backend

Təhsil Nazirliyi pedaqoji kadrların dosyesinə xüsusi maraq göstərir

Təhsil Nazirliyi pedaqoji kadrların dosyesinə xüsusi maraq göstərir



























Bəzi ali məktəb və kollec rəhbərləri ilə yanaşı Mingəçevir turizm kollecinin direktoru Əyyub Əyyubovun da elmi bioqrafiyası araşdırılacaq

Təhsil Nazirliyinin tərkibində yaradılımış daxili nəzarət şöbəsi vətəndaşların müraciətləri əsasında bəzi təhsil müəssisələrində araşdırma apardıqdan sonra aşkarlanmış əlavə faktlar əsasında müvafiq qərar qəbul edib. Bir neçə məsul şəxs artıq tutduğu vəzifədən kənarlaşdırılıb. Rəsmi məlumatında qeyd edildiyi kimi, əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması olan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edilməsinə çalışacaq. Əldə etdiyimiz məlumata görə, Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən daxili nəzarət şöbəsinin qarşısına çox ciddi vəzifələr qoyulub. Maraqlıdır ki, həmin vəzifələrin sırasında indiyədək çoxlarının gözləmədiyi geniş spektrli şok addımlar da yer alır. Söhbət təhsildə bərabər imkanların təmin olunması ilə yanaşı bəzi ali məktəb rektorlarının və kollec direktorlarının dosyesi ilə bağlı aparılacaq ciddi araşdırmalardan gedir. Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinə müvafiq tapşırıqlar verilib. Bildirilir ki, ali məktəb və kollec rəhbərlərinin barəsində yazılı və elektron mediada əksini tapan materiallar toplanaraq sistemli şəkildə daxili nəzarət şöbəsində təhlil ediləcək və müvafiq qərarlar veriləcək. Bu addım atılacağı halda peşə, ali və orta ixtisas təhsili sferasında çalışan çoxsaylı kadrların şübhəli dosyelərinə aydınlıq gətiriləcəyi qaçılmazdır. Bildiyimiz kimi, bu gün ölkə təhsilinin demək olar ki, bütün pillələrində rəhbər kadrların səviyyəsi, elmi dərəcələri və elmi yaradıcılığı ilə bağlı problemlərə, qalmaqallı saxtakarlıqlara, plagiata rast gəlmək mümkündür. Bütün bunların qarşısına sədd çəkməyin vaxtının yetişdiyini dərk edən Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin xətti ilə tezliklə mühüm addımlar atacağı qaçılmazdır. Nazirlikdəki mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata görə artıq bir neçə ali məktəb və kollec rəhbərinin dosyesinin yoxlanılmasına göstəriş verilib. Maraqlıdır ki, dosyesi araşdırılacaq vəzifəli şəxslərin arasında Mingəçevir turizm kollecinin direktoru Əyyub Əyyubovun da adı yer alır. Xatırladaq ki, direktorun elmi bioqrafiyasındakı ağ ləkələrlə bağlı qəzetimizin səhifələrində silsilə yazılar dərc edilib. Həmin yazılarda bioqrafiyasını çoxsaylı titullarla "zənginləşdirmiş" professor-akademikin konkret elmi nailiyyətləri ilə maraq göstərilmişdi. Kollec direktorunun elmi bioqrafiyasının bir mütəxəssis baxışına ehtiyacı olduğu üzə çıxmışdı. Bu baxımdan, düşünürük ki, Təhsil Nazirliyinin məsələyə maraq göstərməsi yerinə düşüb.

Mahir Sevdimalıyev