backend

Neftçala Mərkəzi Rayon Xəstəxanasından şok faktlar

Neftçala Mərkəzi Rayon Xəstəxanasından şok faktlar
Neftçala Mərkəzi Rayon Xəstəxanasının, eləcə də bu tibb müəssisəsinin baş həkimi Telman Zahid oğlu Zahidovun adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb.
Məsələn, rayon sakinləri iddia edirlər ki, Neftçala Rayon Xəstəxanasında pasiyentlərə normal tibbi xidmət göstərilmir, çünki tibb ocağının personalının bilik və bacarıq səviyyəsi yetərli deyil. Beləliklə, hazırda Telman Zahidovun rəhbərlik etdiyi xəstəxanada ciddi nöqsanların, çatışmazlıqların olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Neftçala Mərkəzi Rayon Xəstəxanası dövlət büdcəsindən maliyyələşsə də, burada xəstələrə göstərilən "tibbi xidmət"lərə görə müəyyən edilmiş qiymətlər özəl klinikalarda olduğundan demək olar ki, bir o qədər də fərqlənmir: "Deyilənlərə görə, tibb müəssisəsində müxtəlif dərman preparatları, antibiotiklər, qanəvəzedicilər, hətta narkoz üçün dərmanlar belə, xəstə yaxınlarına təmənnasız verilmir. Bir sözlə, Telman Zahidovun rəhbərlik etdiyi Neftçala Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb. Rayon camaatı adıçəkilən tibb ocağında yaşanan neqativ hallarla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nədənsə müvafiq dövlət orqanları Telman Zahidov barəsində hər hansı bir tədbir görməkdən çəkinirlər". məlumatlı şəxs bildirir ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin bir qismi Telman Zahidovun əməllərindən təngə gəliblər: "Ancaq olan işlərini itirmək təhlükəsi ilə üz-üzə qala biləcəklərindən ehtiyat etdikləri üçün bu barədə düşüncələrini açıq şəkildə ifadə edə bilmir, narazı qaldıqları məqamlarla bağlı ancaq öz aralarında danışırlar. Ümumiyyətlə, deyilənlərə görə, xəstəxanada xəstələrə biganə münasibət və səhlənkarlıq izaholunmaz həddə çatıb. Neftçala Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinikanın durumu, orada yaşanan bunun bariz sübutudur. Belə ki, həmin poliklinikanın durumu görənləri heyrətə gətirir. Çünki rayon sakinlərinin şəfa tapmaq üçün üz tutduqları bu məkan əslində xəstəlik mənbəyidir. Poliklinikada antisanitariya hökm sürür. Buna görə də əhali tibbi müayinə və müalicəyə ehtiyac duyduqları vaxt belə, imkan daxilində poliklinikadan uzaq durmağa çalışırlar". Bu arada, əldə etdiyimiz bilgilərdə o da deyilir ki, Telman Zahidovun baş həkimi olduğu tibb ocağında ana və uşaq ölümü hallarına tez-tez rast gəlinir. Məsələn, ötən ilin yay aylarında Neftçala Rayon Mərkəzi Xəstəxanasında sağlam və normal şəkildə dünyaya gələn körpə doğulduqdan 40 dəqiqə sonra anidən dünyasını dəyişib. Belə ki, həmin vaxt məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edən Cənub Regional Televiziyasının xəbər və analitik informasiya departamentinin direktoru İsmayıl Cəfərli ötən ilin avqust ayının 8-də Telman Zahidovun rəhbərlik etdiyi tibb müəssisəsinin doğum şöbəsində qardaşının yeni doğulan körpəsinin həkimlərin səhlənkarlığı ucbatından müəmmalı şəkildə öldüyünü qeyd edib: "Növbədə olan İlhamə adlı həkim iş yerində olmadığı üçün onu şöbə müdiri əvəz etdi. Körpə öləndən sonra növbədə olan həkim gəlib çıxa bildi. Xəstəxanaya gəlməzdən əvvəl doğum şöbəsinin müdiri Sveta Cəfərova ilə telefon əlaqəsi saxlayıb onun şöbəyə gəlməsini tələb etmişdim. Xəstəxanada doğuşa hazırlığın necə aparılmasını şöbə müdirindən soruşduqda o, məni əmin etdi ki, hər şey yaxşı olacaq. Hətta uşaq həkimlərinin hər şeyi nəzarətə götürdüyünü deyən Sveta Cəfərovaya razılığımı bildirib, özümüzlə gətirdiyimiz son tibbi müayinə kağızlarını həkimə təqdim edib, xəstəxananın həyətində gözləməli olduq. Mütəmadi olaraq anam xəstəmizlə əlaqə saxlayırdı. Doğuş öncəsi xəstəyə vurulacaq iynələri həkimlər anam pəncərədən baxandan sonra vururdular. Anamın pəncərədən baxdığını görməsəydilər, heç onu da vurmayacaqdılar. Normal doğuş həyata keçdi. Uşaq dünyaya gələndə ağlamaq səsini də eşidib sevindik. Elə həmin dəqiqə şöbə müdiri tibb bacılarına səsləndi, uşaq həkiminə zəng edib çağırmağı tapşırdı". İsmayıl Cəfərlinin iddiasına görə, doğuşdan təxminən, 35-40 dəqiqə sonra həkim palataya daxil olub körpənin öldüyünü deyib: "Lakin ölüm səbəbi ilə bağlı bir kəlmə də söz deyilməyib. Anam nə baş verdiyini öyrənmək üçün doğum şöbəsinə daxil oldu. Sonra ağlaya-ağlaya geri qayıdıb körpəmizi həkimlərin öldürdüyünü dedi. Doğum şöbəsinin müdirini hadisənin hansı səbəbdən baş verdiyini soruşmaq üçün giriş qapısına çağırdım. Şöbə müdiri Sveta Cəfərova ailəmizin qarşısına çıxmaqdan boyun qaçırdı. Hadisənin hüquqi çərçivədə araşdırılmasını istəyirik. Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov prokurorluğa gələrək mənə dedi ki, şikayət etməyim. Sağlam dünyaya gələn qardaşım övladının öldürülməsini ailəmiz həzm edə bilmir. Bizimlə bərabər onlarla neftçalalı ailə bu bədbəxt hadisənin qurbanı olub". Məsələnin maraqlı tərəfi ondadır ki, baş vermiş hadisəyə görə nə Neftçala Rayon Mərkəzi Xəstəxanası, nə də onun baş həkimi Telman Zahidov barəsində müvafiq ölçü götürülüb. Bu isə onu deməyə əsas verir ki, adıçəkilən tibb müəssisəsinin rəhbərliyi kimlərsə tərəfindən ciddi şəkildə müdafiə olunur… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.