backend

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov da Azərbaycanda böyük biznes imperiyası qurmuş məmurlardandır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov da Azərbaycanda böyük biznes imperiyası qurmuş məmurlardandır
Komitənin məsul şəxsləri əyrinti mexanizmini genişləndirmək və daha çox qazanmaq naminə sahibkarlara qoyulan "aylıq" və "illik hesab" planını durmadan artırırlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov da Azərbaycanda böyük biznes imperiyası qurmuş məmurlardandır. Onun sərvəti sadəcə olaraq ağlasığmaz rəqəmlərdən ibarətdir.
"Bu qədər məbləği hansı yollarla qazanmaq olar" sualını verməyin. Axı dövlət büdcəsindən ölkəmizi inkişaf etdirmək, sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün böyük layihələr ayrılır. Əslində xoş niyyət üçün ayrılan bu layihələrin büdcəsi bəzi məmurların əlinə keçəndə xalqın işıq gələn qapısını bağlayırlar. Dünya növbəti iqtisadi böhran astanasındadır. Dünya əhalisi qorxu içində növbəti böhranın gətirəcəyi problemləri həll etmək üçün çıxış yolu axtarır. Hər halda bu böhran çox ağır olacaq. Üstəlik, bir ölkənin problem deyil, dünyanı sarsıdacaq təhlükədir. Belə məqamlarda xalqını sevən hər bir insan ölkəsinin, xalqının bu bəladan qurtuluşunu düşünür. Lakin iqtisadi böhran olmur, lap 3-cü Dünya Müharibəsi başlasa belə, Ramiz Həsənov kimilərin əhvalına xələl gətirən deyil. O, çox rahatdır. Çünki, dövlət büdcəsindən silinənlər o qədər gözəl şəkildə standartlaşdırılıb ki… Ramiz Həsənovun biznesinin əsas gəlir yeri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələridir. Komitənin məsul şəxsləri əyrinti mexanizmini genişləndirmək və daha çox qazanmaq naminə sahibkarlara qoyulan "aylıq" və "illik hesab" planını durmadan artırırlar. Prezidentimiz İlham Əliyev çıxışlarından birində ölkədə iş adamlarının, sahibkarların fəaliyyətinə qərəzli şəkildə maneə törədilməsi kimi faktın olmasından danışdı. O, bu halları pislədi və ölkəmizin iqtisadi inkişafı naminə məmurları bu kimi çatışmazlıqlara son qoymağa çağırdı. Çünki dünyanın ən məşhur iqtisadçı ekspertlərinin iqtisadi inkişaf haqqında bir fikri var: Azad iqtisadiyyat ölkəni inkişaf etdirir. O zaman ortaya sual çıxır: bəs bir dəstə məmurun əlində can verən iqtisadiyyatımızın inkişafı mümkün olacaqmı? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələrinin rəhbər şefləri Ramiz Həsənovun himayədarlığı və tələbi qarşısında sahibkarlara əziyyət verirlər. Onlar açıq şəkildə sahibkarları komitə sədrinin adıyla təhdid edərək, istədiklərini qoparmadan əl çəkmirlər. Əks halda dövlətin bunlara verdiyi gücdən istifadə edərək, müəssisə rəhbərlərinin başına açmadıqları oyun qalmır. Məlumata görə, xidmət əməkdaşları son aylar yanacaqdoldurma məntəqələrinə yönələn "hücumları" artırıblar. Bu sahədə ən qaba davranış isə Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən həyata keçirilir. Belə ki, Sumqayıt Regional Şöbəsinin əməkdaşı Əhmədağa Məmmədov özünü çox yuxarıdan aparır. Bu o Əhmədağa Məmmədovdur ki, 2009-cu ilə qədər Sumqayıt şəhər yol polisi idarəsinin rəisi olub. 2009-cu ildə Daxili İşlər Nazirliyi onun rəhbərlik etdiyi idarədə yoxlama aparıb və çox ciddi nöqsanlar aşkarlayıb. Bunu o zaman mətbuata da rəsmi açıqlayıblar. Məhz bundan sonra nazir Ramil Usubov onu nəinki vəzifəsindən azad etdi, hətta polis sistemindən də xaric elədi. Maraqlıdır ki, belə bir adamı əhəmiyyətli bir vəzifəyə götürüblər. Axı, öz sahəsi üzrə neqativ əməllərə yol verən biri ixtisas və təcrübəsinə uyğun olmayan digər sahədə özünü necə doğrulda bilər? Təsəvvür edin ki, o, işlədiyi qurumun sərhədləri daxilində olan bütün obyektlərə "aylıq" və "illik" tətbiq edib. Hətta qanunsuz tələblərə boyun əyməyən sahibkarlardan biri ilə əlbəyaxa davadan da qalib ayrılan xidmətin bu əməkdaşına "gözün üstə qaşın var" deyən də olmayıb. Görünür, onun kimi adamlar komitə sədri Ramiz Həsənova və Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanova bu gün çox sərf eləyir. Yoxsa, elə onun özünü komitəyə çağırıb, tənbeh edərdilər. Ovçu, insaf eylə, keçmə bu yerdən… Mənbə bildirir ki, zaman-zaman komitənin özündə də yığılanların bölüşdürülməsində narazılıq yaranır. Kimin daha çox pay əldə etməsi isə bizə ibtidai icma quruluşundakı insanların mamont ovundan sonrakı mərasimi yadımıza saldı. İbtidai insanlar mamontu ovlayandan sonra onu bölüşdürmək üçün toplaşırdılar. Kim daha güclüdürsə, o, ən çoxuna sahiblənirdi. Bu zaman bəzən haqsızlığa dözə bilməyənlər etiraz edirdilər. Bu isə böyük davalarla nəticələnirdi. İndi xalqın malını da boğazından, cibindən çıxaran məmurlar az qala əlbəyaxa olublar. Sahibkarlar deyirlər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun rəisi Əbülfət İmanovun "yığım kampaniyası" ciddi gərginliyə yol açıb. Əbülfət İmanovun rəhbərlik etdiyi xidmət və onun