backend

İlginc iddia

İlginc iddia

YAP-ın 77 saylı Astara seçki dairəsindən vahid namizədi Rəşad Mahmudovdur.





O, Azərbaycanda tanınmış ürək cərrahıdır.

Hazırda dairəni “lal deputat” Aslan Cəfərov təmsil edir.
R.Mahmudov 2005-ci ildən Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir.
Əldə etdiyimiz məlumata görə, onun adı bir neçə dəfə həkim məsuliyyətsizliyində hallanıb. Bir fakt - Mənsimov Miryusif Miri oğlu Rəşad Mahmudovun qeyri-peşəkarlığı və səriştəsizliyi nəticəsində həyatını itirib.
M.Mənsimovun yaxınları tərəfindən bir neçə il qabaq musavat.com-a yazılan ərizədə qeyd edilir ki, 54 yaşlı mərhumun ölümünün səbəblərinin araşdırılması üçün Milli Məclisə və respublikanın bütün aidiyyəti qurumlarına dəfələrlə ərizə göndərsələr də, ünvanlanan şikayətlər nəticəsiz olub.
Məktubdan aydın olur ki, 1956-cı il təvəllüdlü M.Mənsimov 2011-ci il yanvarın 15-də Bakının Xətai rayonunda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji şöbəsinə qeyri-sabit stenokardiya diaqnozu ilə yerləşdirilib.
Verilmiş bütün analizlərin cavabları məlum olduqdan sonra ürəkdə koronar şuntlama əməliyyatı məsləhət görülüb. Əməliyyat qabağı terapiya və əməliyyatın vaxtı təyin olunduqdan sonra, xəstə yanvarın 29-da evə buraxılıb. Xəstə ev şəraitində həkimin təyin etdiyi dərman preparatlarını qəbul edib və vəziyyəti tam stabilləşib.
R.Mahmudovun xəstə ilə etdiyi söhbətlərdən məlum olub ki, əməliyyat o qədər də təhlükəli deyil və cərrahın dediyinə görə, ölüm riski azdır.
Fevralın 19-u saat 7:30-da xəstə Miryusif Mənsimov əməliyyat otağına alınıb və yeddi saat davam edən əməliyyatdan sonra cərrah R.Mahmudov xəstəxananın həyətinə çıxaraq onu gözləyən xəstənin yaxınlarına əməliyyatın çox uğurlu keçdiyini bildirib.
Lakin gecə saat 00:20 radələrində xəstəxananın reanimasiya şöbəsindən zəng edərək qohumlara bildirilib ki, xəstənin vəziyyətində ağırlaşma yaranıb və xəstədə daxili qanaxma baş verib.
Nəticədə xəstə fevralın 20-də baş vermiş daxili qanaxmadan bir neçə dəqiqə sonra dünyasını dəyişib. Mərhumun yaxınları bildirirlər ki, onun ölümü həkim Rəşad Mahmudov tərəfindən gizlədilib.