backend

Günümüzün ağrılı reallığı

Günümüzün ağrılı reallığı












Fəaliyyət Qurbanov

SSRİ-nin çökməsindən sonra keçmiş sovet məkanında olduğu kimi, müstəqil Azərbaycanda da yaranmış ideoloji boşluğu saysız-hesabsız ideologiyalar doldurmağa çalışdı. Lakin bu ideologiyaları uğursuzluq gözləyirdi. Başqa cür ola bilməzdi. Çünki geniş əhali tərəfindən başa düşülmədiyindən dəstək qazanmadı. Bizdə də azərbaycançılıq istisna olmaqla, heç bir ideologiya axıradək müvəffəqiyyət qazana bilməzdi. Düzdür, bu proseslər ərazi bütövlüyü uğrunda qeyri-bərabər savaşa baş vurmuş gənc respublika üçün əlavə sınaq rolu oynamış oldu. Hər halda sonda xalqın iradəsi öz sözünü dedi. Beyinlərə müxtəlif cazibə vasitələrinin köməyi ilə yeridilmiş yad ideologiyalara burda yer yoxdur. Bu gün Azərbaycan dövləti öz xarici siyasətini dünyanın mövcuq geopolitik reallıqları ilə uzlaşdırmaq məcburiyyətindədir. İdeoloji məkanımız isə xalqın təbiətinə uyarsız ideoloji hücumların bir növ sınaq meydanını xatırladır.
Digər tərəfdən, imkanlı təbəqə demokratiyanın yaratdığı geniş imkanlarla manipulyasiya etməyə başlayıb. İstədiyi fərdi az qala kumir səviyyəsinə qaldıra bilir. Bazar psixologiyası cəmiyyəti öz əsirinə çevirib. Bakı küləyi kimi belədən-beləyə vıyıldayan söz davaları, söyüş və təhqirlər, əxlaqi düşkünlük, mənəvi-etik disharmoniya insanlarımızın psixoloji obrazında əksini tapmağa başlayıb. Volyuntarizm meyylləri öz-özünü tənzimləməli olan vətəndaş cəmiyyətinin əsl başağrısına çevrilib. Qərbdən yönlənən qlobal təfəkkür tərzi qrant proqramları adı ilə ictimai-siyasi sferaya, təhsil və mədəniyyətə nüfuz edərək ideoloji paritetlə yanaşı, informasiya paritetini də demək olar ki, tamamilə dağıdıb.
Dağıntılar arasında qalansa bizik, bizim mənəviyyatımızdır. Son zamanlar ölkə rəhbərliyi tərəfindən atılmış bir sıra zəruri addımlar müxtəlif təyinatlı psevdoideologiyalar üçün şapalaq effekti verib. Artıq milli mənafeyimizə xələl gətirə biləcək mənbəyi bilinməyən cürbəcür qrant proqramları ciddi təhlil edildikdən sonra müəyyən nəticələr çıxarılır. Təəssüf ki, belə bir mövqe gərəkli informasiya dəstəyinə demək olar ki, malik deyil. Baxmayaraq ki, ölkədə fəaliyyət göstərən mətbuat və media vasitələri yetərincədir. Telekanalların tam əksəriyyəti özlərini vacib və gərəkli mövqelərdən kənarlaşdırıb. Rəsmi toplantılarda bəzən ictimai qınaq obyektlərinin müəyyənləşdirilməsi prosedurunun yekun açıqlamalarını kommunist partiyası və komsomol yığıncaqlarından yaxşı xatırladığımız "yekdilliklə qərara alındı" kimi bəzəkli və göstəriş qoxulu ifadələr tamamlayır. Bu məsələdə tələb olunan tam şəffaflığın təmin edilməməsi çox zaman kiminsə kiminləsə haqq-hesab çəkməsinə zəmin yaradır. Belə faktları sadalamırıq, lakin vaxt gələcək ayrı-ayrı məmurlara güvənən saxta qınaqçılar ictimaiyyət qarşısında əməllərinə görə cavab verməli olacaqlar. Günümüzün ağrılı reallığına çevrilmiş bu mənzərə nə qədər davam edəcək, bilinmir. Ona görə də, imkan daxilində hər bir yaradıcı insan çalışmalıdır ki, ictimai əxlaqın mühüm atributlarından biri kimi, ictimai qınaq bütövlükdə cəmiyyətin ümumi mənzərəsinə adekvat olsun, kommersiya və məmur maraqlarına xidmət etdirilməsin.