backend

Riçarda Lapatis: “Satqınlar olmasaydı, ermənilər Azərbaycan torpaqlarını işğal edə bilməzdi”

Riçarda Lapatis: “Satqınlar olmasaydı, ermənilər Azərbaycan torpaqlarını işğal edə bilməzdi”













“Şuşada insanlar “geri çəkilmək” haqqında əmr gələndə ağlayırdılar”

“Əbülfəz Elçibəy kimi insanı unutmaq mümkün deyil”


Litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatisla müsahibə

- Sizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinizin başçlıca məqsədi nə idi?

- Bilirsiz, mən Dağlıq Qarabağ hadisələrini Azərbaycan tərəfindən izləyə bilən bir neçə jurnalistdən biriyəm. Mən müharibənin ən qızğın zamanında cəbhədə olmuşam. Cəbhə bölgəsində aylarla yaşamışam və ən təhlükəli, ermənilər tərəfindən snayperlərlə tuşlanmış bombardman edilən kəndlərdə qalmışam. Mən bu ilin iyul ayının sonlarında da baş verən hadisələrin şahidi oldum. Hər gün hər iki tərəfdən verilən qurbanlar, ölülər… Mənim məqsədim müharibənin törətdiyi qətllərin sübutlarını toplamaq, şəkillərini çəkməkdir.

- Əbülfəz Elçibəyin prezidentliyi dövründə Heydər Əliyevlə Naxçıvanda müsahibə almısız. Bizdə olan məlumata görə, bundan əvvəkl Əbülfəz Elçibəy tərəfindən görüşə çağırılmısız. O görüş haqda məlumat verə bilərsizmi?

- Hə, bir gün bir azərbaycanlı dostumla oturub çay içirdik. Birdən 3-4 nəfər adam kostyumda və qalstukda içəri daxil oldu. Lap kinodakı kimi idi. O zaman yuyunmağa yer yox idi. Üzüm tüklü, əynimdə kirli köynək vardı. Riçard Lapatis sənsən? - deyə sordular. “Gözləməyə vaxtımız yoxdur. Tələs. Bizimlə getməlisən prezident Əbülfəz Elçibəy səni görmək istəyir” dedilər. Nəfəsim kəsildi. Maşında məni həmin adamlar tənbeh etdi. Prezidentlə 15 dəqiqədən artıq danışmaq olmaz və yalnız tərcüməçi ilə danışmalı olduğumu bildirdilər. Mən prezidentin yanına getdikcə bircə onu düşünürdüm ki, kaş heç olmasa yuyuna bilərdim. Bu cür görüşdə adam kirli özünü pis hiss edir axı... Amma mən stol arxasına oturanda bilirdim niyə bura çağırılmışam və kimlərin əvəzinə danışmalıyam. Mənim üçün o zaman ümumilli dəyərlər önəmli idi. Ə.Elçibəy tərcüməçidən imtina etdi və biz mənə deyilən 15 dəqiqə əvəzinə düz 45 dəqiqə rus dilində danışdıq. Onunla danışıqdan sonra mən cəbhə xəttinə asanlıqla gedib gələ bilirdim. Heç bir çətinliyim yox idi. Amma Əbülfəz Elçibəyi daha sonra onun doğma kəndi Kələkidə gördüm. Bu təxminən Sürət Hüseynovun Bakıya girdiyi zamanlar idi.

- Əbülfəz Elçibəylə o cür bir vəziyyətdə görüşmək elə də asan deyildi. Ümumiyyətlə, Əbülfəz Elçibəyi bir prezident kimi necə xatırlayırsınız?

