backend

Qax Suvarma Sistemləri İdarəsinin YENİ MÜDİRİ sələfindən geri qalmır - DE-FAKTO

Qaynarxett.az-a daxil olan məlumata görə Qax Suvarma Sistemləri İdarəsinin müdiri Cəlal Əskərov bu idarəyə rəhbər təyin olunmasından qısa zaman kecməsinə baxmayaraq köhnə sələfi Soltan Camalovun yolunu davam etdirir. Onun yarıtmaz fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarə rəisi bir çox yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

O da qeyd olunur ki, İdarəyə ayrılan vəsaitlər idarə müdiri tərəfindən əvvəlki illərdə oldugu kimi müxtəlif yollarla mənimsənilir. İdarənin müxtəlif xidmətlərin və işlərin satınalmasına ayrılan vəsaitlərin təyinatından kənarlaşdırılması barədə bir müddət öncə geniş məlumat vermişdik. Kecmiş müdir Soltan Camalovun satınalmaları saxtalaşdırmağa rəvac verməsi barədə geniş yazı dərc etmişdik.İndi də yeni müdir "ənənəni" ugurla davam etdirir.

Belə ki, Qax rayon Suvarma Sistemləri İdarəsi tərəfindən maşın mexanizmlər üçün ehtiyyat hissələrinin alınması üzrə keçirilmiş tenderdə 137544.34 manat məbləğində satınalma müqaviləsi 31.05.2021-ci il tarixdə “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEQA TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.12.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV, ev 2 A, MƏHƏLLƏ 568, m. 46, qanuni təmsilçisi kimi isə Rzayev Səfər Məmməd oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hazırki günə olan məlumatlarında MMC-nin 61538.31 manat borcu olduğu göstərilir.  “Dövlət satınalamları haqqında” Qanunda isə vergi borcu olan şirkətin tenderdə iştirakını qadağan edir.

Görsənən odur ki, İdarənin təzə müdiri Cəlal Əskərov sələfinin "köhnə şakərindən" əl çəkmək istəmir. Ya da o, yeni təyin olunmuş sədr Zaur Mikayılovla dil tapıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az