backend

Heydər Əsədovun xəbərdarlığına məhəl qoymayan Elşən Məmmədov büdcə vəsaitlərini öz bildiyi kimi xərcləyir

Heydər Əsədovun xəbərdarlığına məhəl qoymayan Elşən Məmmədov büdcə vəsaitlərini öz bildiyi kimi xərcləyir
Əli Bayramovun vaxtında həyata keçirilən qaranlıq tender əməliyyatlarının üstü yavaş-yavaş açılır
Son zamanlar ölkəmizin kənd təsərrüfatı sektorunun inkişafı üçün bir sıra addımlar atılır. Geniş məzmunlu proqramlar qəbul edilir və bu proqramlar çərçivəsində də əsaslı dərəcədə irəliləyişlər əldə olunub. Əvvəlki illərə baxdıqda kənd təsərrüfatının çəkisi artıb. Hazırda 100% olmasa da, 90% kənd təsərrüfatı məhsulları ilə daxili tələbatımızı ödəyə bilirik. 2015-ci ilin birinci yarısının nəticələrinə görə kənd təsərrüfatında 7,3% artım qeydə alınıb. Bu sahənin inkişafını stimullaşdırmaq üçün aparılan tədbirlər isə davam etdirilir. Aqrar sahədəki nailiyyətlər özünü həm kənd təsərrüfatı məhsullarının istehsalının həcminin artırılmasında, həm də kənd təsərrüfatı məhsullarının emalı prosesindəki artımla göstərir. Qeyd edək ki, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə prezident sərəncamla "Aqrolizinq"i Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyinə verib. ASC-nin 61 rayonda təsərrüfat hesablı Aqroservis filialları fəaliyyət göstərir. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təchizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar və Xacmaz rayonlararası təchizat bazalarının böyük rolu var. Nəzərinizə çatdırmaq istəyirik ki, Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin olunmasından sonra ASC-nin sədri Əli Bayramov vəzifəsini itirdi. Onun yerinə isə keçmiş müavini Elşən Məmmədov gətirildi. Aparılan müşahidələr göstərir ki, adıçəkilən şəxs hələ ki, nazirin etimadını doğrultmağı bacarmır. Yayılan məlumatlara əsasən, "Aqrolizinq" bu şəxsin rəhbərliyi altında dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər ödəmək şərti ilə lizinqə verməkdə, həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını fermerlərə güzəştli şərtlərlə satmaqda üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilmir. Elə bunun nəticəsidir ki, ASC-nin fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırdı. Belə ki, Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edildi. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olundu. Görülən bu tədbirlərə rəğmən, "Aqrolizinq" sədrinin fəaliyyətindəki nöqsanlar azalmaq bilmir. Bir müddət əvvəl Hesablama Palatasının hesabatında "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı ciddi faktlar yer almışdı. Həmin sənəddə hesabat ilində dövlət büdcəsindən "Aqrolizinq" ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair audit keçirildiyi qeyd olunurdu. Bundan başqa 2011-12-ci illərdə 25 halda qeyri-rezidentlərlə bağlanan satınalma müqavilələrinin icrası zamanı onlara ödənilən quraşdırma xərcinə görə hesablanmalı vergilər hesablanmayıb, dövlət büdcəsinə ödənilməli vəsait qeyri-rezidentlərə artıq köçürülüb. Büdcə və Tərəfdaşlıq Fondunun vəsaitləri hesbına 4 hüquqi şəxsə ödənilən vəsaitə görə mal alınmadığı və ya iş yerinə yetirilmədiyi halda, müvafiq sənədləşmələr tərtib edilməklə debitor borcundan silinib. Azot gübrəsinin alınması barədə 2011-ci il 11 may tarixli satınalma müqaviləsi üzrə məbləğ icarəçiyə əvvəlcədən ödənilib, müqaviləyə dəyişiklik edilərək azot gübrəsinin çeşidi və qiyməti dəyişdirilərək nitroammafoska və ammofos gübrələrinin alınması razılaşdırılıb, nəzərdə tutulandan az azot və nitroammofoska gübrəsi, çox ammofos gübrəsi alındığı rəsmiləşdirilib. Qəribədir ki, ASC-də ciddi qanun pozuntuları aşkarlansa da, Elşən Məmmədov və qurumun rəhbərliyində yer alan digər şəxslər kreslolarını qorumağı bacarıblar. Ölkə rəhbərliyi isə ASC-yə öz qayğısını göstərməkdədir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında bir müddət əvvəl prezident sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılsın. Məqsəd Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunmasıdır. Mütəxəssislər isə hesab edir ki, "Aqrolizinq"in xidmət göstərdiyi bütün bölgələrdə xoşagəlməz hallar mövcud olduğu üçün həmin vəsaitin böyük hissəsi məqsədyönlü şəkildə xərclənməyəcək. Ekspertlər bu fikirləri Elşən Məmmədovun hələ ASC-də sədr müavini işləyərkən adının hallandırıldığı əyinti faktlarını nəzərə alıb deyirlər. Araşdırmalar nəticəsində aydın olur ki, ASC rəhbəri hələ Əli Bayramovun müavini işləyərkən qaranlıq tender əməliyyatlarının əsas fiqurlarından biri hesab edilib. Yayılan məlumatlara görə, Elşən Məmmədov cins damazlıq mal-qara üçün yemin satın alınmasını özünə yaxın olan "Tamerlan-91" MMC-yə, "Niva Effekt SK-5 ME-1" markalı taxılyığan kombaynların əsaslı təmir işlərinin satın alınmasını "Azərtəmirmaş" MMC-yə, məhsuldarlığı 10,0 ton/saat olan yem dəyirmanı avadanlıqlarının və quraşdırılması işlərinin satın alınmasını "Milton Keynes Group" LTD-yə, Qazax və Masallı rayon aqroservis filiallarının tikinti-quraşdırma işlərinin satın alınmasını isə "Xəzər Sənaye İnşaat" MMC-yə həvalə edib. ASC sədrinin başqa tender əməliyyatlarında da birbaşa iştirak etdiyi bildirilir. Növbəti saylarımızda "Caspi Tech", "Neo Com Sales", "Rimls" LTD, "Landbeal Limited" LLP, "Bioline Consulting", "Leader", "Wekkert Inc" şirkətlərinə yönəldilən milyonlar və cəmiyyət sədrinin bu işlərdən nə qədər xeyir götürməsi haqda ətraflı məlumat verməyə çalışacağıq. Yazıda qeyd olunan məsələlərlə bağlı ASC sədrinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.