backend

Elşad Miri: Yeni ilin qeyd edilməsi İslama uyğun deyil

Elşad Miri: Yeni ilin qeyd edilməsi İslama uyğun deyil






















“Qara saqqalı olanlara vəhhabi deyirlər, ağ saqqalı olanlara isə Santa Klaus”

Dünən xəbər verdiyimiz kimi, Rusiyanın Pervouralsk şəhərində Yeni ili və digər dövlət bayramlarını qeyd etməməyə çağıran müsəlman qadın məhkəmə qarşısına çıxarılıb.

qaynarxett.az xəbər verir ki, 23 yaşlı müsəlman qadın Elvira Sultanəhmədovanın bəyan etdiyinə görə, Yeni il bütpərəst bayramıdır, müsəlmanlar onu qeyd etməməlidirlər.

“Uşaq bağçasından başlayaraq, uşaqlara Allah deyil, Santa Klausa, Şaxta babaya və s. inanmağı öyrədirlər. Bu, uşaqlara deyilən ən böyük yalan və onlarda çoxallahlılığın tərbiyə edilməsindən başqa bir şey deyil”, - deyə, E.Sultanəhmədova iddia edirmiş.

Məsələ ilə bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, Yeni il bayramının qeyd edilməsi nə dini, nə də mental dəyərlərimizə uyğundur.

Onun sözlərinə görə, İslam dinində heç bir zaman Yeni il bayramını keçirmək ənənəsi olmayıb.

“Müsəlmanların Hicri təqvimində axırıncı ay olan zilhiccə ayından sonra məhərrəm ayı gəlir və 31 dekabrın 1 yanvara keçməsi heç nəyi dəyişmir. Yeni il bayramı kapitalizmin ortaya atdığı və insanların qazancının əlindən alınması üçün atılan bir addımdır”.

İlahiyyatçı bildirib ki, müsəlman bayramlarında bir-birinə əl uzatmaq, kömək etmək var.

“Yeni ildə isə pul xərcləmə və israfçılıq daha çox var. İslamda iki dini bayram var: Qurban bayramı və Ramazan bayramı. Qurban bayramında insanlar qurban kəsib ehtiyacı olanlara paylayırlar. Ramazan bayramında isə insanlar bayramdan əvvəl fitrət sədəqəsini bölüşürlər. Bəs Yeni ildə insanlar nə edir? Gedirlər oyuncaq, partlayıcı alırlar, partladıb ekologiyaya ziyan vururlar.

Elşad Miri qeyd edib ki, bağçalarda və məktəblərdə övladlarımızı müsəlmən kimi böyütməliyik.

“Məktəblərdə və bağçalarda uşaqlara deyilir ki, “siyahı yaz, Şaxta Baba sənə hədiyyə verəcək”. Uşaq da yazır, amma hədiyyəni ata alır. Qoy desinlər ki, Santa Klaus yox, atan alıb və uşaq sevinsin ki, atası ona hədiyyə alıb. Niyə atanın əvəzinə bir mifik, mövcud olmayan saqqallı adam gətirib qoyursuz?! Başqa vaxt qara saqqalı olanlara vəhhabi, ağ saqqalı olanlara isə Santa Klaus deyirlər.

Qara saqqal saxlayanlara söz atırıq, amma ağ saqqal yapışdıranı bu cür təqdim edirik. Bunun istər dini, istərsə də mental dəyərlərimizlə heç bir əsası yoxdur və bu cür yanaşmamız düzgün deyil. Məktəblərdə və bağçalarda daha çox mental dəyərlərimizə uyğun olan dini dəyərlərimiz ifadə olunmalıdır”.