilib. Bu gənclər təkcə müəyyən ixtisaslara deyil, həm də əcnəbi  dillərə mükəmməl yiyələnir, obrazlı desək dünyanı görüb qayıdırlar və millətimizə xidmət edirlər. Bir tələbənin xarici ölkədə təhsil alması üçün Azərbaycan dövlətinin nə qədər pul xərclədiyini dəqiq bilməsək də, amma təxminən bilirik ki, söhbət böyük məbləğdən gedir.
Çox təəssüf ki, cənab Prezidentin bu xoşməramlı təşəbbüsündən də bəzi məmurlar özləri üçün istifadə edirlər. Belə ki, Azərbaycan dövlətinin hesabına xarici ölkələrdə təhsil alan məmur övladları təhsili başa vurduqdan sonra vətənə qayıtmırlar. Amma əslində dövlətin pulu hesabına xaricdə təhsil alan məmur övladı ilk öncə vətənə qayıdıb borcunu ödəməli, millətə xidmət etməlidir. Əks təqdirdə Azərbaycan dövləti niyə məmur övladına  yüz minləri xərcləməlidir..?
Beləliklə  xaricdə təhsil adı altında məmurlar öz övladlarını ölkədən çıxarırlar. Bu elə-belə, sadə məsələ deyil, çox incə məsələdir.
Bəli, Azərbaycan dövlətinin və xalqının hesabına qısa vaxtda milyonçuya çevrilən məmurlar öz sərvətləri, milyonları üçün narahatdırlar və buna  qarantiya-zəmanət axtarırlar. Bunun üçün övladlarını ölkədən çıxartmaqla bərabər, dövlətdən oğurladıqları milyonları da  xaricə çıxarırlar. Daha dəqiq desək, məmurların xaricdə təhsil alan övladları həmin ölkələrdə biznes qururlar və qısa vaxtda milyonluq sərvətə sahib olurlar. Bir soruşan yoxdur ki, parta arxasından təzəcə duran bu növcavan məmur oğlu, məmur qızı qısa vaxtda necə milyonlara sahib oldu..?
Əslində həmin pullar məmurların xalqdan və dövlətdən oğurladığı milyonlardır. Sadəcə, o pulları xaricə köçürüb övladlarının  şirkətlərinə yatırırlar. Vəssəlam. Bu qədər sadə və bəsit.
Deməli, dövlətin məmur övladının təhsili üçün ayırdığı pul havayı gedir və üstəlik  məmur oğlu-qızı, atasının xalqdan oğurladığı milyonları xaricdə belə demək mümkünsə, “leqallaşdırır”, yuyur. Həmin məmur övladlarının bir çoxu hətta xarici ölkənin vətəndaşlığını qəbul edir, böyük mülkiyyət sahibi olurlar. Dəyən zərbə isə Azərbaycana dəyir. Biz hələ məmur övladının hərbi xidmət keçməməsindən və başqa məsələlərdən danışmırıq.
Sözümüzün canı odur ki, məmur övladları dövlətin pulu hesabına xarici təhsildən tramplin kimi istifadə edərək ölkədən çıxırlar və atalarının milyonlarını da özləri ilə aparırlar.
Biz bir media qurumu olaraq bu məsələni ciddi araşdırıb layihə halında işləmək istəyirik.
Ümid edirik ki, ortaya qoyacağımız “Xaricdəki məmur övladları”  adlı layihə  cəmiyyətdə maraqla qarşılanacaq. Bizi izləyin.
Layihəmizin ilk qonağı İsmət Abbasov və övladları yazısı olacaq.Gündəlik Bakı