backend

"Xədicə İsmayılovanın həbsi ölkə başçısına qarşı təxribatdır"

"Xədicə İsmayılovanın həbsi ölkə başçısına qarşı təxribatdır"




















Rüfət Əliyev belə hesab edir

“Hər hansı bir jurnalisti qələmə aldığı yazılara görə həbs etmək pis hadisədir. Fəqət hər hansı bir jurnalisti rəhbərlik etdiyi idarədə öz işini yarıtmayan əməkdaşını işdən çıxartdığına görə tutmaq ondan da bir pisdir.”
Bunu Müsavat partiyasının sabiq fünksioneri Rüfət Əliyev Xədicə İsmayılovanın həbsinə münasibət bildirərkən deyib.
Rüfət Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, Xədicə İsmayılovanın həbs motivi olduqca mübahisəlidir: “Oxuduğum qədəriylə xanım jurnalisti rəhbəri olduğu redaksiyanın bir işçisini işdən çıxarmasına və sonradan həmin işçinin “sıçan dərmanı” içərək intihara cəhd etməsinə görə həbsə atıblar. Zənnimcə, Xədicə İsmayılovanın bu məsələdəki əməli intihara təşviq etmək hadisəsi kimi tövsif oluna bilməz. Çünki hər hansı əməldə insanın niyyəti əsas götürülür. Sözsüz ki, Xədicə xanım öz işçisini işdən azad edərkən onun yerinə daha qabiliyyətli adam gətirmək niyyətində olub. İşdən çıxarılan adam zəiflik göstərib intihar təşəbbüsündə bulunursa buna idarə rəhbəri nə etməlidir?”
Xanım jurnalistin bu əməlindəki niyyətin öz vəzifəsinin öhdəsindən gələ bilməyən işçiylə yolları ayırmaq olduğunu deyən Rüfət Əliyevə görə, bu niyyətdən dolayı idarə rəhbərini cəzalandırmaq heç bir ölçüyə sığmır: “Xədicə xanım bəlkə də öz yazdıqları ittihamıyla tutulsaydı, hadisə bu qədər absurd görünməzdi. Sanki beynəlxalq arenada ölkəmizin demokratik imicinin getdikcə pisləşdiyi bir zamanda kimlərsə insan hüquq və azadlıqlarına əhəmiyyət vermədiklərini qəsdən nümayiş etdirirlər”.
Hakimiyyətin nə üçün bu cür görünməyə can atdığını anlamayan Rüfət bəy növbəti söz qurbanı olaraq Xədicə İsmayılovanın seçilməsini də təsadüfi saymır: “Xədicə xanım Azərbaycanın dünyada tanınmış nadir jurnalistlərindən biridir. O, vaxtaşırı qalmaqallı yazılarıyla gündəmə gəlir.Təbii ki, belə bir qələm adamının həbsi bütün demokratrik dünya tərəfindən qınanacaq. Onun ədalətsiz həbsində əsas günahkar kimi yazılarında hədəf aldığı ünvanlardan şübhə ediləcək. Xədicə xanım isə əsasən hakimiyyətin ən üst mərtəbəsində oturan şəxsi hədəf olaraq seçirdi”.
Bu məntiqdən hərəkət edən Rüfət Əliyevin fikrincə, jurnalistin absurd ittihamlarla həbsə atılması ölkə rəhbərinə qarşı təxribatdır: “Son zamanlar hakimiyyətin məlum qanadı mürtəce çıxışlarıyla gündəmə gəlmişdi. Görünür, başladılan bu prosesin özbaşına olmadığını, ən yüksək siyasi iradə tərəfindən sifariş edildiyini sübuta yetirmək üçün bu cür absurd həbs hadisəsi reallaşdırıldı. Məqsəd gərginləşən münasibətlərdə ölkə başçısını önə çıxarmaq və onun arxasında gizlənməkdir. Hesab edirəm ki, ölkənin ən yüksək siyasi iradəsi hadisəyə müdaxilə etməli, dövlətimizin getdikcə pisləşən beynəlxalq imicini bərpa etməyə çalışmalıdır”.