backend

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun himayəsinə arxalanır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun himayəsinə arxalanır
















Onun nöqsanlı fəaliyyəti nəticəsində hazırda ölkənin qiymətli kağızlar bazarı çökmək üzrədir

Bu gün ölkədə elə məmurlar var ki, onlar müəyyən səbəblər üzündən mətbuatdan yan qaçmağa, mümkün qədər kütləvi informasiya vasitələri ilə ünsiyyət qurmamağa çalışırlar. Həmin şəxslərdən biri də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Cəbrayıl oğlu Aslanlıdır. Mətləbə keçməzdən öncə qeyd etmək istərdik ki, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirən komitə sədri elə həmin ildə Aqrar Sənaye Bankında mühasibat uçotu idarəsində əmək fəaliyyətinə başlayıb. 1994-cü ilin dekabr ayından Milli Bankın baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışan Rüfət Aslanlı 2000-ci ilin iyul ayından kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Milli Məclisin qərarı ilə Milli Bankının İdarə Heyətinin üzvü seçilib. 2006-cı ildə o, Milli Bankın baş direktoru, 2007-ci ilin fevral ayında isə adıçəkilən bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Beləliklə, 2008-ci ilin noyabr ayından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sədr vəzifəsində çalışan Rüfət Aslanlının Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla sıcaq münasibətlərə malik olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, məhz onun nöqsanlı fəaliyyəti nəticəsində hazırda ölkənin qiymətli kağızlar bazarı çökmək üzrədir: "Bildiyiniz kimi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin missiyası qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi, qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafının təmin edilməsidir. Lakin nədənsə son zamanlar adıçəkilən komitə üzərinə düşən işləri lazımi səviyyədə icra edə bilmir. Məhz elə buna görə də hazırda ölkənin qiymətli kağızlar bazarı özünün tənəzzül dövrünü yaşamaqdadır. Belə ki, bu ilin birinci rübündə dövlət və korporativ qiymətli kağızlar bazarının həcmi 706,7 milyon manat olub. Bu, 2014-cü ilin göstəricisinin 17,6 faizidir". Mənbənin dediklərindən belə qənaətə gəlmək olar ki, dövlət qiymətli kağızlar bazarı çöküb. Məsələn, ötən ilin birinci rübündə dövlət qiymətli kağızlar bazarının dövriyyəsi 3 milyard 436,5 milyon manat, bu ilin eyni dövründə 61 milyon manat olub. Bu ilin ilk 3 ayında Maliyyə Nazirliyinin istiqrazları və Mərkəzi Bankın notları yerləşdirilməyib. Korporativ istiqrazların təkrar bazarının iki dəfə artımı hesabına korporativ bazarda 14 faiz artım olub. Səhm bazarı 53 milyon manat, korporativ istiqrazlar 592,7 milyon manat olub. Səhm yerləşdirilməsi 79 faiz, korporativ istiqrazların yerləşdirilməsi 60 faiz azalıb. Fond bazarının passivliyi fonunda Beynəlxalq Fond Birjasında leqal Forex bazarı aktivləşib. Bütün bunlar onu təsdiqləyir ki, neftin dünya bazar qiymətinin düşməsindən ölkəmizdə təsir görən sahələrdən biri də qiymətli kağızlar bazarıdır. Belə ki, yuxarıda qeyd olunan məlumatlar bu bazarın hansı itkilərə məruz qaldığını açıq formada ortaya qoyub. Ümumiyyətlə, məlumatlı şəxs iddia edir ki, Rüfət Aslanlının nöqsanlı fəaliyyəti nəticəsində bu gün qiymətli kağızlar bazarı nəinki zəif işləyir, ümumiyyətlə bu bazarın varlığından danışmaq belə dəyməz: "Artıq hər kəsə bəllidir ki, bu il qiymətli kağızlar bazarında ciddi azalma müşahidə olunub. Yəni qeyd olunan ilin uyğun dövrləri üzrə azalmalar hələ o dövrün dinamik olmasının göstəricisi deyil. Bu dövriyyə əsasən iri dövlət qurumlarının istiqrazları və bondlarının dövriyyəsinin olmasına görədir. Bizdə bu bazarda özəl sektorun aktivliyi və bir bazar kimi dinamikliyi çox aşağı səviyyədədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlar bazarında alqı-satqı əməliyyatlarının azalması səbəbi bu bazara investorların maraqlarının itməsi və komitənin bu sahədə təsirli təşviq alətlərindən istifadə edilə bilməməsi ilə bağlıdır. Xülasə, bunlar onu təsdiq edir ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun himayəsinə arxalanan Rüfət Aslanlı ona həvalə olunan işi yetərincə icra edə bilmir…" Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.