backend

İLİN SON GÜNÜ... - Kürdəmir rayonu haqqında yazılanlara obyektiv baxış - Fotolar



Son vaxtlar Kürdəmir rayonu və onun icra başçısı Ceyhun Cəfərov haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Kürdəmir rayonunda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, faktiki olaraq rayonda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, şəhərdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Cəmi 150 km məsafə qət edib, Kürdəmirə təşrif buyurmaq kifayətdir.

Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, Kürdəmirə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, Kürdəmir rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Ceyhun Cəfərov bir-bir yerinə yetirməkdədir. Bunun üçün şəhər sakinləriylə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı şəkildə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Kürdəmirdir. Hazırda rayona rəhbərlik edən icra başçısı Ceyhun Cəfərov Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, hələ Kürdəmir icra başçısı təyin edilməsindən əvvəl başqa sahələrdə işləyərkən cənab Ceyhun Cəfərov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Kürdəmirə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Ceyhun Cəfərovun gərgin əməyi və zəhməti sayəsində Kürdəmir sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov bu rayona başçı təyin olunduğu vaxtdan burada əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Kürdəmirdə aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları icra başçısı Ceyhun Cəfərov tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. Son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etmək yerinə düşər. İndi kürdəmirlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon Təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Biz rayonda olarkən İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Köhünlü kənd inzibati ərazi dairəsinin Şüşün, Köhünlü, Sovla, Qaramahmudlu və Söyüdlər kəndlərinin sakinləri ilə səyyar qəbul görüşü keçirirdi. Köhünlü kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak edirdilər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov belə görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, ölkə Prezidentinin Sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialı üçün bina və digər sosial obyektlər tikilir.

Rayon rəhbəri qeyd etdi ki, bu layihələrin icrası nəticəsində yeni iş yerləri açılır, bu da rayon sakinlərinin məşğulluğunun artırılmasına xidmət edir. Ceyhun Cəfərov bildirdi ki, Cənab Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Kürdəmir rayonunda da uğurla icra olunur. Belə ki, Kürdəmir rayonunda Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə yanaşı, Pirili-Muradxan-Sor-Sor, Şilyan-Qarasu və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yolları yenidən qurulur. Ceyhun Cəfərov söylədi ki, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Bununla da Köhünlü kəndi ilə yanaşı rayonumuzun daha altı kəndinin yolu yenidən qurulur. Kənd sakinləri kəndarası yolların təmiri, sosial müdafiə, təhsil, elektrik enerjisi, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.


Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirdilər, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiridilər.

Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Bəli, bu kün Kürdəmir etibarlı əllərdədir. Beş-on il əvvəlki Kürdəmirdən əsər-əlamət qalmayıb. Müasir şəhərə cevrilmiş Kürdəmir ürəklərdə sözün həqiqi mənasında qürur hissi yaradır. Ancaq təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmir, xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Kürdəmir rayonunu, onun sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə bu yazıya son nöqtəni qoyuruq:

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.

Davamı var...


Qaynarxett.az