backend

“MƏN NAZİR OLSAYDIM YARIÇILPAQLAR EFİRDƏ OLMAZDI”

“MƏN NAZİR OLSAYDIM YARIÇILPAQLAR EFİRDƏ OLMAZDI”











Rejissor Kənan M.M. mədəniyyət naziri olmaq istəyir. O, bu barədə sosial şəbəkədə status yazıb: “Mədəniyyət naziri olmaq istəyirəm. Özü də nəyi var”. Tanınmış rejissorun bu açıqlaması əməlli-başlı müzakirələrə səbəb olub. Kimisi Kənan M.M-in nazir olmaq istəyini ciddi, kimisi zarafat olaraq dəyərləndirir. Hər halda nazir olmaq iddiasına görə də rejissoru qınamağa dəyməz. Son vaxtlar sərt statusları ilə maraq yaradan Kənan M.M-in gileyləri də az deyil. Rejissor bir neçə gün əvvəl ölkədə rejissorların dilənçi günündə yaşadıqlarını da yazmışdı: “Bəlkə də bu yazıdan sonra mənim çəkdiyim işlər işıq üzü görməyəcək, amma demək lazımdır. Məni “Gecə qonağı”nda sürüdünüz, bir az da bundan yazın. Hisslərim, duyğularım paramparçadır.
Bir gecənin içində “Qayıdış” ilin ən yaxşı filmi seçildi. Heç bir tamaşaçı bilmir ki, bizdə aktrisalar 600 manat maaş alır. Rejissor çox şeydə borclu qalır. Bilmirsiniz ki, rejissor çəkiliş edəndə bazar alverçisi kimi alver edir, yer danışır, bir filmi çəkmək üçün dilənçiliyə başlayır. Bəli, bu sözü utanmadan böyük hərflərlə yazıram. Azərbaycan rejissorları dilənçi günündədir. Məni bu hala salanlar utansın. Çünki kinoteatrlar çəkilən filmin gəlirinin 60 faizini bizdən alır. Onlar Azərbaycan filminin qatilləridir.
Nə isə, gedim dilənməyə. Axı mənim tamaşaçılarım “Gecə qonağı 2” gözləyir. Hər şey sizlər üçün, sadəcə, dua edin. Bəzi insanlar yanlış yerdə yaşayırlar. Məni anlayanda mən buralarda olmayacağam. Ya o biri dünyada olacağam, ya da başqa ölkədə. Bu ölkədə ciddi filmləri izləyəcək tamaşaçı azdır. Onları qınamıram, o qədər düşük, bambılı filmlər izləyiblər ki, zövqləri elə formalaşıb”.
Kənanın nazir olmaq istəyi barədə statusu ilə bağlı bir də onun özü ilə danışmaq istədik. Rejissor “Şərq”ə müsahibəsində maraqlı fikirlər səsləndirdi. “Azərbaycan şou-biznesini kifayət qədər yaxından tanıyan Kənan M.M həqiqətən nazir olsaydı nələri dəyişərdi” sualına rejissor belə cavab verdi: “Nazir olsaydım, ilk növbədə təmizləmə işi aparardım. Şou-biznesi alaq otlarından, savadsızlardan təmizləyərdim. Azərbaycan efirlərində, kinoteatrlarda bədii şura yaradardım. Bu, ən ilk atacağım addım olardı. Savadsızları efirə buraxmazdım, efirdə danışığını bilməyənlərə yer verməzdim. Nazir olsaydım, imkan verməzdim kanalları palatka toyuna çevirsinlər. Efirlə palatkanı bir etməzdim. Kinoteatrlarda Azərbaycan kinolarına daha çox yer verərdim. Kinoteatrlarda 40 faiz-60 faiz yox, heç olmasa, 50-50 edərdim ki, bu yazıq rejissor da pul qazansın. Kimsə mənim nazir olmaq istəyimi qeyri-ciddi saya bilər. Mən demirəm ki, sabah məni gətirib nazir qoyacaqlar. Amma mən həm də demirəm ki, prokuror olmaq istəyirəm. Bu mənim sahəm deyil. Amma mən mədəniyyət naziri olmaq istəyirəmsə, bu mənim öz sahəmə uyğundu. Çünki sənətin içində olan insanam. Bir də general olmaq istəməyən əsgər əsgər deyil. Məni gətirib nazir qoyası da