backend

Xaçmazın gənc başçısı da işə yaramadı... - Kəndlilər məmurların əlindən DAD DEYİR...

“45 il əvvəl özümüz kəndin yuxarı hissəsində - bizdən 1,5 kilometr aralıda su hövzəsi yaratmışıq, bulaqlardan ora su yığılırdı, o su da əkin sahələrimizə gəlirdi, heç vaxt su problemi yaşamırdıq. 4 il əvvələdək əkin, bağ sahələrimizi o hövzənin suyuyla təmin edirdik. 4 ildir ki, dörd nəfər çöküb o hövzəyə, hərəsi bir qurğu qoşub, suyu sümürürlər, kəndlilərin əkin yerlərinə su gəlib çatmır”.

DİA.AZ bildirir ki, bunu Xaçmazın Üryanoba kənd sakini Xalid Misirxanov deyir. Onun sözlərinə görə, əvvəllər bu kənddə suvarma suyu üçün məəttəl qalmayıblar. Ancaq kənardan gəlib burada hektarlarla əkin yerləri icarələyən bir neçə işbaz bütün kəndin əkin sahələrini susuz qoyub.

“Bilmirik kimdilər, kənardan gəliblər. Ümumilikdə 20 hektar yerləri var. Hər gün hərəsi 3 saat qurğu işlədir. Həmin qurğular saatda 90 ton su vurur. İndi özünüz hesablayın, hər qurğu gün ərzində 3 saat işləyəndə bu, hər qurğu üçün 270 ton su deməkdir. Bu 270 ton suyu da 4 qurğuya vuranda 1080 ton edir. Gün ərzində 1080 ton su bu dörd işbazın 20 hektarlıq əkin sahəsinə axır, nəticədə kəndlilərə məxsus ümumilikdə 60 hektar əkin sahələrinə su gəlib çatmır”, - şikayətçi deyir.

Xalid Misirxanov deyir, 2 il əvvəl kənddə artezian quyusu qazılıb. Ancaq kəndlilər o quyunun da xeyrini görə bilmirlər: “O quyunu da gətirib bizdən aşağıda - 2 kilometr aralıda - bir məmurun əkin sahəsinin yanında qazdılar, xeyrini elə o görür. O da həmin quyunu sümürür öz əkin sahəsinə. Deyirik, pulun, varın, dövlətin başından aşır, bu quyunu qazdırmaq qurğusuyla birlikdə qoy eləsin 30-40 min manat. Sənin imkanın, gücün azı on belə quyu qazdırmağa çatar. Gərək elə kasıb kəndliyə çatası quyunu özününküləşdirəydin? Beləcə, 2 il ərzində o quyunun da faydasını görməmişik, yalnız məmurun 6 hektarlıq əkin sahəsini təmin edir”.

Kənd sakininin deməsinə görə, susuzluq insanları kənddən uzaqlaşdırır: “Bizim əsas məşğuliyyətimiz bağçılıq, bostançılıq, əkin və heyvandarlıqdır. Ruzimiz də bu məşğuliyyətdən çıxır. Su olmayan yerdə əkindən, heyvandarlıqdan danışmağa dəymir. Ona görə də insanlar bezib rayon mərkəzinə köç edirlər. Burda ev-eşiklərinin qapısını qıfıllayıb, gedib mərkəzdə kirayə ev tutub, fəhləlik, taksi fəaliyyətləriylə məşğul olmağa üstünlük verirlər. Torpaq əkilmədikcə, suvarılmadıqca şoranlaşma gedir, gələcəkdə bu kənddə bir ot da bitməyəndə gec olacaq”.