- Əbülfəz Elçibəy kimi insanı unutmaq mümkün deyil. O, Azərbaycanın çox pis zamanında hakimiyyətə gəldi. Mən onu ilk prezident hesab edirəm. Bəli, onunla görüşmək elə də asan deyildi. Çünki o söz vermişdi ki, Qarabağla bağlı məsələni həll etməmiş heç kəsə müsahibə verməyəcək. O, demokrat və çox intelligent insan idi. Ayaz Mütəllibovdan sonra Ə.Elçibəy Azərbaycanı tamamilə dağıdılmış vəziyyətdə təhvil almışdı. Amma buna baxmayaraq, o, tez bir zamanda müdafiə sistemini yarada bildi. Təsəvvür edin, gənclər ayaqlarında sport ayaqqabısı hərbi təlimləri səngərdə öyrənirdi. Azərbaycan həmin an tamamilə informasiya blokadasında idi. O zaman azərbaycanlı gənclər Xankəndində istənilən an erməniləri ram etməyə qadir idi. Onlar bir əmrlə bütün Ermənistanı susdura bilərdilər. Ermənilər Azərbaycandan sadəcə koridor istəməyə hazırlaşırdılar. Amma birdən azərbaycanlılar “geri çəkilmək” haqqında əmr aldılar. Geri çəkilmək haqqında əmr bütün cəbhə bölgələrinə verildi. O cümlədən Şuşaya. Mənim yadımdadır, Şuşa əhalisi və döyüşçülər onlara Bakıdan “geri çəkilmək” haqqında əmr gələndə ağlayırdılar. Siz bilirsiz Şuşa necə strateji yerdə yerləşir? Kim ki Şuşaya sahibdir, o Qarabağa sahibdir demək. Bu, çox kirli bir müharibə idi. İnanın mənə əgər o zaman bu müharibədə satqın dairələr olmasaydı, ermənilər heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Qarabağlılar Elçibəyə inanırdı. Elçibəy kiminlə müharibə etdiyini çox yaxşı bilirdi. Çünki Rusiya heç cür o insanı sındıra bilməmişdi. O, minlərlə azərbaycanlının həyatını təhlükəyə atmaq istəmədi. Ölkədə vətəndaş müharibəsi baş qaldırmaq ərəfəsində Ə.Elçibəy özünü layiqincə göstərdi. O, bir demokrat kimi kürsüsünü tərk etdi. Bir sıra insanlar onun qorxduğu üçün qaçdığını deyirlər. Amma bu belə deyil. Əbülfəz Elçibəy öz gedişi ilə qan axıdılmasına yol vermədi. Hesab edirəm ki, hələ bir çox tarixçilər, siyasətçilər bu siyasi addımı araşdırmalı və ondan örnək götürməlidirlər. Ona görə də, o cür bir vəziyyətdə, o cür insanla görüşmək mənim kimi sadə bir insana nəsib olub... O, verdiyi sözü hardasa mənə görə pozdu və mənə müsahibə verdi. Amma müsahibəsində öz opponentlərinin ünvanına bircə dəfə də olsa mənfi bir söz söyləmədi. O öz müsahibəsində sadəcə ölkədə mövcud vəziyyətin ağırlığını anlatmağa çalışdı. Daha sonra necə yazmaq, xarici dövlətləri nəzərə alaraq, dost və düşməni müəyyən etmək haqqında danışdı... Beləcə bütün situasiya mənə aydın oldu.

- Qarabağ müharibəsində və Xocalı soyqrımı zamanı çox dəhşətlər görmüsüz. Necə təsir edib sizə?

- Düzünü deyim, mənim üçün indi də çətindir. Mən Dağlıq Qarabağ müharibəsindən sonra birbaşa Rusiyanın Şimalına (Tayqaya) getdim. O cür dəhşətlərdən sonra bir müddət insanlardan uzaqlaşmağa ehtiyacım var idi. Orada Kito adlı icma ilə bir müddət yaşadım. Onlar cəmi 200-300 nəfərdən ibarətdir. Əsasən də ovçuluqla məşqul olurlar. Onlar indi də inanır ki, ulduzdan gəliblər və zamanı gəlincə yenidən ulduza geri dönəcəklər. Sonra bir az da insanlardan uzaqlaşdım. Lap Şimala üz tutdum. Orada ayılar, canavarlar və bir də mən vardım. Görünür, o qədər insan ölümünü və o dəhşəhləri mən ancaq bu cür unuda bilərdim...

