backend

Rusiyada Azərbaycana qarşı çağırışlar niyə artıb?

Son zamanlar rusiyalı ekspertlərin Azərbaycanı hədəf alan açıqlamalar verməsi artıb.

Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra rus mediasında ölkəmiz əleyhinə qarayaxma kampaniyaları aparılmasının şahidi oluruq. Son zamanlar isə bunlar ekspertlər tərəfindən səsləndirilir. Artıq Rusiyanın tanınmış ekspertləri Azərbaycanı təhdid edən sərt fikirlər səsləndirirlər.

Belə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov Azərbaycan ilə Rusiya arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib. O, bu skandal ifadələrinin ardından işdən çıxarılıb və Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Həmçinin, Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkov da Azərbaycanla bağlı hədsiz fikirlər səsləndirib. O, “Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” deyib.
Qeyd edək ki, son dövlərlə Rusiya və sülhməramlılara qarşı cəmiyyətimizdə yaranan narazılıqlar fonunda bu qərəzli və absurd açıqlamaların verilməsinin təsadüfi olmadığı görünür.

Unutmayaq ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi də davamlı olaraq rəsmi saytında “Dağlıq Qarabağ” ifadəsini işlədərək, ərazilərimizi erməni toponimləri ilə təqdim edirdi.

Görünür, Azərbaycanın güclənməsi və bölgədə söz sahibinə çevrilməsi Rusiyadakı bəzi dairələrin də narahatlığına səbəb olur. Amma reallıq budur ki, Moskvadan hansısa ekspertin səsləndirdiyi cəfəng iddiaların heç bir gerçəklik payı yoxdur. Bunu o mənasız ifadələri səsləndirənlər özləri də çox yaxşı başa düşürlər. Sadəcə olaraq erməni lobbisinin maddi dəstəyi və birbaşa sifarişi ilə verilən bu açıqlamaların elə Ermənistanın daxilinə hesablandığı da heç kimə sirr deyil.

DİA.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, son zamanlar rus ekspertlərin Azərbaycanı hədəf almasının səbəbi artıq ölkəmizin Rusiyanın siyasətinə adekvat mövqe sərgiləməsidir:

“Rusiya 200 illik imperiya maraqlarını bu gün Qarabağda sülhməramlı adı altında yerləşərək davam etdirir. Üçtərəfli Bəyanatın şərtlərinə görə, separatçıların çıxarılmasına paralel olaraq yerləşdirilməli olan sülhməramlılar nəinki erməni terrorçuları bölgədən təmizləmədi, daha da möhkəmlənməsinə və qanunsuz əməllər icra etməsinə şərait yaratdı və ya göz yumdu. Laçın dəhlizinin qeyri-qanuni malların daşınması üçün tranzit yoluna çevrilməsi, Sarıbabada 2021-ci ilin istehsalı olan minaların aşkarlanması, inşaat adı altında muzdluların daşınması, nəhayət, iranlı diversantların bu yoldan keçirilməs artıq son damla oldu.

Üstəlik bölgədə ekoloji mühitə fəsadların törədilməsi, Azərbaycana məxsus olan təbii ehtiyatların rus sülhməramlılarının nəzarətsizliyi sayəsində istismar olunması müvafiq istiqamətdə mülki insanların etirazına təkan verdi. Bu etirazlarda əsas ittiham olunan qüvvə məhz rus sülhməramlılarıdır. Bu səbəbdən də Rusiyada ölkəmizə qarşı qara piyar kampaniyasına start verilib. Rəsmi dairələrin fikirləri ekspertlər vasitəsilə gündəmə gətirilir. Əlbəttə ki, məqsəd mübarizənin dayandırılmasına və daxili auditoriyada xof yaradılmağa hesablanıb. Lakin qətiyyətli vətəndaşlarımız bundan öncəki mübarizələrdə olduğu kimi, bu etirazlarda da havanın şaxtalı olmasına, hər cür təhlükənin ehtimal olunmasına baxmayaraq, bir addım da olsa geri çəkilməyəcək”.