backend

İran odla oynayır - FAKT BUDUR!

Dekabrın 6-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğını molla rejimi ciddi şəkildə manipulyasiya etməyə çalışır.

Hadisədən sonra rejimin trol şəbəkəsi akademiya binasında baş verən yanğınla bağlı dezinformasiyalar yayaraq İranın maraqlarına xidmət edən manipulyativ iddialar səsləndirirlər. Məsələn, iranlı jurnalist Rza Abbasi baş verən yanğınla bağlı “Tvitter” hesabında qeyd edib:

“Bakının tam mərkəzində sərhəd qoşunlarının binası “təsadüfən” yanıb. Şübhəsiz ki, Əliyev təsadüfi yanğınlara öyrəşəcək və biz bunun şahidi olacağıq. Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”.

Yanğını İran təşkil edib?

DSX Akademiyasında baş verən yanğının İranla yaxından-uzaqdan əlaqəsi yoxdur. Düzdür, İran bu tipli təxribatlar törədə, daxili sabitliyi pozmaq üçün addımlar ata bilər, lakin indiki məqamda bu imkanlardan məhrumdur.

Birinci, DTX-nin keçirdiyi son əməliyyat nəticəsində İranın ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinə ciddi ölçüdə zərər verilib. Xüsusilə molla rejiminin Bakıya əsas təzyiq vasitəsi sayılan “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasının üzvlərinin aşkarlanması rəsmi Tehran üçün ciddi zərbədir.

İkinci, İranda etiraz aksiyaları hazırda artan tempdə davam edir. Həftə ərzində aksiyalar Buşehr, Əlburz, İsfahan, Kirmanşah, Qum, Məşhəd, Sənəndəc, Tehran, Kərəc, Həştgerd, Rəşt, İlam, İzə, İsfahan, Şiraz, Bəndər Abbas, Əhvaz, Sənəndəc, Zahidan, Saqqız, Mərivan, Urmiya, Təbriz, Ənzəli, Ərdəbil və bir sıra şəhərlərdə davam edib.

Ötən həftələrə nəzərən aksiyalarda iştirak edən etirazçıların sayı gözlə görüləcək qədər artıb. Aksiyaların daha intensiv keçirildiyi əyalətlər Kürdüstan, Sistan-Bəlucistan, Kürdistan, Tehran, Xuzsitan, nisbətən də Şərqi və Qərbi Azərbaycan, Xorasan-Rəzəvi, Urmiya əyalətləri idisə, son həftələrdə Gilam, Mərkəzi, Fars, İsfahan, Gülüstan, Yəzd, Hörmüzqan, Əlburzda aktivlik daha da artıb. Yəni etiraz aksiyalarının günü- gündən gücləndiyi bir zamanda İranın ölkə xaricində nə isə etməsi inandırıcı deyil.

Molla rejiminin məqsədi

Özünü “siyasi ekspert” kimi təqdim edən Rza Abbasi İran hökumətinə bağlı jurnalistdir və daim qatı anti-Azərbaycan çıxışlar edir. Bu günə qədər o, bir neçə dəfə Azərbaycan əleyhinə bənzər paylaşımlar edib. Misal üçün, Abbasi bir müddət öncə öz “Tvitter” hesabında Naxçıvandakı Cümə məscidinin fotosunu paylaşaraq “Bura Naxçıvandır. Göründüyü kimi, ilk növbədə İranın “Qüds”ünü azad etməli olacağıq”,-yazmışdı.

Bu dəfə də Abbasi dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda baş verən yanğın hadisəsini qabardıb.
Aydın görünür ki, molla rejimi Abbasinin ağzı ilə Akademiyanın əsas korpusunda baş verən yanğının təsadüfən olmadığını, hətta bundan sonra da bənzər hadisələrin baş verə biləcəyini deyir.

Bu yanaşma absurd olduğu kimi bir o qədər də hiyləgərdir. Yəni belə çıxır ki, qarşıdakı günlərdə hansısa bir məktəbdə, mağazada, ya da yaşayış binasında yanğın baş versə, bunu İran törədəck?

Abbasi onu da iddia edir ki, “Bu, Bakı rejiminin seçdiyi taledir və mən Ərdoğana bir nəzər salmağı və özünə dərs almağı təklif edirəm”.

“Ərdoğana nəzər salmaq”,- deyəndə Abbasi bir çox şeyi nəzərdə tuta bilər. Söhbət bir müddət öncə Taksimdə baş verən teraktdan, ondan əvvəl İraqda Türkiyə konsulluğuna edilən hücumdan, ya da bir il öncə Türkiyədə baş verən meşə yanğınlarından da gedə bilər. Ümumiyyətlə, daha çox versiyanı sadalamaq olar, lakin bunların heç birini İran etməyib, edəcək imkanı da yoxdur.

Molla rejimi Rza Abbasi üzərindən özünü hər şeyə qadir dövlət kimi göstərməyə çalışır. Bununla da Türkiyəni və Azərbaycanı hədələyir. Reallıq isə ondan ibarətdir ki, rəsmi Tehran “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə təlimlərindən ciddi şəkildə narahat olub. Bu narahatlığını Rza Abbasi kimi şəxslər üzərindən süni ajiotaj yaradaraq göstərir.

Turan Rzayev
Politoloq