deyillər. Bu bəllidi. Amma sadəcə əlimdə imkan olsa, mən bu mədəniyyət sahəsinə nəzarət edən şəxs olsam, mədəniyyət sahəsində çox şərtlər dəyişərdi. Azərbaycan müğənnilərinin geyimindən tutmuş hərəkətlərinə qədər qadağalara yer verilərdi. Yarıçılpaqlar efirdə olmazdı. Qaldı deyirsiz ki, mənim rejissor kimi, bu sahədə olan insan kimi arzularım olub. Mən artıq dəqiq bilirəm ki, o arzular mənimlə bir yerdə qəbrə gedəcək. Yadınızda saxlayın, filmi çəkdirən tamaşaçıdır. Tamaşaçı nəyi istəyirsə, bədbəxt rejissor onu çəkir. Tamaşaçı drama istəyirsə, rejissor da onu çəkməlidi. Son vaxtlar isə Azərbaycan tamaşaçısı nə istəyir? Gülmək istəyir. Mən artıq bu barədə çox danışmışam ki, gülməli, satirik kinolarla Azərbaycan filmlərini dünya bazarına çıxara bilməzlər. O, bizə məxsus film sayılır. Amma dram filmində bunu etmək olar. “Qayıdış” efirə gedəndən sonra Azərbaycanın yarısı mənə yazdı ki, biz heç belə film gözləmirdik. Niyə gözləmirdiz? Gözləyin də. Yetər də. Nə vaxt gözləyərsiz? Drama çəkənin buynuzu olur? Ya gərək mütləq Özcan Dənizi gətirib çəkim ki, maraq olsun?”
Azərbaycan tamaşaçısı türk filmlərinə baxmaq üçün kinoteatrlara gedir, amma yerli filmləri izləmir. Bunun səbəbini açıqlayan Kənan M.M “Tamaşaçı xarici filmə pul verib baxır. Ay balam, mən “Qayıdış” kimi dram filmi çəkdim. Kinoteatrda bu filmə baxan olmadı. Amma hamı yazır ki, youtubda necə baxa bilərik? Əla filmdi. Əgər sən bu filmə baxmaq istəyirsənsə, niyə kinoteara getmirsən? Amma xarici film üçün pul verirsən. Məni yandıran budu ki, bizdə çəkilən filmi ancaq youtubda izləmək istəyirlər. İnsanlar evdən çıxanda ya ancaq xarici filmi izləmək niyyəti ilə çıxırlar, ya da söyüşlə olan yerli komediyalara maraq göstərirlər. Bir millətin tamaşaçısı nə gündədisə, filmi də o gündədi. Söhbət odu ki, mən gedib bir il Türkiyədə yaşasam, orda bir film çəksəm, bura qayıdanda avtomatik mənim qiymətim də, dəyərim də qalxacaq. Bizdə tez-tez deyirlər ki, heyif deyil, köhnə filmlər. Ay bala, mən demirəm ki, köhnə filmlər pisdi. Amma nə qədər köhnə filmlərin həvəsi ilə yaşayaq. Təzə də olmalıdır axı. Köhnə yeməyi yeyirsiz, yox. Köhnə geyimləri geyinirsiz? Bu da elədi də, təzə olmalıdı axı. Qaldı türk filmlərinə, 70-ci illərin türk filmlərinə də baxın, bizim filmlərin də keyfiyyətini müqayisə edn. Onlar bizdən çox zəif olub. İndi niyə biz onlardan geri qalmalıyıq ki? Axı bizim yaxşı aktyorlarımız, rejissorlarımız var. İmkan yaradın işləsinlər də. Nə qədər ki, kinoteatrlar rejissorla 60 faizlə işləyəcək, o qədər bizim kino sənəti məhv olacaq. Əziyyəti çəkən mən, yatmayan mən, çəkiliş meydançasında səhərə qədər oturan mən, niyə kinoteatr sahibi məndən 60 faiz çox qazanmalıdır? Niyə də? Sual verirəm. İndi mən film çəkmək üçün gedib kinoteatr da almalıyam ki, filmimi göstərə bilim? Bu, düşünülmüş şəkildə Azərbaycan kinosunu məhv etmək üçün qurulub. Sən mənimlə bir gün əziyyət çəkib, yuxusuz qalmamısansa, nəyə görə 60 faiz gəlir götürməlisən? Səbəb? Nədi ki, 3 dənə kitayski lampa