- Sizin xatirinizdə Azərbaycan xalqı necə qaldı?

- Mən Azərbaycanda əsl insanlığı öyrəndim. 1991-ci il idi Bakıda idim. Axşam idi. Nə cibimdə pulum vardı, nə də qalmağa yerim. Bir məscidə getdim. Dedim gecəni orada qalıb səhər başıma bir çarə qılaram. Birdən bir cavan oğlan mənə onunla gedə biləcəyimi söylədi. Arxasınca getdim. O Şahin adlı bir rəssam idi. Onun emalatxanasında xeyli qaldım. Biz onunla çox yaxşı dost olduq. Sonra bildim ki, o oğlan həmən gün özünə qəsd edəcəkmiş, çünki onun qardaşı 20 yanvar hadisələrində ölmüşdü. Bu da özünü onu tək qoyduğu üçün günahkar hiss edirdi. Sonra bir gün acam cibimdə də bir qəpik pulum yox. Bir restorana girmişəm baxıram müxtəlif cür yeməklər var, amma mən heç birindən sifariş edə bilmirəm. Bir stəkan çay və bir dilim yavan çörək istədim. Gəlib stolun arxasına oturanda bir uzunsaç kişi bir podnosa müxtəlif cür xörəklərlə mənim qabağıma qoydu. “Bunlar nə üçündür” deyə soruşdum. Dedi: “Ac adama çörək vermək savabdır”. Sordum ki adınız nədir? Kimsiz siz? Dedi: “Allah bəndəsi. Ye. Əlindən gəldikcə camaata kömək et”. Bir dəfə də mən Tərtərdə olanda bir qoca kişi öz bağından mənim üçün üzüm gətirmək üçün 2 kilometr yolu qət edib. O mənə dedi ki, onun 5 yaşlı nəvəsi onları məhz mənim üçün göndərib. Bu danışdığım insanlar azərbaycanlılardır. Mehribanlıq, səmimiyyətlə qəlbləri dolu olan insanlar.

- Siz 20 ildir mütəmadi Azərbaycanda olursuz. Bu günki Azərbaycan çoxmu dəyişib?

- Bakı, Azərbaycanın paytaxtı, böyük, gözəl bir şəhərdir. Xəzər dənizi öz nefti və gözəl dənizyani bulvarı, bir çox naz-nemətləri ilə və xüsusən də mehriban insanları ilə göz oxşayır. Hər yerdə yenidənqurma işləri aparılır. Bakı, ümumiyyətlə Azərbaycan çox gözəl olub. İşıqlandırma çox gözəldir. Gecə gəzintisində insan gündüz gəzdiyini hiss edir. Çoxlu yeni avtomobillər var. Hər səhər dərsə tələsən çoxlu tələbələri, şagirdləri var. Hərdən insana elə gəlir ki, bu cür dövlətin heç bir problemi yoxdur. Mən 1994-cü ildə Azərbaycanı tərk etdim və yalnız 20 ildən sonra yenidən geri döndüm. 20 il ərzində mən mütəmadi olaraq, Cənubi Qafqaza gedirəm. Sizə bir nümunə çəkmək istəyirəm. Tərtər rayonu erməni silahlı qüvvələrindən cəmi bir neçə kilometr aralıdadır. 20 il əvvəl müharibə zamanı həmin rayon, demək olar ki, yerlə yeksan edilmişdi. İndi həmin rayon Stalinqradı xatırladır. İnanın mənə, oranın Həsənqaya, Qapanlı kimi kəndləri hər gecə ermənilər tərəfindən snayperlələ atəşə məruz qalır. Azərbaycan tərəfi məcburiyyət qarşısında onları cavab atəşi ilə susdurmalı olur. Mən oralarda tez-tez oluram. Əhali ilə danışıb onların necə yaşadıqları, nəyə ehtiyacları olduqları ilə maraqlanıram. Bu yaxınlarda onların su problemi olduğunu bilmişəm. Çünki su götürə bildikləri çaylar mütəmadi olaraq atəşə tutulur. Ona görə də, tez-tez yerli camaat erməni atəşi nəticəsində həyatlarını itirir. Erməni separatçıları yerli camaata belə atəş açırlar. Son dəfə hətta kiçik bir uşağı öldürmüşdülər.