əməkdaşlarının qanunsuz əməlləri səbəbindən hazırda xeyli iş yerləri bağlanmaq təhlükəsiylə üzləşib. Əgər real vəziyyət belədirsə, o zaman Ramiz Həsənovun, Əbülfət Imanovun və onların adamlarının əməllərinə necə ad verə bilərik? Bu, ölkədə yeni iş yerləri yaratmış sahibkarlardan çox, dövlətə və onun siyasətinə qarşı çıxmaq deyilmi? Əgər sahibkarın səhvi varsa, qanunla tədbir görsünlər. Gedin dəqiqləşdirin görək, bu günə qədər nə qədər yanacaqdoldurma məntəqəsinə qarşı rəsmi cərimə tətbiq ediblər? Eyni zamanda maraqlıdır, niyə məntəqələr arasında ayrı-seçkilik var? Hə, bax bu ayrı söhbətin mövzusudur. Əlavə səlahiyyətlər əldə edən komitə sədri oliqarxların biznesinə nəzarət və müdaxilə imkanı qazanıb Azərbaycanda tikinti və inşaat materiallarının, idxal olunan ərzaq məhsullarının və mebelin sertifikatlaşdırılması üzrə orqanlar akkreditasiya olunub. Keyfiyyətli idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Azsertservis" MMC ölkəyə gətirilən və daxildə istehsal edilən tikinti və inşaat materiallarını sertifikatlaşdıracaq. Bundan başqa, "İnterstandartservis" MMC mebel üzrə sertifikatlaşdırma aparacaq. "Sertifikat Servis" MMC isə idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Bununla da Ramiz Həsənov oliqarxların biznesinə nəzarət və müdaxilə imkanı qazanır. Yada salaq ki, R.Həsənovun aktivləşməsi, müəssisələrdə intensiv və əsassız yoxlamalar aparması ilə bağlı "Yeni Müsavat"ın ötən saylarında məlumat verilmişdi. Bu yoxlamalar nəticəsində bir çox sahibkarlar fəaliyyətini dayandırmaq həddinə gəlib çatıb. Görünür R.Həsənovun "vuran əlinin olması" hansısa çevrələrin maraqlarına uyğundur və buna görə də onun əlavə səlahiyyətlər əldə etməsinə yardımçı olublar. Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə azad sahibkarlıq mühitinin formalaşdırılması yönündə olduqca mühüm açıqlamalar verdi. Prezident açıq şəkildə ifadə etdi ki, sahibkarlara qarşı əsassız təzyiqlər var, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar. Bu kimi halların yolverilməzliyini bir daha vurğulayan dövlət başçısı hər şeydən xəbərdar olduğunu və neqativ hallara son qoyulmasının vacibliyini diqqətə çatdırıb: "Bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu dözülməz haldır". 9 ayda 67 minə yaxın iş yerinin yaradıldığını, amma eyni zamanda 30 min iş yerinin bağlandığını diqqətə çatdıran prezident bunun təhlilinin aparılmalı olduğunu söyləyib: "İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim, heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu bizim siyasətəmizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər". Daha sonra isə ölkəmizdə lisenziyaların sayının həddindən çox olduğunu deyən dövlət başçısı bunun əslində pul tələsi olduğunu da açıq şəkildə bəyan edib: "Mənə verilən məlumata görə, getdikcə lisenziyaların sayı artır. Əksinə azalmalıdır. Amma bizdə artır. Nəyə görə?! Çünki qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da pul mənbəyidir, qanunsuz varlanmaq mənbəyidir. Nəyə lazımdır bu?! Buna çox ciddi baxmaq lazımdır. Hökumət təkliflər versin, hansı lisenziyalar verilir, əsaslıdır, əsaslı deyil? Lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır". Doğrudan da liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmiş bir ölkə olaraq Azərbaycanda lüzumsuz yoxlamaların, gərəksiz lisenziyaların çoxluğu inkişafı tormozlayan amilə çevrilməkdədir. Prezidentin məlum çıxışından sonra isə bəzi nazirlik və dövlət komitələri hərəkətə keçərək, tövsiyələrdən irəli gələn tapşırıqların icrasına start verib. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyi bir neçə gün bundan öncə rəsmən bəyan etdi ki, yoxlamaları dayandırıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Bundan sonra lisenziya və sertifikatların verilməsinə məsul olan digər qurumların da analoji addımı atacağını gözləmək olardı. Məsələn, sahibkarlar eyni qərarı Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də gözləyir. Amma görünən odur ki, adıçəkilən komitə hələ də susqunluğunu qorumaqda və prezidentin göstərişlərinə laqeyd münasibət bəsləməkdə davam edir. Sahibkarlar mütəmadi olaraq adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə müraciətlər ediblər. Odur ki, Ramiz Həsənovun prezidentin tövsiyələrinə ilk qoşulanlardan biri olacağını gözləməkdən təbii heç nə ola bilməzdi. Amma görünən odur ki, ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına verdiyi ciddi tapşırıqlar Ramiz Həsənov tərəfindən icra edilmir. Bu isə Ramiz Həsənov üçün heç də xoş perspektiv vəd etmir. Ən azından ona görə ki, prezident həmin müşavirədə qətiyyətlə bəyan etdi ki, tapşırıqlara əməl etməyənləri ciddi cəzalar gözləyir. Müşahidələr isə onu düşünməyə əsas verir ki, cəzalananlar siyahısında ilk yerlərdən birini məhz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov tutacaq.