backend

Novruz Gülməmmədov "Söhlətoğlu" istirahət mərkəzini qadağan olunmuş ərazidə tikməklə yanaşı, ağacları da kəsib

Novruz Gülməmmədov "Söhlətoğlu" istirahət mərkəzini qadağan olunmuş ərazidə tikməklə yanaşı, ağacları da kəsib























İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribov obyektin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb

İsmayıllı rayonunda yerləşən "Söhlətoğlu" istirahət mərkəzinin müdiri Məhəbbət İsmayılovla İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovun arasındakı qalmaqal haqda məlumat vermişdik. "Söhlətoğlu" istirahət mərkəzinin müdiri Məhəbbət İsmayılov bildirmişdi ki, İlqar Qəribovun əməlləri onu təngə gətirib. Belə ki, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorunun sahibkarlara əlavə problemlər yaratdığını, hər kəsə "haqq" qoyduğunu iddia edən Məhəbbət İsmayılov İlqar Qəribovun bir müddət öncə ondan 3 min manat tələb etdiyini bildirib: "İlqar Qəribov məndən 3 min manat istəyirdi. Lakin mən ona 2700 manat verdim və 300 manat borclu qaldım. O, deyirdi ki, əgər məni "görməsən" səni işləməyə qoymayacam. Buna görə də məcbur qalıb tələb etdiyi pulu verdim. İlqar Qəribov isə yerdə qalan 300 manata görə demək olar ki, hər gün mənə telefon açır, narahat edirdi. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdim. Bundan sonra idarənin əməkdaşları İlqar Qəribovu tutublar. Bu səbəbdən də indi onun adamları məni şantaj edir, hədə-qorxu gəlirlər. Deyirlər ki, əgər İlqar Qəribovla bağlı şikayətimi geri götürməsəm, o zaman başıma oyun açacaq, "Söhlətoğlu" istirahət mərkəzinin fəaliyyət göstərməsinə imkan verməyəcəklər". Məsələyə aydınlıq gətirmək məqsədilə İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru ilə əlaqə saxladıq. İlqar Qəribov barəsində səsləndirilən fikirlərin əsassız olduğunu deyərək bildirdi ki, sözügedən obyekt meşə massivində inşa olunub və orada ağaclar kəsilib: "Mən sizə baş verən hadisələri ətraflı şəkildə danışmaq istəyirəm. Əvvəla, bu obyektin əsl sahibi Gülməmmədov Novruz Söhlət oğludur. İstirahət mərkəzinin idarəçiliyini onun bacısı oğlu Məhəbbət İsmayılov həyata keçirir. Novruz Gülməmmədovu bir neçə dəfə istirahət mərkəzinin həndəvərində qara rəngli "444" nömrəli "Lexus"da görmüşəm. Bu obyekt İsmayıllının Basqal kəndində yerləşir. İstirahət mərkəzi meşə zolağında inşa olunub. Hələ bu azmış kimi, bəzi ağacları kəsib məhv ediblər. Bununla bağlı istirahət mərkəzinin rəhbərliyinə öz iradlarımızı bildirdik. Görəndə ki, məsələ həllini tapmır məhkəməyə müraciət etdik. İş hazırda məhkəmənin icraatındadır. Biz qeyri-qanuni tikilən istirahət mərkəzinin sökülməsini tələb edirik. O ki, qaldı mənim Baş pokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmağıma, vətəndaşdan pul tələb etməyimə, bu tamamilə cəfəngiyatdır. Mən işimin başındayam. Əslində, onlar məni şantaj edirlər. Məhəbbət dəfələrlə qapıma gəlib ki, məhkəmədə qaldırdığım iddianı geri götürüm. Ancaq iddianı geri götürən deyiləm. Onlar yaşıllıqları məhv edib biznes sahəsi yaradırlar, buna necə göz yuma bilərəm? Məhəbbət İsmayılov, eləcə də onun dayısı Novruz Gülməmmədov hesab edirlər ki, prezident sahibkarlara rahat fəaliyyət göstərmələri üçün şərait yaradır deyə onlar hər bildiklərini edə bilərlər. Düzdür, cənab prezident sahibkarlığın inkişafına böyük diqqət ayırır, lakin adlarını çəkdiyim insanlar bundan sui-istifadə edib qanunsuz iş görməyə cəhd edirlər. "Söhlətoğlu" istirahət mərkəzi meşə zolağında tikildiyi və ağaclar kəsildiyi üçün sökülməlidir. Bu məsələdə fikrimiz qətidir". Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, "Söhlətoğlu" istirahət mərkəzinin əsl sahibi Müsavat partiyasının üzvü, İsa Qəmbərin ən yaxın adamlarından biri kimi tanınan Novruz Gülməmmədovdur. Həmin Novruz Gülməmmədov ki, Bakıdakı "İnşaatçılar" ticarət mərkəzinin, həmçinin bir neçə iri obyektin sahibidir. İnsanların ekologiyaya və təbiətə marağının artdığı bir dövrdə, müsavatçı N.Gülməmmədovun yaşıllıqlara qənim kəsilməsi heç bir halda bağışlanmamalıdır. Müvafiq qanunvericiliyə əsasən, bir ağacın kəsilməsinə görə fiziki şəxslər 2200 manatdan 2500 manata qədər, hüquqi şəxslər 40 min manatdan 50 min manata qədər cərimə olunurlar. Hesab edirik ki, İsmayıllı meşələrinə qənim kəsilən Novruz Gülməmmədov cərimə olunmalı və barəsində daha ciddi tədbirlər görülməlidir. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.