backend

“Zərdabi belə deyərdi” - Akif Aşırlı: “Qəzet tək paytaxtın deyil, sanki Azərbaycan Bakıdan ibarətdir”

“Zərdabi belə deyərdi” - Akif Aşırlı: “Qəzet tək paytaxtın deyil, sanki Azərbaycan Bakıdan ibarətdir”

























qaynarxett.az xəbər verir ki, modern.az saytının çağdaş mətbuat, media problemlərindən bəhs edəcək yeni rubrikası “Zərdabi belə deyərdi” adlanır. Rubrikada əsasən bu günün jurnalistikasına və onun problemlərinə 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirən Həsən bəy Zərdabinin gözü ilə klassik baxış öz əksini tapacaq. Rubrikada Zərdabi ilə bu günümüz arasında körpü yaradacaq ilk şəxs jurnalistika tarixi üzrə araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır. Onun fikrincə, Azərbaycan mətbuatının əsasını qoyan böyük Həsən bəy Zərdabi bu problemləri qabardardı:

Problem 1 – “Hər bir qəzet ölkəsinin xalq qəzeti ola bilmir”

- “Əkinçi” sanki 140 il bundan əvvəl yox, elə indi çıxıb. Onun həm dili, üslubu, həm də məsələlərə, problemlərə yanaşması çox orijinal idi. Halbuki, “Əkinçi”yə qədər Azərbaycanda anadilli mətbuat orqanı yox idi. Milli jurnalistikamızın sistemi məhz “Əkinçi” qəzetindən formalaşdı. Həsən bəy Zərdabi 140 il bundan əvvəl deyirdi ki, “hər bir qəzet o vilayətin güzgüsü olmalıdır”. Qəzet hər bir ölkənin aynası olmalıdır. Ölkə də təkcə paytaxtdan ibarət deyil. Ölkə həm də əyalətlərdən, kəndlərdən, qəsəbələrdən, sadə insanlardan, onların yaşayış tərzindən ibarətdir. O baxımdan “Əkinçi” qəzetində Zərdabinin dediyi o fikirləri indiki qəzetlərin hamısına şamil etmək mümkün deyil. Hər bir qəzet ölkəsinin xalq qəzeti ola bilmir. Acınaqcalı haldır ki, mərkəzi mətbuat orqanlarımızın bir çoxu ancaq Bakı şəhəri üçün buraxılır. Sanki Azərbaycan Bakıdan ibarətdir. Halbuki, 140 il bundan əvvəlin “Əkinçi”sinə Dağıstandan tutmuş, Həştərxana qədər məktublar gəlirdi. Cənubi Azərbaycanda müəllifləri var idi. Ümumi türk-müsəlman ölkələrinin çoxunda “Əkinçi” oxunurdu. Şəkidə, Tiflisdə, Gəncədə və başqa yerlərdə abunəçiləri var idi. O, vilayətlərin güzgüsü olurdu. Amma bu gün bizim bir çox mərkəzi mətbuat orqanları çox təəssüf ki, yalnız Bakının siyasi-ictimai durumunun, mədəni vəziyyətinin göstəricisinə çevrilib. Bu göstərici əyalətlərə gedib çıxmır.

Problem -2 – “Bir məsciddə namaz qılır, o biri məscidi yandırır”

- Zərdabi həm də onu deyirdi ki, qəzetdə gərək müxtəlif məsələlərin, problemlərin açıq müzakirələri aparılsın. Necə ki, islam dini xurafatla fanatizmlə bağlı açıq diskussiyalar aparırdı. Bu diskussiyaların indiki mətbuat səhifələrimizdə olması da vacibdir. Məsələn, islamla çox böyük problemlər yaşanır. İslam adıyla bağlı müxtəlif təriqətlər, birləşmələr var və onlar islam dininin nüfuzuna zərbə vurur. Bir məsciddə namaz qılan radikal bir təriqət nümayəndəsi gedib o biri məscidi yandırır. Bunların ikisi də islam dininə etiqad etdiyini düşünürlər. Amma burada islamdan sui-istifadə var. Zərdabi də o zaman bunu deyirdi. “Əkinçi”də bu məsələlər müzakirə olunurdu.

Problem– 3 – “Müğənnilər ancaq necə toy tutmağı düşünürlər”

- Həsən bəy Zərdabinin ömrünün böyük hissəsi də xalq yaradıcılığı, el nəğmələrini toplamaq və qəzetdə yaymaqda keçib. Amma bu gün bizdə el, xalq nəğmələrini yada salan yoxdur. Televiziyalarımıza baxın. Ancaq müxtəlif janrda xarici musiqilər, pop və s. görürük. Xalq musiqisini yaşadan çox az sayda insanlarımız var. Yeni gələn müğənnilər də ancaq şou-biznesin qaydalarına uyub necə toy tutmaq haqda düşünürlər. Öz musiqilərimizi kənara qoyub xarici musiqi oxumağa meyl edirlər. Heç onu da düz-əməlli oxuya bilmirlər. Həsən bəy Zərdabi bunları, el yaradıcılığına bağlanmağı bizə deyirdi.

Problem- 4 – “Mətbuatdakı təhqir internet mediasına keçib”

- Zərdabi təhqirin, böhtanın da əleyhinə idi. Amma ən böyük təhqirə, böhtana onun özü məruz qalırdı. Həsən bəy Zərdabiyə müxtəlif bölgələrdən bəylər, mürtəce sinfin nümayəndələri, ruhanilər həcv yazıb göndərirdilər. O da deyirdi ki, bir daş qoyacağam və mənə ünvanlanan böhtanları, hədyanları o daşın üzərində zikr edəcəyəm ki, gələcək nəsillər mənim nə çəkdiyimi bilsinlər. Oxuyub görün ki, biz milli mətbuatı yaradanda nə bəlalar çəkimişik.

Əvvələr şər, böhtan insan şəxsiyyətini aşağılayan fikirlər zaman- zaman çap mətbuatında müşahidə edilib. Amma onun elementləri hazırda online mediasına keçib. İnternet jurnalistikasında insanın şəxsiyyətini alçaldan, heç bir fakta söykənməyən informasiyalar gedir. Bunlara 140 il bundan əvvəl yaşayan Həsən bəyin gözü ilə baxaq. 140 il elə-belə zaman deyil, çox böyük məsafədir. Amma bəzi məqamlar indi də qalıb. 140 il bundan əvvəl Həsən bəy Zərdabi tənqid və təhqirlərə məruz qalırdısa, indi Bəxtiyar Vahabzadə, Səməd Vurğun kimi adamlar bu aqibətlə üzləşirlər. Çox böyük qiymətə layiq olan şəxslərimiz çağdaş mediamızda təhqirə məruz qalır.

Problem - 5 - “Bu günün qəzeti normal oxucu kontingentini formalaşdıra bilməyib”

- 140 il əvvəldə olduğu kimi, indi də bəzi problemlər qalıb. “Əkinçi” oxucu qıtlığından və böyük etinasızlıqdan bağlandı. Cəmi 300-500 abunəçisi var idi. Çox zaman qəzetlər Bakıda pulsuz paylanılırdı. 140 illik zaman keçib, ancaq bu gün də görürük ki, qəzetlərin əksəriyyətinin oxucu problemi var. Qəzetlər normal oxucu auditoriyası formalaşdıra bilməyiblər. Burada həm qəzetlərin günahı var, həm də onlardan asılı olmayan problemlər mövcuddur.