backend

AZAL rəhbərinin həyata keçirmək istədiyi əməliyyatlar bir-bir faş olur

AZAL rəhbərinin həyata keçirmək istədiyi əməliyyatlar bir-bir faş olur
Şəxsi biznesinin böyük hissəsini Londonda quran məmur Abbas Abbasovla əlaqələrinə niyə son qoymur?
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Cahangir Əsgərovun adı mətbuatın gündəmindən düşmək bilmir ki, bilmir. Xatırladaq ki, bir müddət əvvəl AZAL rəhbəri ölkə mediasının əsas simasına çevrilmişdi. Belə ki, ölkə başçısının hava nəqliyyatında qiymətlərin baha olmasını tənqid etməsi QSC rəhbərini "məşhur"laşdırdı. Ekspertlər, eləcə də ictimaiyyət nümayəndələri şirkətin aviabiletləri baha qiymətə satmasını kəskin tənqid etdilər. Hamı məlum xəbərdarlıqdan və tənqidlərdən sonra şirkətin biletlərin qiymətini aşağı salacağını gözləyirdi. Lakin aradan keçən vaxt onu göstərdi ki, AZAL-da müsbətə doğru heç bir dəyişiklik baş verməyib və Cahangir Əsgərov hələ də yuxarılar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Qeyd edək ki, bir müddət öncə AZAL-ın iri vergi ödəyicisi kimi büdcə qarşısındakı öhdəlikləri yerinə yetirməməsi məsələsi də ictimailəşmişdi. "Ən böyük vergi borcu olan dövlətin iri şirkətlərindən biridir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib. Deməli, təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Dəqiq rəqəm açıqlanmasa da, bundan əvvəlki illərdə də AZAL-ın büdcəyə 10 milyonlarla manat borcunun yarandığı məlumdur. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən "Azərbaycan Hava Yolları"na 860 milyon manat vəsait ayrılıb. Bundan əlavə, yanacaq və digər xərclər üçün isə büdcənin cari xərclərindən son bir neçə ildə hər il 10 milyon manata yaxın vəsait ayrılıb. Heç bir hesabatlılığın olmaması isə şirkətin daha geniş əl-qol açmasına, dövlət vəsaitini qeyri-şəffaf, istədiyi kimi xərcləməsinə imkan verir", deyə yayılan məlumatda vurğulanıb. Bundan başqa, Cahangir Əsgərovun 2007-ci ildə həyata keçirdiyi bir əməliyyatın da üstü faktlarla açılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2007-ci ildə ABŞ-ın təyyarə istehsalçısı olan "Boeing" AZAL-a 5 təyyarə - 3 "Boeing 787-8 Dreamliner" və 2 "Boeing 737-900 ER" satıb. Fevral ayında Bakıda alqı-satqı müqaviləsi imzalanıb və o zaman Azərbaycan tərəfi müqavilələrin qiymətinin cəmi 401 milyon dollar olduğunu bildirib. Bir qədər sonra "Boeing" saziş haqqında rəsmi məlumat yayaraq bildirib ki, təyyarələrin ümumi dəyəri 609 milyon dollardır. ABŞ kütləvi informasiya vasitələrində də bu məlumat yayıldı, nəticədə məlum oldu ki, AZAL bildirdiyi məbləğlə "Boeing"-in açıqladığı rəqəm arasında 208 milyon dollar fərq var. 208 milyon dolların hara xərcləndiyi isə hələ də araşdırılmayıb. Cahangir Əsgərovun adının hallandığı digər bir məsələ də var. Belə ki, bir müddət əvvəl Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı vasitəsilə milyardlarla pulun ölkədən çıxarılmasına cəhd olunması barədə məlumat yayıldı. "Yeni Müsavat" qəzetinin yazdığına görə, hava limanında yük daşımalarını (karqo xidməti) həyata keçirən "Silk Way" işçiləri 30 ton ağırlığında yükü təyyarəyə yükləyəndən sonra uçuşa icazə verilməyib: "Az sonra isə yükün təyyarədən boşaldılması əmri gəlib. Məlum olub ki, yük AZAL prezidenti Cahangir Əsgərovundur və onun əksər hissəsi külli miqdarda puldan ibarətdir. Yükün təyyarədən boşaldılması Cahangir Əsgərovun xoşuna gəlməyib. Amma o, verilmiş əmrə etiraz da edə bilməyib. Onun həyata keçirmək istədiyi əməliyyat faş olub". Maraqlıdır ki, AZAL şefi hər dəfə bu cür vəziyyətlərdən uğurla çıxmağı bacarıb. Halbuki, bu əməllərə görə ona ən ağır cəza verilməli idi. Məlumat üçün bildirmək istəyirik ki, bu şəxs 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur. Artıq 19 ildir aviaşirkətə rəhbərlik edən Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib. Aparılan araşdırmalar göstərir ki, 19 il ərzində böyük sərvət toplayan şirkət rəhbəri biznesinin əsas hissəsini İngiltərənin paytaxtı Londonda qurub. Onun bu ölkədəki biznesinə qızları Mila və Cəmilə Əsgərovaların nəzarət etdiyi bildirilir. Əldə etdiyimiz məlumatlara görə, AZAL rəhbərinin qızı Mila Əsgərova Azərbaycanda doğulub, daha sonra İstanbula köçüb. Hazırda isə Londonda yaşayır. O, hazırda Gazelli Art House-un (Gazelli İncəsənət Evi) təsisçisi və direktorudur. Deyilənə görə, atasının Londondakı geniş biznes şəbəkəsinə nəzarət ona və bacısına məxsusdur. Bu arada, Cahangir Əsgərovun Rusiyada "Milyarderlər ittifaqı"nın Ağsaqqallar Şurasının sədri olan baş nazirin keçmiş I müavini Abbas Abbasovla, habelə bu ittifaqın üzvü milyarder Telman İsmayılovla dostluq münasibətinin olması da çoxlarına məlumdur. Xatırladaq ki, AZAL rəhbəri vaxtilə "AST Telman"ın ad günündə ona üstü brilyant qaşlarla bəzədilmiş 500 min dollar dəyərində hədiyyə etməsi ilə yadda qalmışdı. Bizdə olan informasiyalara görə, vaxtının əsas hissəsini şəxsi biznesinə, adları çəkilən dostları ilə əyləncə məclislərinə sərf edən şirkət rəhbəri ölkə rəhbərliyinin ona tapşırdığı işləri həyata keçirməyə o qədər də həvəsli görünmür. Gələn saylarımızda Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında fəaliyyət göstərən restoranlardakı başgicəlləndirən qiymətlər, burdan əldə olunan gəlirin nəyə görə dövlət büdcəsinə keçirilməməsi, Cahangir Əsgərovun son həbslərdən nəyə görə narahat olması və dostu Telman İsmayılovu düşdüyü çətin vəziyyətdən çıxarmaq istəyi haqda məlumat verməyə çalışacağıq. Bizi izləyin. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.