- Bildiyimizə görə, sizin Dağlıq Qrabağda lentə aldıqlarınızdan ibarət bir sənədli film hazırlanıb. Onun haqqında danışardız...

- Mənim lentə aldığım görüntülər əsasında bir deyil bir neçə sənədli film çəkilib. Misal üçün bu yaxınlarda Nizami kinoteatrında möhtəşəm təqdimatla mənim çəkdiklərimin əsasında bir sənədli film nümayiş olundu. O film tibb bacısı Gültəkin Əsgərovanın faciəvi ölümü və 1993-cü il Qarabağ hadisələrindən bəhs edir. Mən həmin Gültəkin Əsgərovanın faciəvi ölümünün şahidi olanlardan biriyəm. Həmin gün mən özüm möcüzəvi sürətdə sağ qalmışam. Amma bu filmdən əvvəl mənim lentə aldığım görüntülər əsasında “Sonsuz dəhliz” adlı sənədli film də nümayiş olunub. Həmin filmin təqdimatında hətta Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edirdi. Hətta yadımdadır, mən çıxış etdikdən sonra sözü Azərbaycanın Litvadakı səfirinə verdim. Özüm isə yerimdə əyləşmək üçün zala keçmək istəyirdim. Mehriban xanım Əliyeva ön sıralarda oturmuşdu. Mənə yanında oturub onunla birgə filmi seyr etməyi təklif etdi. Çox sevindim. Sevindim, həm də qürurlandım ki, mən doğurdan da nə isə etmişəm. Edə bilmişəm və bu, birinci xanım tərəfindən yüksək qiymətləndirilib. Bu mənim üçün bir uğur idi... “Sonsuz Dəhliz” sənədli filminin hətta Londonda da təqdimatı keçirildi. Qeyd edim ki, həmin filmin son çəkilişlərini bir neçə il bundan qabaq yekunlaşdırmışıq. Həmin film 1992-ci il 26 fevral Xocalı kimi kiçik bir şəhərdə 600-dən çox dinc əhalinin qətlə yetirilməsindən bəhs edilir. Orada uşaqlar, qadınlar, qocalar vəhşicəsinə öldürülmüşdü. Mən sonra həmin görüntüləri Vilnusun merinə göstərdim. O bildirdi ki, bu artıq müharibə deyil, bu, bir soyqrımdır. Londonda keçirilən təqdimatda Britaniyalı kinoteatr qrupları, bədi film akademiyası, dünyaca məşhur olan Hollivud prodüsserləri, səlahiyyətli rəhbərlər və tanınmış aktyorlar iştirak edirdi. Sənədli filmdə baş rolu mən özüm oynamışam. Səsləndirmə isə Ceremi Ayronsa məxsus idi. Şotlandiya aktyoru Qlenn Tronnıy və Aktyor Heyli Etvell sənədli filmi ağzı açıq seyr edirdilər. Filmin son kadrında mən əli boş kadrı tərk edirəm. Təqdimatda bunu tamaşaçılar sükutla izlədilər. Sonra alqışlar yağdırmağa başladılar. Filmi rejisyor Endryu Sloman da olmaqla, bir çox tamaşaçı göz yaşı içərisində izləmişdi. Bu təqdimatda Leyla Əliyeva ilə bərabər dünyada kinoya 10 ən qiymət verə bilən qruplar iştirak edirdi. Hesab edirəm ki, mənim fəaliyyətim bununla bitmir və mən hələ bir çox qaynar nöqtələrində çəkilişlər edəcəyəm...

Ardı var

Ülkər MUSAZADƏ