yandırırsan? Neyləyim, gedim kinoteatr tikim indi? Bəs millət bu kinolarımıza harda baxsın? Xaricdən gələn kinoları havayı göstərirsiz, ancaq öz filmlərimiz üçün rejissorla şərik olursuz. Biz film də çəkirik, hələ üstəlik pul da veririk ki, sən Allah, filmi göstər. Ola bilər bu müsahibədən sonra mən rejissor olmadım, gedib çayxana işlətdim. Problem yoxdu. Ruzini verən Allahdı. Amma haqqı söyləməyən axmaqdı. Mən özümü axmaq hesab etmirəm. Şou-biznesdə özünü tanımayan var e, şəxsiyyətinə hörmət etmədiyim həmin insanlar qədər mənim hörmətim olsaydı, sənət aləmində indi əla rejissor sayılırdım. Şəxsiyyəti olmayan insanlar hörmətlidi. Kənan M.M deyirsiz kanal sahibi olsaydı, nə edərdi? Əslində mən yaradıcı insanam, kabinet adamı deyiləm. Amma o imkan məndə olsa, sənətə dəyər verərdim. Mən zamanında o qədər kanalların qabağında boynumu büküb durmuşam ki, işsiz qalmışam ki, bu gün potensialı olub, yaradıcılıqla məşğul olmağa imkanı olmayan. Yaradıcılığını içində boğan insanların acısını başa düşə bilirəm. Hindistan kinoteatrlarında Amerika filmlərini göstərmirlər. Onlar Hind filmlərini təbliğ edirlər. Bizdə isə kinoteatrlarda xarici filmlərin təbliği gedir. Onların aktyorlarının şəkilləri plakatlarda olur. Olmaz ki, o xarici aktyorların yerinə Fəxrəddin Manafovun, Rasim Balayevin, Anar Heybətovun, Pərvinin şəkilləri olsun. Mən Anar Heybətovu yüz xarici aktyora dəyişmərəm. Mən 15 il klip çəkdikdən sonra kino çəkməyi öyrəndim. Tələbəliyimi də nəzərə alsaq, 20 ildən sonra kino çəkməyi öyrəndim. Bu bilirsən nə deməkdi? Nə isə. Hərdən deyirlər inşallah yaxşı olar. Bu sözü eşidəndə, inanın, əsəbiləşirəm. Çünki sən də, mən də bilirik ki, heç nə yaxşı olmayacaq, dəyişən heç nə olan deyil. Tamaşaçıdan da çox şey asılıdı. Tamaşaçı zövqü dəyişməsə, belə də gedəcək. Deyirlər ki, ölünü başsız qoysan, kəfəni cırar. O məsələdi kinoda. Tamaşaçı da özü-özünə düzələn deyil. Rejissor tamaşaçını düzəldə bilər. Əgər rejissorun da şəraiti olsa. Azərbaycan efirlərində çəkilən filmlər var axı. Amma bir dəfə “Nizami” kinoteatrında təqdimat edilir, vəssalam. Bunu insanlar görmür. Təbliğat zəifdi. Efirlər buna imkan yaratmalıdı. Azərbaycan tamaşaçısı bu gün çəkilən “Dərvişin qeydləri”ndən, “Yarımçıq xatirələr”dən bixəbərdi. Bu bizimdi e. Bizim. Bizim özümüzündü. Başqalarının plakatlarının “Park bulvar”dan tutmuş “28 Moll”a qədər havayı şəkillərini vurublar.
Bizdən isə pul istəyirlər. Mən belə ölkədə necə kino çəkim? Kim üçün çəkim? Nəyə görə çəkim? Milyonçuyam mən? Kinoteatrlar Azərbaycan kinosunun qatilidilər. 100 manatdan 36 manat pul verir sənə. Yarısını da yox. Tamaşaçı bundan xəbərsizdi. O oturub səndən yaxşı kino tələb edir, çünki bu prosesdən bixəbərdi. Mən artıq bu sahədən yıprandım. Çünki mənim aktyorum bir aya 600 manat alırsa, mən ondan nəsə tələb edə bilmərəm. Bu aktrisa çəkiliş vaxtı işıq pulunun, bankdakı borcunun dərdini çəkirsə, ondan nə gözləyə bilərsən. Axı o da insandı. Bu sahədən gedirəm. “Gecə Qonağı-2”ni də çəkirəm, kino ilə vidalaşıram”.