backend

Cahangir Əsgərovun "pilot" layihəsi

Cahangir Əsgərovun  "pilot" layihəsi































Xəyalınızda belə bir mənzərə canlandıra bilərsinizmi?

Təsəvvürə gətirin ki, bir uşaq, hər gün başı üzərindən saathesabı uçub keçən təyyarələrin motor uğultusunu eşidən kimi "mənim samalyotum" deyib qıy-qışqırıq salır. Az qalır qanad açıb quş kimi səmalara baş vursun. Ta uğultu qulaqdan çəkilənə qədər...bu ovqatda qalır. Atası Cəbiş müəllim baxıb gülümsünür, bir anlıq düşüncələr selinə qapıldıqdan sonra kəndinə qayıdıb qayğı ilə deyir: "Oğlum, o sənin samalyotun deyil, Cahangir Əsgərovundu. İrisi də, xırdası da, hamısı o kişinindi". Uşaq bir anlıq xəyala dalır və yaxşı tələffüz edə bilmədiyi "r" səsinin xətasına qovuşub soruşur maraq içində: -Bəs Azalbaycanın samalyotu yoxdu? Eeee, düz demilsən, ata...
-Var, niyə yoxdur,-deyə atası Cəbiş müəllim cavab verir. Əlbəttə var, bu növbənöv samalyotların hamısı elə AzALbaycanındı balası. Cahangir əmin onları növbəylə başımız üzərində hər gün quş kimi belədən-beləyə uçurdur neçə ildi. İçərisində nə aparır, hara aparır niyə aparır, kimin payını kimə aparır bilinmir. Hələ bunun sərnişindaşıyanı var, yük təyyarəsi var, oliqarxlara məxsus olan "falkonu", "malkonu" bəlkə də "messeri" var "şmidtsiz"...
Uşaq qaşlarını bir anlıq çatıb fikrə dalır, sanki nəsə demək istəyir. Bu an yenə başı üzərindən uçaraq keçən növbəti təyyarəni nişan verərək deyir: -Mən də Cahangil əmi olacam böyüyəndə. Azalbaycanın samalyotlalını quş kimi uçulacam...Cəbiş müəllim, hələ 20 il öncə Xankəndində Azərbaycan bayrağının qaldırılacağı gün əsgərlərimizə paylamaq üçün bişirdiyi sabunla dolu yepyekə sandığın üstündə oturub dərindən ah çəkir və göz yaşı içində pıçıldayır:-Cahangiri demirəm, amma səndə bu istəyi mən lap yaxşı görürəm. Azərbaycan təyyarəsini Xankəndinin üzərindən sən, sənin həmyaşıdların uçuracaq, balası...
Bilmirəm, uşaq atasının bu sözlərini eşitdi, ya yox. Məncə eşitmədi. Çünki onun düşüncələrini yelkənli arzuları məşğul etmişdi. Amma...Gözəl arzudur, elə deyilmi. AzALın baş direktoru Cahangir Əsgərov bilsəydi ki, dünyada yox, lap elə burda Azərbaycanda, Bakının bahalıqdan büzüşmüş uyğulu kəndlərindən birində ona oxşamaq arzusu ilə yaşayan bapbalaca bir oğlan yaşayır, bəlkə də simiclik etməz, ona bir təyyarə maketi bağışlamağa hazır olardı, əlbəttə oyuncaq şəklində...Budur, yenə də özünü təyyarəyə bənzətmiş kimi "uğultuynan" tozlu-torpaqlı həyətdə "səkkiz" yazır... Uşaq ağlıdı, sanki intuisiya var onda, qarşısına belə böyük kredo qoyulduğunu anlaya biləcək şəxs gərək "səkkiz" yazmasın axı,düz demirəm? Cahangir əmi indiyəcən bircə dəfə də olsun nəinki Yer üzündə, Yevlaxda, heç göydə "lülə" dəmirin üzərində də "səkkiz" yazmayıb. Yazsaydı nə Cahangir Əsgərov olardı, nə də Telmanın böyük "səkkizliyində" yer alardı... Mən bu səkkizliyi qınamıram parasına görə. Sadəcə Cəbiş müəllimə yazığım gəlir. Niyəsini deyə-deyə gəlirəm. Qarabağ böyüklükdə bir problemi o kişinin gözünün ağı-qarası bircə oğlunun çiyinlərinə yük eləmək bizim milyarderlərə yaraşmır. Nə bilim ayə, nə bilim ayə...Milyarder Telmanın ad gunlərində Cahangir müəllim ənənəvi olaraq “Moi qoda-moyo boqatstvo” mahnısını oxuyur. Şahidlərin şəhadətinə görə bu ifanı təyyarəçinin pilot layihəsi adlandırmaq daha düzgün olardı. Bunun nə demək olduğunu anlaya bilməmişəm, hələlik. Amma Cahangir Əsgərovun Vaxtanq Kikabidzedən də yaxşı ifaya görə hələ də xalq artisti almaması mənə çöçün gəlir. İnanın, bu xitə qulaq asanın gözü yaşarır ee, gülməkdən...

Vahid Məmiyev